Məhkəmə qərarları › İş №2(103)-1841/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1841/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1841/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4001/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla xx xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26434,14 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Firuddin qızı “xxxx” İKB ASC-dən illik 28 % dərəcəsi ilə 24 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 oğlu və Cavabdeh5 ilə xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 10-dək Cavabdeh1 Firuddin qızının banka xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 25118,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa Cavabdeh1 Firuddin qızının banka xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla xx xxxx 2015-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26434,14 ABŞ dolları borcu vardır. xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəklində zərər qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli zərər kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4001/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2013-cü il tarixli 2- MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860.8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540.36 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh1 Firuddin qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7.5 manat hissəsinin Cavabdeh1 Firuddin qızından tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən kredit müqaviləsi üzrə qalıq borcun güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün borclu və zaminlər banka dəvət edilmişlər, lakin onlar banka gəlmədiklərindən qalıq borcun yenidən güzəştli şərtlərlə rəsmiləşdirilməsi mümkün olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı bank qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirmiş, cavabdehlər isə qətnamədən şikayət verməmişlər. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanan xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bank borcalana birdəfəlik illik 28 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 697,08 ABŞ dolları olmaqla 12700 ABŞ dolları biznes krediti verməyi, borcalan isə borclu isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı barədə öhdəlik götürmüşdür. Müqavilənin 1.7 və 1.8-ci bəndlərinə əsasən kreditin verilmə tarixi xx xxxx 2013-cü il, bağlanma tarixi isə xx xxxx 2015-ci il olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 1.14-cü bəndinə əsasən gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında cərimə hesablanır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh4 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh5 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanan xx xxxx 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kreditor qarşısında xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ünvanlanan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426- 13 saylı kredit müqaviləsindən irəli gələn borc məbləğini xəbərdarlıq məktubunu aldıqları tarixdən etibarən 5 gün müddətində İddiaçı ASC-yə ödəmələri barədə məlumat verilmiş, əks təqdirdə borc məbləğinin borclu və zamindən müştərək qaydada tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilən xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx xxxxx 2019-cu il tarixində 3601,46 ABŞ dolları məbləğində olmuşdur. xx xxxx 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3513,36 ABŞ dolları, Faiz borcu üzrə 4420,85 ABŞ dolları, cərimə borcu üzrə 17184,73 ABŞ dolları, əsas borca hesablanmış 5% həddində əldən çıxmış fayda üzrə 1315,2 ABŞ dolları olmaqla ümumilikdə banka olan borc məbləği 25118,94 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilən xx xxxx 2013-cü il tarixindən xx xxxxxxx 2020-ci il tarixinə olan hesabdan çıxarışdan görünür ki, borclu sonuncu dəfə xx xxxxx 2019-cu il tarixində 3601,47 ABŞ dolları ödəniş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 14710/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 7203 ABŞ dolları əsas borc və 2846 ABŞ dolları faiz borcu, cəmi 10049 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsait “xxxx” İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh3 xx xxxxxx 2019-cu il tarixin də həmin məhkəmə əmrindən etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsiini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-14710/2014 saylı qərardadı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(001)-14710/2014 saylı məhkəmə əmrinin ləğv edilməsi və iş üzrə iddia icraatına keçirilməsi, məhkəmənin hazırlıq iclasının xx xxxx 2019-cu il tarixə saat 09:00-a təyin edilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə 2(001)-3708/2019 mülki iş baxılmamış saxlanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860.8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540.36 ABŞ dolları məbləğində pul vəsaitini tutmaqda haqlı olmuşdur. Apellyatorun faiz borcu və cərimə borcu tələbinin tam təmin edilməli olması ilə bağlı dəlilini isə kollegiya əsassız hesab edir; Belə ki, sözügedən kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsi və 3601.46 ABŞ dolları kompensasiya məbləğinin bankın hesabına mədaxil edilərək borcalanın əsas borcundan silinməsi işin mübahisəsiz halıdır. Eyni zamanda hesabdan çıxarış məlumatlarından görünür ki, borclu tərəfindən xx xxx 2018-ci ildə ödəniş edilmişdir və bu hal kredit müqaviləsinin Fərmanın restrukturizasiya ilə bağlı hissəsinə düşməməsini deməyə əsas verir. Belə ki, sözügedən fərmanın 8.6-cı maddəsinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə X1 tapşırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Bununla bağlı Azərbaycan Respublikasinin X2 Palatasinın xx xxxx 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu kompensasiya məbləğinə münasibətdə azaldılmalı, dəbbə pulu isə silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin zaminlərə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini kollegiya əsaslı hesab edərək vurğulayır ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “xxxx” İKB ASC zaminlər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli zaminlik müqavilələrində göstərilmişdir ki, həmin müqavilə 24 ay müddətinə bağlanılır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Göründüyü kimi, zaminlərlə ilə bağlanılmış xx xxxx 2013-cü il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4001/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar