Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1826/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı mülk iş üzrə (Açar sözlər: borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4134/2022 saylı 14 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mülki işin materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “plastik kartın alınması, istifadə edilməsi və bank hesablarının açılması” barədə müqaviləyə əsasən bank tərəfindən Cavabdeh Classic/Standard növlü kart hesabı açılmışdır.
2. İddiaçı QSC tərəfindən borclu Cavabdeh ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, bank borclunu öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit borcunun ödənilməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəyi barədə xəbərdar etmişdir.
3. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə banka əsas borc üzrə 350,35 manat məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “plastik kartın alınması, istifadə edilməsi və bank hesabının açılması” müqaviləyə əsasən, Cavabdeh Classic/Standard növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2016ci il tarixində cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 350 (üç yüz əlli) manat 35 (otuz beş) qəpik təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli ərizəyə əsasən, Cavabdeh kart hesabının açılması və plastik kartın verilməsi üçün müqavilə imzalayıb və qeyd-şərtsiz olaraq müqavilənin şərtlərinə riayət etməyi öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 3.3.3-cü bəndinə əsasən, kart sahibi kartdan istifadə ilə bağlı yaranan borcu Banka qaytarmalıdır. Göstərilənlərə əsasən cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2016-cı il tarixli krеdit razılaşması üzrə 350,35 manat məbləğində krеdit bоrcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4134/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 350,35 (üç yüz əlli manat, otuz beş qəpik) manat əsas borcun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın müddəti ötürülməsi səbəbindən təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-ın tələbi ilə təqdim olunan məbləğ kredit borcu deyil, onun fiziki şəxs olaraq şəxsi vəsaitlərinin xaricdə xidmətlərə xərclənməsi nəticəsində (misal üçün, musiqi və digər multimediya platforma tətbiqlərə dair) Bank tərəfindən zamanında ƏDV hesablanmamış və sonradan, müddətin ötürülməsi ilə, yani, kartın müqavilə müddətinin bitməsindən sonra arxa tarixlə toplu və ƏDV-yə aidiyyəti olmayan məbləğlərə səhv şəkildə qeyri-qanuni hesablanaraq ondan tələb edilmişdir. Bununla bağlı, o, Azərbaycan Respublikasının Mərkəzi Bankına ayrı iş icraatı şəklində araşdırma üçün müraciət etmişdir. Digər tərəfdən, İddiaçı QSC hazırki iddianı qaldırmaqla Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötmüş və nəticədə mülki prosessual qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Bank tərəfindən Məhkəməyə işin materiallarında təqdim edilmiş və hazırki apelyasiya şikayətinə əlavə edilmiş, tərəflər arasında bağlanmış 17 fevral 2016-cı il tarixli Plastik kartının alınması, istifadə edilməsi və bank hesabının açılması haqqında Müqavilənin 15.1-ci maddəsinə əsasən Müqavilə eyni hüquqi qüvvəyə malik olan və tərəflərdə saxlanılan iki əsli nüsxədə imzalanmışdır və imzalandığı tarixdən qüvvəyə minir və 3 il müddətində qüvvədə olmuşdur. Beləliklə, Müqavilə müddəti 17 fevral 2019-cu il tarixində bitmişdir və iddia müddətinin axımı həmin tarixdən başlanaraq 3 il davam etmişdir. Əlavə dəlil olaraq, işin materiallarında olan Kartın Açılması üçün Sifarişə əsasən Kartın verilmə və bitmə tarixi sözügedən xx.xx.2016 – xx.xx.2019 tarixlərini əhatə edir. Hazırki tələb ilə iddia müddətinin axını 2019-cu ilin fevralından başlamaqla 2022-ci ilin fevral ayında bitmiş, və ona qarşı 15 avqust 2022-ci il tarixində Nəsimi rayon Məhkəməsinə İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməklə iddia müddəti 5 ay 15 gün ötürülmüşdür. Nəsimi rayon Məhkəməsi tərəfindən hazırki halı qətnamə qəbul edilərkən nəzərə alınmamış və bu səbəbdən də həmin qərar mülki qanunverciliyin tələblərinin pozulması səbəbindən ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. Maddə 424.5 əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
15. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 445 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
18. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 739 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4134/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “plastik kartın alınması, istifadə edilməsi və bank hesablarının açılması” barədə müqaviləyə əsasən bank tərəfindən Cavabdeh Classic/Standard növlü kart hesabı açılmış, 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Nəticədə texniki overdraft səbəbi ilə artıq məbləğdə aparılan əməliyyat 350,35 manat təşkil etmişdir.
30. Göründüyü kimi, iddiaçı bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş olsa da, Cavabdeh müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşında yaranmış olan borcunu vaxtında və lazımı qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
31. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan borcla bağlı qeyd edir ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə banka əsas borc üzrə 350,35 manat məbləğində borcu vardır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində borcun məbləğini mübahisələndirməmiş, yalnız müqavilə münasibətləri üzrə 3 illik müddətin keçməsi əsası ilə iddia tələbinin rədd olunmalı olduğunu tələb etmişdir.
32. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanıb-hesablanmadığını mübahisələndirməmişdir. Bu halda isə hazırki mülki iş üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.
33. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh 350,35 (üç yüz əlli manat, otuz beş qəpik) manat əsas borc, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə verilməlidir.
34. Kollegiya həmçinin apellyasiya şikayətinin müqavilə münasibətləri üzrə 3 illik müddətin keçməsi əsası ilə iddia tələbinin rədd olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda müddətin ötürülməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği, 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə apardığı əməliyyata görə yaranmış olan borc məbləğidir. Bu baxımdan hazırkı halda iddia müddətinin başlanılması 2019-cu ilin fevral ayından hesablana bilməz. Həmçinin qeyd edilməlidir ki, iddia müddətinin ötürülməsi apellyasiya şikayəti formasında deyil, ayrıca ərizə şəkilində verilməlidir ki, cavabdeh tərəfindən belə ərizə apellyasiya şikayətinə əlavə edilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4134/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.