Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1836/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı ”İddiaçı" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nin (Ləğv prosesindədir) Cavabdeh Zahı̇ d qızına qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4779/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53,73 manat (əlli üç manat yetmiş üç qəpik) əsas, 197,39 manat cərimə borcu, xx.xx.2020-ci il tarixinə kimi 10.67 manat gecikmiş vaxt üçün hesablanmış illik 5% faiz dərəcəsi olmaqla, cəmi 261,79 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC (ləğv prosesindədir) ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4779/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 53.73 manat (əlli üç manat yetmiş üç qəpik) əsas borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4779/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini faiz, cərimə və digər xərclərə münasibətdə iddiaçının tələbini sübut etmədiyi üçün həmin hissədə əsassız hesab etmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur və bununla bağlı cavabdeh tərəfindən əlavə sübutların təqdim edilməsinə ehtiyac yoxdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 2994/14 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 36 ay müddətinə, illik 27% olmaqla, 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə (ləğv prosesindədir) həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixə 53.73 manat əsas, 0 (sıfır) manat faiz borcu, 197.39 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi üzrə 10.67 manat borc olmaqla, cəmi 261,79 manat borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə (ləğv prosesindədir) tərəfindən xx.xx.2020-ci il tarixdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit məbləği hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda, Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iddiaçı apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin cərimə məbləğinin, həmçinin müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər gecikdirilmiş müddət üçün illik 5% məbləğin tutulması hissəsində qanunsuz və əsassız olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimə məbləğinin ödənilməsini tənzimləyən Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı iş üzrə əsas borcla bağlı iddia tələbinin predmetini cəmi 53,73 manat təşkil edir. İddiaçı həmin əsas borc məbləğinin ödənişinin gecikdirilməsinə görə cavabdehdən 197,39 manat cərimə tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə cərimə məbləğinin hesablanmasının dəqiq mexanizmi müəyyən edilməsə də, həmin məbləğin ödənilməsi özdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında borcludan kreditorun xeyrinə tutulmalı olan pul məbləği kimi müəyyən edilmişdir. Göründüyü kimi, cərimə borclu şəxsi öz əsas öhdəliyini icra etmək üçün intizamlandıran tədbir kimi çıxış edir. Belə olan halda, iddiaçının əsas borc məbləğindən təxminən üç dəfə artıq olan cərimə tələb etməsi qanunvericiliyin yuxarıda qeyd edilən məqsədləri baxımından işin həqiqi halları ilə uyğunsuzluq təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kredit borcu üzrə əsas məbləğin 53,73 manat təşkil etdiyi, faiz borcunun isə ümumiyyətlə mövcud olmadığı şəraitdə cərimə borcunun əsas borc məbləğinə mütənasib olaraq çox cüzi həddə müəyyən edilməsi, yaxud həmin məbləğin ümumiyyətlə hesablanmaması işin həqiqi halları ilə ziddiyyət təşkil etmir və kreditorun əmlak mənafelərini əhəmiyyətli dərəcədə pozmur. Bu zaman məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 467-ci maddəsindəki «məhkəmə dəbbə pulunu azalda bilər» müddəası həmin cərimə məbləğinin cüzi olması baxımından onun ümumiyyətlə hesablanmaması halını istisna etmir. Apellyasiya şikayətinin digər dəlili – gecikdirilmiş müddət üçün illik 5% məbləğin (10,67 manat) tutulması ilə bağlı məhkəmə kolleiyası qeyd edir ki, tərəflər arasında müqavilə 36 ay müddətinə bağlanmaqla, icrası müddəti xx xxxxxx 2017-ci il tarixdə başa çatdığı halda, iddiaçı hazırkı iddia ərizəsini Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddətin bitməsinə cəmi iki gün qalmış vermişdir. Bu isə öz növbəsində iddiaçının cavabdehdən tələb etdiyi öhdəliyin icrasının gecikdirilməsi üçün illik 5% məbləğin artması ilə nəticələnmişdir. Halbuki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır». Həmçinin, Mülki Məcəllənin 560.1-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının mülki qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyə görə, iddiaçıdan borc tələbini 3 ildən sonra irəli sürməklə ondan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 5% pul tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı iş üzrə iddianın predmetini təşkil edən məbləğ 2000 manatdan az olduğundan, məhkəmənin bu qərarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4779/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1836/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1836/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver