Məhkəmə qərarları › İş №2(103)-1823/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1823/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1823/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 29 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 991,24 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 299,50 ABŞ dolları faiz, 699,11 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 144,62 ABŞ dolları borc, ümumilikdə 2134,47 ABŞ dolları məbləğində kredit borcunun tutulması, və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 29 nömrəli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 29 % dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərdə hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinnə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə hər ay ödəniş etmək barəə öhdəlik götürməsinə baxmayaraq, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, o bu öhdəlikləri lazımınca icra etməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də, borcalanın xx xxxxxx 2020-ci il tarixinə xx xxxxx 2015-ci il tarixli, 29 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 991,24 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 299,50 ABŞ dolları faiz, 699,11 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 144,62 ABŞ dolları borc, ümumilikdə 2134,47 ABŞ dolları məbləğində kredit borcu vardır. Qeyd edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası” nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu xx xxxxxx 2019-cu il tarixində başa çatmışdır. Cavabdeh “xxxx” MMC vasitəsi restrukturizasiya bağlı təklifi ilə bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən qeyd olunan tarixə kimi yeni müqavilə imzalanması üçün banka müraciət edilmədiyindən bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, xx xxxxx 2015-ci il tarixli 29 saylı kredit müqaviləsi üzrə 991,24 ABŞ ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 16 manat hissəsinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün cavabdeh göndərilərək banka dəvət edilmişdir. Lakin borclunun banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Qətnamadə həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini bankın hazırki iddia tələbi üzrə iddia müddətini ötürdüyü arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh isə özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ASC-nin “Nəsimi” Filialı iləborcalanCavabdeh arasında imzalanmış xx xxxxx 2015-ci il tarixli № 29 saylı kredit müqaviləsindən görünür ki, bankəmmədov Səxavət Aslan oğluna illik 29% hesablanmaqla 24 ay müddətinə 1500 ABŞ dolları məbləğində kreditverməyi, borcalan isəbu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.4-cü bəndinə əsasən kreditin müddəti xx xxxxx 2017-ci il tarixində başa çatır. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1 % həcmində borcverənə dəbbə pulu ödəməlidir. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh xx xxxxx 2015-ci il tarixdə İddiaçı ASC-nin Nəsimi Filialından 1415 ABŞ dolları məbləğində vəsait götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli **********136 saylı bildirişin surətindən görünür ki, cavabdehə xx xxxxxx 2020-ci il tarixə 1984,99 ABŞ dolları borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “ İş materiallarında olan İddiaçı” ASC tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, **********571 saylı maliyyə arayışından görünür ki, İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanan xx xxxxx 2015-ci il tarixli, 29 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə müqavilə üzrə 991,24 ABŞ dolları əsas borc, 299,50 ABŞ dolları faiz borcu, 699,11 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 144,62 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2134,47 ABŞ dolları borc yaranmışdır. Kollegiya ilk növbədə onu qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin kreditorun təklifinə baxmayaraq borclunun təqsiri ucbatından bağlanıla bilməməsi, Borclunun dövlətin dəstəyindən istifadə etmək və ya Bankların qarşılaşdıqları maliyyə itkisini dövlətdən təmin etmək imkanından məhrum etmir, əksinə borclunu yalnız güzəştli şərtlərlə müqavilə bağlamaq imkanından məhrum edir. Yəni Borclunun fərmanın icrası müddəti ərzində öz təqsiri ucbatından(bilərəkdən və ya məsuliyyətsizlikdən) yeni güzəştli şərtlərlə müqavilə bağlamaqdan yayınması, ona mənafeyi üçün Fərmanın imkan yaratdığı şəraitdən istifadə edə bilməməklə vəziyyətinin pisləşməsi ilə nəticələnir. Belə ki, borclu fazilər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il müddətinə ödəmək imkanından(imtiyazından) imtina etmiş və ya məhrum olunmuş hesab olunur. Bu fakt isə banklara əsas borcdan əlavə faiz və cərimə borcunun da tələb edilməsi ixtiyarını vermir. İşin hallarından aydın olur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh kredit borcu restrukturizasiya edilməmiş. Bank tərəfindən ona kredit müqaviləsinin restrukturizasiya edilməsi üçün müraciət edilmiş lakin o banka gəlmədiyindən bu mümkün olmamışdır. Göründüyü kimi göstərilən Fərmanla üzərinə düşən vəzifəni yerinə yetirsə də, Cavabdeh kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədilə banka müraciət etməmiş və buna görə də kollegiya hesab edir ki, birinci instansiya mhəkəməsi cavabdehdən faiz və cərimə borcunu tutmamaqda haqlı olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019cu il tarixdə bitmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə də kollegiya iddia tələbinin cavabdehdən 991,24 ABŞ dolları məbləğində əsas bocun tutulması hissəsini əsaslı hesab edir. Kollegiya iddiaçı bankın faiz borcunun tutulması tələbini də əsaslı hesab edir; çünki tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə də bankın tələb etdiyi 299,50 ABŞ dolları faiz borcu cavabdehdən tutulmalıdır. Kollegiya iddia tələbinin “cavabdehdən 699,11 ABŞ dolları cərimə borcunun tutulması” hissəsini də qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh tutulmalı dəbbə pulunun məbləğinin 100 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bununla belə kollegiya, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni cavabdehdən “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 144,62 ABŞ dolları faiz məbləğinin tutulması” hissəsində iddia tələbinin təmin edilməməsini əsaslı hesab edir. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 29 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Bununla belə iddiaçı bank xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və bununla da kreditorun gecikdirilmiş borca görə illik 5 faiz məbləği tələb etməyə hüququ yaranmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumenti əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin müəyyən olunmuş hallarına əsasən xx xxxxx 2015-ci il tarixli № 29 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx xxxxx 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə iddia tələbi ilə bağlı xx xxx 2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. Lakin Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 2520/2020 saylı qərardadından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2015-ci il tarixli 29 saylı kredit müqaviləsi üzrə 991,24 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 299,50 ABŞ dolları faiz, 699,11 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 144,62 ABŞ dolları borc, ümumilikdə 2134,47 ABŞ dolları məbləğində kredit borcun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Lakin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası tərəflər arasında bağlanan xx xxxxx 2015-ci il tarixli 29 saylı kredit müqaviləsinin həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşdüyündən və iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə qaydaya əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Elekton Məhkəmə sistemindən müəyyən edilmişdir ki, 2(001)-2520/2020 saylı iş xx xxxx 2020-ci il tarixində məhkəmənin icraatında daxil olmuşdur. Göründüyü kimi xx xxxx 2020-ci ildə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddia müddətini ötürməmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən Fərmanın tətbiqi məqsədini nəzərə alaraq iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar həll edilməsi üçün iddia ərizəsini geri qaytarmışdır. İddiaçı isə cavabdehə yeni güzəştli şərtlərlə müqavilə bağlanılması barədə təklif göndərmiş, lakin cavabdeh tərəfindən təklifə münasibət bildirilməmiş, cavabdeh iddiaçı ilə yeni güzəştli şərtlərlə müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçının isə şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən faiz və cərimə borcunun tutulması” barədə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 299,50 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu tutulmalı, qətnamə cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdehdən faiz və cərimə borcunun tutulması” barədə iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunsun və həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 299,50 (iki yüz doxsan doqquz dollar 50 sent) ABŞ dolları faiz borcu və 100 (yüz) ABŞ dolları cərimə borcu ödənişin icra edilsiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə tutulsun. Qətnamə cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, cavabdehdən tutulacaq cəmi borcun məbləği 1390,74 (min üç yüz doxsan dollar 74 sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar