Məhkəmə qərarları › İş №2(103)-1840/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1840/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1840/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair 2(009)-775/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları məbləğində olan borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ondan 200.000 (iki yüz min) ABŞ dolları məbləğində iş görmək adı ilə borc pul alaraq bir il ərzində qaytarmağa söz vermişdir. Həmin vaxt cavabdehin qardaşı Cavabdeh2 də onunla olmuşdur. Belə ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ** AQ ***2770 saylı borc müqaviləsinə əsasən cavabdehlər ondan 200000 (iki yüz min) ABŞ dolları məbləğində aldıqları borc pulu bərabər hissələrlə 4 dəfəyə qaytaracaqlarını öhdələrinə götürmüşlər. Sözü gedən müqavilənin 1-ci bəndində göstərilir: Cavabdeh1 ondan 13124000 (on üç milyon yüz iyirmi dörd min) rubl məbləğində pulu (X1 Bankının xx xxxxxx 2019-cu il tarixə olan məzənnəsi ilə hesablandıqda 200000 (iki yüz min) ABŞ dolları məbləğinə bərabərdir) xx xxxxxx 2020-ci il tarixinə kimi aşağıdakı qaydada bərabər hissələrlə, rüblük olaraq, hər hesabat rübü ayın 27-dən gec olmamaqla, ******* (üç milyon iki yüz səksən bir min) rubl məbləği (X1 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 50000 (əlli min) ABŞ dolları məbləğinə bərabərdir) qaytarmaq şərtilə borc almışdır. 1-ci ödəniş - xx xxx 2019-cu il tarixindən gec olmamaqla, 2-ci ödəniş - xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 3-cü ödəniş xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 4cü ödəniş - xx xxxxxx 2020-ci il tarixindən gec olmamaqla, müvafiq ödənişin qaytarıldığı tarixə X1 Bankının məzənnəsi ilə hesablanmaqla, müqavilənin 2-ci bəndinə əsasən o, bu müqavilənin 1-ci bəndində qeyd olunan pulları həmin müqavilə imzalanmamışdan əvvəl Cavabdeh1 vermişdir. 3-cü bəndə əsasən Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə kimi, bu müqavilənin 1-ci bəndində qeyd olunan ödəniş qrafikinə əsasən, rüblük olaraq, bərabər hissələrlə, qaytarıldığı tarixə X1 Bankının məzənnəsi ilə hesablanmaqla, 200000 (iki yüz min) ABŞ dollarına bərabər olan məbləğdə pulu ona qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdehlər ona söz vermişdir ki, aldıqları borcu müqavilədə göstərilən tarixdən də tez qaytaracaqlar, Lakin hal-hazırki vaxtadək borc qaytarılmamışdır. O, dəfələrlə cavabdehlərlə əlavə saxlayıb borcu qaytarmağı tələb etsə də, nəticəsiz olmuş və sonuncular borcu qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 200000 (iki yüz min) ABŞ dolları məbləğində borc pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı qeyd olunan borc öhdəliyinin həmin müqavilədən irəli gəlmədiyini, hələ müqaviləni bağlanmasından 3-4 ay öncə şərikli iş qurmaq üçün iddiaçının həmin məbləğdə yatırım etdiyini və bunu məhkəmə baxışı zamanı iddaçı ilə olan “votsap” mobil tətbiqi vasitəsi ilə danışıqlarını təqdim etsə də işə baxan məhkəmə iddianı qismən təmin etmişdir. Hesab edir ki, həmin qətnamə qanunsuzdur. O, məhkəmə baxışı zamanı bir neçə dəfə bildirmişdir ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsini bağlamaq üçün zorla silah təhdidi altında notarial kontora gətirilərək imza etmişdir. O, həmin tarixdə İddiaçı borca pul almamışdır. Hələ 2018-ci ilin payız aylarında onlar şərik biznes üçün yatırım etmişlər, lakin işiləri alınmadığı üçün iddiaçının yatırımı sərf edilmişdir. Məhkəmə baxışında söylədiklərini yazılı sübutlarla da təsdiq etmişdir. Apelylasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsinin tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər aşağıdakı şərtlər barədə müqavilə bağlamışlar: 1. Cavabdeh1, İddiaçı 13124000 (on üç milyon yüz iyirmi dörd min) rubl 00 qəpik məbləğində pulu, hansı ki, X1 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 200000 (iki yüz min) ABŞ dolları 00 sent məbləğinə bərabərdir, xx xxxxxx 2020-ci il tarixinə kimi aşağıdakı qaydada bərabər hissələrlə, rüblük olaraq, hər hesabat rübü ayının 27-dən gec olmamaqla, ******* (üç milyon iki yüz səksən bir min) rubl 00 qəpik məbləği, hansı ki, X1 Bankının xx xxxxxx 2019-cu il tarixinə olan məzənnəsi ilə hesablandıqda 50000 (əlli min) ABŞ dolları 00 sent məbləğinə bərabərdir, qaytarmaq şərtilə borc almış, 1-ci ödəniş - xx xxx 2019-cu il tarixindən gec olmamaqla, 2-ci ödəniş xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 3-cü ödəniş - xx xxxxxx 2019-cu il tarixindən gec olmamaqla, 4-cü ödəniş - xx xxxxxx 2020-ci il tarixindən gec olmamaqla, müvafiq ödənişin qaytarıldığı tarixə X1 Bankının məzənnəsi ilə hesablanmaqla, 2. İddiaçı bu müqavilənin 1-ci bəndində qeyd olunan pulları həmin müqavilə imzalanmamışdan əvvəl Cavabdeh1 vermiş, 3. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə kimi, bu müqavilənin 1-ci bəndində qeyd olunan ödəniş qrafikinə əsasən, rüblük olaraq, bərabər ödənişlərlə, qaytarıldığı tarixə X1 Bankının məzənnəsi ilə hesablanmaqla, 200000 (iki yüz min) ABŞ dolları 00 sentə bərabər olan məbləğdə rublla olan pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüş, 4. Pulların qaytarılması pul vəsaitlərinin müvafiq məbləğinin borc verənə ötürüldüyü anda borc verənin bank hesabına həmin məbləğin daxil olduğu an, o cümlədən pul vəsaitlərinin müvafiq məbləğinin, borc verənin yaşayış yerinə göndərilən borc alanın yazılı ərizəsindən sonra borc verən tərəfindən təqdim ediləcək borc verənin bank hesabının açıldığı banka daxil olduğu an həyata keçirilməli, həmçinin tərəflərin razılığı ilə pulların qaytarılması nağd pul vəsaitləri formasında da həyata keçirilə bilər, bu hal borc verən tərəfindən borc alana verilən imzalı sənədlə təsdiq olunacaqdır. 5. Borc müqaviləsi Cavabdeh1 tərəfindən İddiaçı borc məbləği üçün faizlər ödənilmədən bağlanır. 6. Cavabdeh1 borc götürdüyü pulları qeyd olunan tarixdən əvvəl ödəyə, İddiaçı isə qəbul edə bilər. 7. Cavabdeh1 vaxtında borc götürdüyü pulları ödəməzsə, onda İddiaçı müqavilə üzrə tutulma iddiası təqdim edə bilər. 8. Borc məbləğinin qaytarılması gecikdirildikdə, Cavabdeh1 borc məbləğinin qaytarılmasının gecikdirilməsinə görə İddiaçı, Rusiya Federasiyası Mülki Məcəlləsinin 395-ci maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş miqdarda, borc məbləğinin ödənilməli olduğu gündən etibarən həmin məbləğ borc verənə qaytarılana kimi, Rusiya Federasiyası Mülki Məcəlləsinin 809-cu maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş faizlərin ödənişindən asılı olmayaraq, faizlə ödəməyi öhdəsinə götürür. İddiaçılə Cavabdeh1 arasında aparılmış “wotsap” yazışmalarının məzmunundan görünür ki, İddiaçı Cavabdeh1 israrla ondan aldığı pulu qaytarmasını tələb etmiş, Cavabdeh1 da ondan pul aldığını inkar etməyərək ona həmin pulu qaytarması üçün vaxt verməsini istəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə və borc etiraf edildiyinə görə borcun Cavabdeh1 tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan pul vəsaitinin valyutasını düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Belə nəticə həmçinin bank qanunvericiliyinin tələblərindən də irəli gəlir. Belə ki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində də müəyyən olunur ki, banklar kreditləri öz adından və öz hesabına verirlər. Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, oxşar qayda xarici dövlətlərin qanunvericiliyində də mövcuddur. Belə ki, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsinə əsasən pul öhdəliklərində öhdəliyin xarici valyuta və ya şərti maliyyə vahidində (ekü, “xüsusi borclanma hüquqları” və s.) müəyyən olunmuş məbləğə ekvivalent məbləğdə rublla ödənilməsi nəzərdə tutula bilər. Bu halda, rublla ödənilməli olan məbləğ müvafiq valyutanın və ya şərti pul vahidlərinin ödəniş gününə mövcud olan rəsmi məzənnəsi əsasında müəyyən edilir, bu şərtlə ki, digər məzənnə, yaxud onun müəyyənləşdirilməsinin digər tarixi qanunda və ya tərəflərin razılaşmasında təsbit edilməsin. Xarici ölkələrin mülki qanunvericiliyində pul öhdəliyi üzrə ödənişin icrası dispozitiv hüquq kimi müəyyən olunmuşdur. Belə ki, tərəflər arasında hər hansı bir razılıq yoxdursa, borclu müqavilə əsasında həyata keçirməli olduğu ödənişi, ödənişin icra ediləcəyi yerin milli valyutasında ödəyə bilər. “Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. Beləliklə, İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ** AQ ***2770 nömrəli borc müqaviləsinə əsasən, Cavabdeh1 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində pulu İddiaçı borc aldığı müəyyən edildiyindən, borcalanın həmin borcu qaytarması sübut olunmadığından 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-775/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh1 200000 (iki yüz min) ABŞ dolları məbləğində borc pulun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 13124000 (on üç milyon yüz iyirmi dörd min) Rusiya rublu məbləğində borc pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar