Məhkəmə qərarları › İş №2(103)-1822/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1822/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1822/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), X21 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)-6862/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh 07 iyul 2023-cü il tarixdə “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 23500 manat məbləğdə alqı-satqısı barədə razılığa gəlmişlər. Daha sonra 12 saylı notariat ofisində Cavabdeh İddiaçı həmin avtomobilə dair etibarnamə vermişdir.

2. İddiaçı 20 iyul 2023-cü il tarixində həmin avtomobili X6 etibarnamə ilə satmışdır. 25 iyul 2023-cü il tarixdə X2 Kamran Vaqif oğluna zəng edərək bildirmişdir ki, 24 iyul 2023cü il tarixdə avtomobilin mülkiyyətçisi tərəfindən verilən etibarnamə X4 adından etibarnamə üzrə nümayəndəsi Ramil tərəfindən ləğv edilmişdir. X11 maşını geri qaytarmış, ödədiyi pulun əvəzində cavabdehdən başqa avtomobil almışdır.

3. İddiaçı Cavabdeh etibarnamənin ləğv olunması barədə məlumat vermiş, lakin heç bir nəticə əldə edilməmişdir.

4. 04 avqust 2023-cü il tarixli Cavabdeh tərəfindən verilmiş qəbzə əsasən, Cavabdeh “Kia Sarento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 etibarnamə əsasında 22800 manata almışdır. 07 iyul 2023-cü il tarixdə həmin avtomobili 23500 manata İddiaçı etibarnamə əsasında satmışdır. 23500 manatı təhvil almış, “Kia Sarento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı təhvil vermişdir.

5. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 7E-4928 reyestr nömrəli, 19 aprel 2023-cü il tarixli X8 tərəfindən X12 verilmiş etibarnaməyə əsasən, “Kia Sarento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri X14 tərəfindən Cavabdeh etibar edilmişdir.

6. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilmiş 2173 reyestr nömrəli, 23 iyun 2023-cü il tarixli etibarnaməyə əsasən, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri Cavabdeh tərəfindən İddiaçı etibar edilmişdir.

7. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş 13976 reyestr nömrəli, 07 iyul 2023-cü il tarixli etibarnaməyə əsasən, “Kia Sarento” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri İddiaçı tərəfindən X6 etibar edilmişdir.

8. 25 iyul 2023-cü il tarixdə X8 tərəfindən Bakı şəhəri 26 saylı notariat ofisinə verilmiş ərizəyə sasən, Bakı şəhəri 26 saylı notariat ofisində X12 7E-4928 reyestr nömrəli etibarnamə vermişdir. Həmin etibarnamənin elektron notariat sistemindən ləğv edilməsini xahiş etmişdir.

9. X14 tərəfindən 01 avqust 2023-cü il tarixdə Nəsimi RPİ-nin rəisi, polis polkovniki cənab Mirnemət Mirbabayevə ünvanlanmış ərizəyə əsasən, X3 Respublikasından 2 ədəd “Kia Sarento” və 1 ədəd “Hyundai Sonata” markalı avtomobilləri gətirmək üçün X9 və qardaşı X4 adına keçirərək Azəbaycan Respublikasına gətirmişdir. Daha sonra avtomobillər müxtəlif şəxslərə satılmışdır. X14 2022-ci ilin yanvar ayı Ələkbərov Ramindən 16500 ABŞ dolları borc pul almış, 17000 ABŞ dollarından artıq pul faiz ödəmişdir. X26 faizi şişirdərək 60000 manat borcunun olduğunu deyir. Bu məsələni Ramin mübahisələndirərək onun adına gətirilən avtomobilləri, X10 adına verilən mülki etibarnaməni ləğv etmişdir.

10. X10 02 avqust 2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 2023cü ilin fevral ayında tanışı Vüqar adlı şəxs Koreya Respublikasından avtomobil gətirməkdən ötrü ondan xahiş etmişdir. O isə tanışı Ramin Ələkbərovdan xahiş etmişdir. Bundan sonra 1 ədəd avtomobil Ramin Ələkbərovun adına, 2 ədəd avtomobil isə Ramin Ələkbərovun qardaşı Rövşən Ələkbərovun adına gətirilməsi ilə bağlı razılaşdırıldı. Beləliklə, X25 3 avtomobilin pulunu ödədi. Avtomobillər gəldikdən sonra da onların satılmasını Vüqar ona tapşırdı. “Kia Sorento” markalı avtomobil 22800 manata Həsən adlı şəxsə, Həsən adlə şəxs isə Kamran adlı şəxsə 23500 manata satıldı. Daha sonra Ramin Ələkbərov və Rövşən Ələkbərov verdikləri etibarnaməni ləğv etdirdilər.

11. Cavabdeh 07 avqust 2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 23 iyun 2023-cü il tarixində Səbuhi Axundovdan “Kia Sorento” markalı avtomobili almış, 7 iyul 2023-cü il tarixdə həmin avtomobili Kamran adlı şəxsə 23500 manata satmışdır. Avtomobilin alqı-satqısı etibarnamə ilə həyata keçirilmişdir.Sonradan Cavabdeh məlum olmuşdur ki, Rövşən Ələkbərov adlı şəxs bütün etibarnamələri ləğv etdirmişdir.

12. İddiaçı 04 avqust 2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, 07 iyul 2023-cü il tarixdə “Kia Sorento” markalı avtomobili Cavabdeh 23500 manata almışdır. Avtomobilin alqı-satqısı etibarnamə əsasında həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobil X4 mülkiyyətindədir. X1 etibarnaməni ləğv etmişdir.

13. X4 10 avqust 2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, hər üç avtomobilin pulunu qardaşı Ramin ödədiyi üçün hər üç avtomobil ona məxsusdur. Sonradan öyrəndilər ki, Səbuhi Axundov həmin avtomoilləri etibardan suiistifadə edərək başqa səxslərə satmışdır. Bundan sonra onlar bütün etibarnamələri ləğv etdirmişdirlər.

14. X5 10 avqust 2023-cü il tarixində Nəsimi RPİ-nə verdiyi izahata əsasən, sözügedən avtomobillərin pulunun hamısını özü ödəmişdir. Sonradan öyrənmişdir ki, Səbuhi Axundov həmin avtomobilləri başqa şəxslərə bazar qiymətindən aşağı sataraq onlara etibarnamə vermişdir. Bundan sonra Səbuhi Axundovun onun əmlakını aldadaraq aldığını öyrəndiyi zaman özü və qardaşının verdiyi etibarnamələri ləğv etdirmişdir.

15. 12 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sənan Qurbanov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23500 manat məbləğdə pulun və ödənilmiş 161 manat məbləğdə dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisə predmeti olan avtomobili İddiaçı etibarnamə ilə satıb. Lakin sonradan avtomobilin mülkiyyətçisi Ələkbərov Rövşən tərəfindən etibarnamə ləğv edilmişdir. Bu barədə polisə də müraciət edilib. Hal-hazırda etibarnamə ləğv edildiyi üçün tərəfindən avtomobil geri qaytarılmışdır lakin, pul onlara geri qaytarılmamışdır. İddiaçı pulun geri qaytarılmasını istəyir.

18. Cavabdeh izahatında qeyd etmişdir ki, özü maşını etibarnamə ilə 22800 manata almış, 14 gün sonra isə maşını iddiaçıya 23500 manata satmışdır. O bu alqı-satqıda vasitəçi kimi çıxış etmişdir. Əslində, avtomobilin mülkiyyətçisi Ələkbərov Rövşəndir. O, avtomobili satan zaman etibarnamə qüvvədə idi. İş üzrə onun təqsiri yoxdur. Hal-hazırda o pulu qaytara bilməz, ancaq təqsirli şəxslərin cəlb edilməsinə kömək edə bilər.

19. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək “Kia Sarento” markalı, **-KR- *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 23500 manata satdığını qəbul etmişdir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)- 6862/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh 23500 manat pulu iddiaçıdan aldığını, lakin ondan asılı olmayan səbəblərdən öhdəliyini yerinə yetirə bilmədiyini etiraf etmiş, özünün də zərərə düşdüyünü qeyd etmişdir.

22. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının ona 23500 manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh etibarnamənin ləğv edilməsində birbaşa təqsiri olmasa da zərərin əvəzini iddiaçıya geri ödəməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 139.2, 366.1, 366.2, 366.3, 366.4, 385.1, 385.2, 386.1, 390.1, 390.2, 406.1, 425, 442, 443.1, 448.1, 449.1, 567, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlillərinə görə, iddianı qaldırmış İddiaçı avtomobili özündə saxladığı halda məhkəmədə ondan pul tələb edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə,

27. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

31. İddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

33. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı razılaşma olmuş, iddiaçı 23500 manat məbləğdə pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan avtomobillə bağlı verilmiş etibarnamə avtomobilin mülkiyyətçisi tərəfindən ləğv edilmişdir. İşin bu faktiki halı cavabdeh tərəfindən etiraf edilmişdir.

34. Birinci instansiya məhkəməsinin ortaya qoyduğu hüquqi mövqeyə əsasən, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Məhkəmə tətbiq edilən hüquq kimi isə Mülki Məcəllənin zərər, etibarnamə, öhdəliklər, öhdəliyin icra edilməməsi, müqavilə institutu, alqı-satqı, delikt münasibətlərini tənzimləyən maddələrinə istinad etmişdir.

35. Halbuki, hazırkı kazus üzrə cavabdehin avtomobilə dair verdiyi etibarnamənin mahiyyət baxımından yalan əqd olmaqla əhəmiyyətsiz olduğu çox aşkar bir haldır. Belə ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Hazırkı halda da başqa əqd – pərdələnən əqd tərəflərin əsl niyyəti olan avtomobilin alqı-satqısı barədə əqd olmuşdur.

36. Belə olan halda, nə qədər ki, əhəmiyyətsizlik halı təsbit edilmişdir, onda hər hansı bir müqavilə öhdəliyindən də söhbət gedə bilməz. Belə bir müqavilə əsası və qanuni əsas mövcud olmadığından mülki qanunvericiliyə əsasən əsassız varlanma halının mövcudluğu təsdiq olunur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

37. Belə bir hüquqi mövqe Mülki Məcəllənin Maddə 337.5-ci maddəsinin tələbindən də irəli gəlir. Həmin normaya əsasən tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Cavabdehin iddianı qaldırmış İddiaçı avtomobili özündə saxladığı halda ondan pul tələb etməsinin düzgün olmadığı barədə şikayət dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlil sübut olunmamaqla yanaşı iddianın rədd edilməsi üçün də əsas ola bilməz, bu halın pul vəsaitinin qaytarılmasına aidiyyatı yoxdur. Avtomobilin həqiqətən iddiaçının sahibliyində olduğu sübuta yetirildiyi təqdirdə belə, tələb irəli sürmək hüququ mülkiyyətçiyə məxsusdur.

39. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)- 6862/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)- 6862/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 23500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar