Məhkəmə qərarları › İş №2(103)-1835/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1835/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1835/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 11.07.2014-cü il tarixdə bağlanmış “Kredit kartının verilməsi və istifadə edilməsi müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 74,52 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 194,31 manat, müqavilə müddəti bitdiyi tarixdən 12.06.2020-ci il tarixədək olan müddət üçün illik 5% hesabı ilə hesablanmış məbləğin ödənilməsi məqsədi ilə 11,97 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında 11.07.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh, 300 manat məbləğində pulu 36 ay müddətinə Bankdan borc almışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, aldığı borcu vaxtında Banka ödəyəcək, əks halda o, borc məbləğindən başqa Banka illik 54 % hesabı ilə cərimə (dəbbə) ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir. Bunun nəticəsində cavabdehin 74,52 manat məbləğində əsas kredit borcu yaranmış və Bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bunu nəzərə almış Bank, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehə 194,31 manat məbləğində cərimə hesablamışdır. Bundan başqa Bank bildirir ki, onunla cavabdeh arasında bağlanmış müqavilənin müddəti 11.07.2017-ci il tarixdə bitmişdir. Cavabdeh borcunu qaytarmadığı üçün Bank həmin məbləğdən istifadə edərək fayda əldə etmək imkanından məhrum olmuşdur. Odur ki, Bank, qeyd edilən maddi hüquq normasının tələbindən çıxış edərək cavabdehə, müqavilə müddəti bitdiyi tarixdən 12.06.2020-ci il tarixədək (iddia ərizəsinin hazırlanma tarixi) olan müddət üçün illik 5% hesabı ilə 11,97 manat məbləğində faiz hesablamışdır. Qeyd edilən borc məbləğlərinin ödənilməsi barədə Bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq göndərilsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 74,52 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fonda həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni cərimə və gecikdirilmiş günlər üçün 5 faiz ilə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin tələblərin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun deyil. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Bank isə qətnamənin yalnız dəbbə pulunun və “Kredit müqaviləsinin” müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbin təmin edilməməsi barədə hissəsini mübahisələndirir. Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında 11.07.2014-cü il tarixdə bağlanmış “Kredit kartının verilməsi və istifadə edilməsi müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən, cavabdeh, 300 manat məbləğində pulu 36 ay müddətinə Bankdan borc almışdır. Müqavilənin şərtinə görə, əgər cavabdeh iddiaçı Bankdan aldığı borcu vaxtında Banka ödəməsə, borc məbləğindən başqa Banka illik 54 % hesabı ilə cərimə (dəbbə) ödəyəcək. İşin hallarından görünür ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, cavabdehin Banka olan əsas kredit borcu 74,52 manat məbləğindədir. Cavabdehə hesablanmış cərimə borcu 194,31 manat məbləğindədir. Bank tərəfindən cavabdehə, müqavilə müddəti bitdiyi tarixdən 12.06.2020-ci il tarixədək (iddia ərizəsinin hazırlanma tarixi) olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə 11,97 manat məbləğində faiz hesablamışdır. Bankın cavabdehə ünvanlandığı məktubdan görünür ki, Bank, yuxarıda qeyd edilən borc məbləğlərinin ödənilməsini cavabdehdən tələb etmişdir. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı Bankın hesabladığı borcu ödəməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı Bank onunla cavabdeh arasında bağlanmış müqavilənin müddəti bitdiyi tarixdən 12.06.2020-ci il tarixədək olan müddət üçün hesablanmış 5 faiz ilə hesablanmış borcun ödənilməsini tələb etsə də, Bankın 27.12.2017ci il tarixdə ləğv edilməsi aşkardır. Belə olduğu halda “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətin bitdiyi tarixdən, yəni 11.07.2017-ci il tarixdən Bankın ləğv edildiyi 27.12.2017-ci il tarixədək olan müddətə görə faiz borcu tutula bilər. Həmin məbləğ isə təxmini 1 manat təşkil edir. Məhkəmə cavabdehdə saxlanılmış əsas borcun məbləğinin yüksək olmamasını və gecikdirilən vaxta görə faiz borcunun məbləğinin cüzi olmasını nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər bir dəlili isə borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən tətbiq edilmiş 194.31 manat cərimənin (dəbbənin) tutulması ilə bağlıdır. Yuxarıda artıq qeyd edildiyi kimi, göstərilənləri nəzərə almış Bank dəbbə pulu olaraq cavabdehdən onun xeyrinə həmin məbləğin tutulmasını xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə dəbbəni tutmamışdır, iddiaçı Bank isə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmamışdır. Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi 74,52 manat məbləğində əsas borcun gecikdirilməsinə görə 194,31 manat məbləğində cərimə borcunu tutmamaqda haqlı olmuşdur. Çünki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə iddia tələblərinə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 5-10% miqdarına müəyyən edirlər. Bunu və cavabdeh tərəfindən iddiaçı Banka əsas kredit borcu olaraq cəmi 74,52 manat məbləğində pulun ödənilməməsi nəzərə alındıqda müəyyən edilir ki, bu hal Bankın əsaslı mənafelərinin pozulması kimi qiymətləndirlə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi faktlar nöqteyinəzərindən və mahiyyətcə düzgündür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetini təşkil edən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Fonda tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar