Məhkəmə qərarları › İş №2(103)-1841/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1841/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1841/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X27 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2488/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmündə qeyd edilir ki, təqsirləndirilən şəxs X28 Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində 12 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********) əsas fəaliyyət istiqaməti taksi park xidmətinin göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə təkrarən talamağa cəhd etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etmiş, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə- bilə həmin saxta sənədlərdən istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirməklə və əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentində 12 yanvar 2011-ci il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmış və əsas fəaliyyət istiqaməti taksi-park xidməti göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən 15 oktyabr 2021-ci il tarixdə X8 məxsus **-BZ-*** dövlət qeydiyyat nişanlı, Opel Zafira markalı avtomobili gündəlik taksi fəaliyyətində istifadə edib 36 ay ərzində ona hər ay 750 manat ödəniş etdikdən sonra avtomobili öz mülkiyyətinə keçirəcəyi barədə şifahi razılığa gələrək həmin tarixdə Bakı şəhəri 16 saylı Notariat Ofisində sərəncamvermək hüququ olmadan daşınar əmlakın istifadəsinə verilməsinə dair öz adına etibarnamə əldə edib avtomobili icarəyə verərək Hüseyn Cəfərova bir müddət gündəlik ödənişlər etdikdən sonra ona etibar edilmiş 12.500 manat dəyərində özgə əmlakı olan “Opel Zafira" markalı "77-BZ891” dövlət qeydiyyat nişanlı avtomaşını qulluq mövqeyindən istifadə etməklə tanışX33 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarına gəlmiş və bu məqsədlə 22 oktyabr 2021- ci il tarixdə Hacıqabul rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən əməkdaşların diqqətsizliyindən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxslərə avtomaşınların icarəyə verilməsində ona köməklik edən və törətdiyi cinayətdən məlumatsız olan X33 adına sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə etməklə qanuni mülkiyyətində olmayan, yalnız istifadə hüquqi verən etibarnamə əsasında ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən “7E4690" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında 12.500 manat dəyərində olan “**-BZ-***” dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X52 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə və adından alqısatqı müqaviləsi bağlayıb qanuni mülkiyyətçinin sərəncamından çıxarmaqla X25 7 000 manata satıb özgəninkiləşdirərək, 12.500 manat dəyərində özgə əmlakını talayıb mənimsəməklə X8 xeyli miqdarda ziyan vurmuşdur........“Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AE 130879 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən X18 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli X34 ilə (X35 əvəzinə) X28 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən X18 mülkiyyətində olan “Toyota Prius" minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi X19 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7127 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius" minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən X20 tərəfindən X26 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında X36 buna səlahiyyəti olmadığı halda X18 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021 -ci il tarixdə X14 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə X29 tərəfindən X19 xx.xx.2025- ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə dair Hacıqabul rayon notariat ofisində X40 xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında X33 buna səlahiyyəti olmadığı halda X14 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021-ci il tarixdə X5 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya BA132298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X12 xx.xx.2021-ci il tarixdə X19 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə vermişdir. Daha sonra X28 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə X5 ona məxsus olan “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını X19 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında nəqliyyat vasitəsi X28 tərəfindən buna səlahiyyəti olmadığı halda X9 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin avtomobilə dair X21 tərəfindən 10 dekabr 2021-ci il tarixdə X4 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə Təbriz Əlibəylinin mülkiyyətində olan həmin avtomobil Salamzadə Akifin mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi “Toyota Prius” markalı, **- VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi X22 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun X19 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, X28 tərəfindən X2 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, X36 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini X14 mülkiyyətinə keçirmişdir. Daha sonra həmin avtomobil X14 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun X19 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, X28 tərəfindən X4 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, X43 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini X5 mülkiyyətinə keçirtmişdir. Daha sonra X15 hazırladığı saxta etibarnamə əsasında, həmin avtomobil Əlibəyli Təbrizin mülkiyyətinə keçirilmişdir. X21 tərəfindən 10 dekabr 2021-ci il tarixdə X40 verilmiş olan sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında avtomobil X23 mülkiyyətinə keçirilmişdir. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı, 26 yanvar 2024-cü il tarixli hökmü ilə X28 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə, X43 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. 3.Hökmə əsasən “Opel Zafira" markalı "77-BZ891” dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Hüseyn Cəfərova, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Fərrux Rəcəbova qaytarılmalıdır. a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilləri pul ödəyərək qanuni yolla əldə etmişdir. Həmin avtomobillərin alınmasına müvafiq olaraq 10.000 manat və 10.000 manat, yəni cəmi 20.000 (iyirmi min) manat pul sərf etmişdir. Sonradan məlum olmuşdur ki, həmin avtomobillər başqa şəxslərə məxsus olmuş, X28 və X43 cinayət əlaqəsinə girərək notariusun diqqətsizliyindən istifadə edərək sərəncam vermək hüququnu verən etibarnamə əldə edərək qeyd olunan avtomobilləri satmışlar. Həmin faktlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli 1(103)-874/2024 nömrəli qərarında öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-874/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərarla X28 və X43 dələduzluq əməllərinin törətmələrinə görə məhkum olunmuşlar. Məhkəmənin qərarı ilə mülkiyyətində olan "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki mülkiyyətçisi X8 qaytarılması, həmçinin iddiaçının mülkiyyətində olan "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilin ilkin mülkiyyətçisi X24 qaytarılması qərara alınmışdır. Məhkəmə qərarlarından görünür ki, Hacıqabul rayon və Salyan rayon notariat ofisinin notariuslarının diqqətsizliyi nəticəsində avtomobillərə dair qanunsuz etibarnamələr verilmişdir.Həmin etibarnamələri notarius Cavabdeh3 və Cavabdeh4 təsdiq etmişdir. Belə ki, X28 "Opel Zafira" markalı "77-BZ891" dövlət qeydiyyat nişanlı avtomaşmı X33 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarına gəlmiş və bu məqsədlə 22 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən diqqətsizliyindən istifadə edərək X33 adma yalnız istifadə hüquqi verən etibarnamə əsasmda ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E4690" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasmda "**-BZ-***" dövlət qeydiyyat nişanlı, "Opel Zafira" markalı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X52 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satmışdır. Bundan başqa X28 "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı avtomaşmı X33 adma nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarma gəlmiş və bu məqsədlə 28 oktyabr 2021-ci il tarixdə Salyan rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən notariusun diqqətsizliyindən istifadə edərək X33 adına yalnız icarə müqaviləsi əsasmda ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E7121" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasmda "Toyota Prius" markalı 99- VJ-913 markalı avtomobili Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlanmışdır. "Toyota Prius” markalı avtomobili xx.xx.2021- ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X52 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satılmışdır. Vurulan zərərlərin geri qaytarılması tələbi ilə çıxış etdikdə Cavabdeh3 mülki məsuliyyətinin "xxxx"xxxx"xxxx" ASC-yə müvafiq sorğu edilmiş, lakin sığorta sirri anlayışına əsaslanaraq sığorta müqaviləsi barədə məlumat verilməsindən imtina olunmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2488/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. 7.Məhkəmə müəyyən etmişdir ki, X28 ilə X43 qabaqcadan əlbir olmaqla cinayətkar əlaqəyə girərək əmlaklara sərəncam vermək hüququ verən etibarnamə əldə edərək, ** BZ *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı və Toyota Prius markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçıya dəyəri ödənilməklə satmışdırlar. Bundan sonra məhkəmənin qərarı ilə hər iki şəxs təqsirli bilinərək məhkum edilmiş və sözügedən avtomobillər ilkin mülkiyyətçilərinə qaytarılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin avtomobillər üçün ödəmiş olduğu pulun cavabdehlərdən tutulmasını xahiş edir. 8.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslamdırmışdır ki, iddia tələbinin məzmunundan və işdə olan sübutlardan görünür ki, X28 ilə X33 təqsiri nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı X28 ilə X40 ümumilikdə 20.000 manat pul ödəyərək sözügedən şəxslərdən əmlaklar əldə etmiş, lakin sonradan həmin əmlaklar ondan alınaraq ilkin mülkiyyətçilərinə qaytarılmışdır. Belə ki, Ş.Bayramov və A.Ağayevin törətmiş olduğu dələduzluq əməli nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Hazırda isə iddiaçı ona dəymiş zərəri hazırki iş üzrə cavabdehlərdən deyil, məhz X28 və X30 tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehlərə qarşı qaldırılması və hazırki cavabdehlərin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır. Cavabdehlərin iddiaçıya vurulmuş zərərlə heç bir səbəbli əlaqəsi olmadığından iddia tələbi əsassız hesab edilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097.1, 1115-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3, 54.2, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2024 il tarixli 1(001)-13/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 il tarixli 1(103)-874/2024 saylı hökmləri ilə artıq sübut olunmuşdur ki, iddiaçıya ziyanın vurulması nəyinki cəzalarını almış X15 və X33 əməlləri nəticəsində, o cümlədən də onlara yalnış etibarnamə verən notariusların bu hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, məhz natariusların səhvi nəticəsində göstərilən şəxslər tərəfindən cinayət əməllərinin həyata keçirilməsi mümkün olmuşdur. Faktiki olaraq notariuslar onlar üçün cinayətin törədilməsi üçün imkan yaratmışlar. Yəni iddiaçıya ziyanın vurulması onların ehtiyatsızlığı nəticəsində olmuşdur. Səbail rayon Məhkəməsi qətnamə çıxaran zaman bunları nəzərə almamışdır. Cavabdeh olan notariat ofislərinin notariusları məhkəməyə dəvət olunmuş, lakin məhkəməyə gəlməmişlər. Bununla iddiaçının hüquqları faktiki pozulmuşdur. Belə ki, avtomobillərin idarə edilməsi deyil, onun məhz özgəninkiləşdirilməsinə dair etibarnamələrin hansı şəraitdə və hansı səbəbdən verilməsi, məhz bunun iddiaçıya cinayətkarlar tərəfindən ziyanın vurulması ilə səbəbli əlaqənin olmasına məhkəmə diqqət yetirməmişdir. Hansı ki, etibarnamələrin verilməsi nəticəsində ona ziyanın vurulmasının mümkün olması məhkəmə hökmü ilə artıq sübuta yetirilmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlara məhkəmə faktiki diqqət yetirməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara obyektiv və hərtərəfli baxmamış, onları birmənalı qəbul etməmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" ASC yazlı etiraz təqdim etmiş, iş materiallarında xüsusi notariunun bilavasitə fəaliyyəti nəticəsində İddiaçı zərər vurulduğunu təsdiq edən heç bir sübut mövcud olmadığını, zərərin müqavilə tərəfləri olan X28 və X43 tərəfindən vurulduğunu, iddiaçının ödədiyi məbləği müqavilənin qarşı tərəfindən tələb etməli olduğunu, baş verənlərin alğısatqı müqaviləsinin müvafiq qaydada icra edilməməsi nəticəsində yaranan öhdəlik pozuntusu olması və yalnız müqavilə tərəfləri arasında mülki məsuliyyət doğurduğunu qeyd edərək apellyasiya şiakyətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx" ASC-nin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X28 və X43 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlər və üçüncü şəxslər tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Maddə 11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Maddə 22. Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır. Notarius baş vermiş sığorta hadisəsi barədə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 23. Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 1 faizini təşkil edir. Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

Bənd 13. Notarius notariat hərəkətlərini apararkən bu Təlimatın 19-cu hissəsinin ikinci abzasında göstərilmiş məlumatları “Elektron notariat” informasiya sistemindən istifadə etməklə yoxlamalıdır. Notariat hərəkətinin aparılması zamanı X11nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X11” X1 sistemi vasitəsilə real vaxt rejimində əldə edir. “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” X1 sistemindən əldə edilir və notariat sənədində əks olunur. Şəxsiyyət vəsiqəsinə dair məlumatların bu sistem vasitəsilə əldə edilməsi mümkün olmadıqda, notarius barəsində notariat hərəkəti aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması üçün əlavə tədbirlər görməlidir. Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır. Bənd 19. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilibverilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Notariat hərəkətinin aparılması üçün nümayəndə müraciət etdikdə, etibarnamə verən şəxsin (mülkiyyətçinin) nikahda olması və ölməsi halı bu Təlimatın 13-cü hissəsinin altıncı abzasında göstərilmiş qaydada yoxlanılır. Bənd 41. Əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur.

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 21.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 22.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmündən müəyyən olunur ki, mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan notarius tərəfindən təsdiqlənmiş etibarnamələr əsasında “Opel Zafira" markalı "77-BZ891” və “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı satılmışdır. Hökmə əsasən X28 və X43 təqsirli bilinmiş, “Opel Zafira" markalı "77-BZ891” dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Hüseyn Cəfərova, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin qanuni mülkiyyətçisi Fərrux Rəcəbova qaytarılmışdır. 23.Hazırda iddiaçı sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamələri təsdiqləyən notariuslar və onların fəaliyyətinin sığortaçısından avtomobillər üçün ödədiyi pulu tələb edir. 24.İşə baxan məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, X28 ilə X33 təqsiri nəticəsində iddiaçıya zərər dəymişdir. İddiaçı ona dəymiş zərəri hazırki iş üzrə cavabdehlərdən deyil, məhz X28 və X30 tələb etmək hüququna malikdir. 25.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi... əqd nümayəndə tərəfindən bağlandıqda, onun səlahiyyətini yoxlamalıdır.

26. Məhkəmə kollegiyasının sorğusu əsasında AR DİN Baş X52 İdarəsindən əldə edilərək iş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş eyni tarixli nəqliyyat vasitələrinə sərəncam vermə haqqında etibarnamənin surətindən görünür ki, “Toyota Prius” markalı nəqliyyat vasitəsinin alqı-satqısı üzrə X10 oğlu və Alıcı-İddiaçı arasında bağlanmış müqavilədə Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.

27. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam vermə haqqında etibarnamənin surətindən görünür ki, “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin alqı-satqısı üzrə X7 oğlu və Alıcı-İddiaçı arasında bağlanmış müqavilədə Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmişdir.

28. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, № 103-K saylı əmrinin surətindən müəyyən olunur ki, aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3 əvvələr tətbiq edilmiş intizam tənbehindən və xəbərdarlıqlardan lazımı nəticə çıxarmayaraq notariat hərəkətləri apararkən qanun pozuntularına yol vermişdir. Belə ki, mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda Cavabdeh3 həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamələr təsdiqləyərək 4 nəqliyyat vasitəsinin qanunsuz özgəninkiləşdirməsinə şərait yaratmışdır. Araşdırma nəticəsində mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi təmin olunmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “Notariat haqqında” AR Qanunun 26-1-ci maddəsi rəhbər tutularaq, Notariat hərəkətlərinin aparılması zamanı qanuvericiliyin tələblərinə əməl etmədiyinə görə Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3b 1.500 manat məbləğində cərimə edilməsi əmr edilmişdir. 29.Göründüyü kimi mülkiyyətçi tərəfindən əmlakından yalnız istifadə edilməsi barədə etibarnamə verildiyi halda Cavabdeh3 həmin etibarnamə əsasında sərəncamvermə hüququnu nəzərdə tutan etibarnaməni təsdiq etməsi nəticəsində “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin İddiaçı satılmasına şərait yaradılmışdır. Avtomobilin dəyərinin İddiaçı tərəfindən ödənilməsinə baxmayaraq mülkiyyətçi tərəfindən avtomobilə dair sərəncam verilməsi səlahiyyəti verilmədiyinə görə avtomobil ilkin mülkiyyətçisinə qaytarılmışdır. Nəticədə İddiaçı zərərə məruz qalmışdır. 30.Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Digər tərəfdən iş materiallarına əlavə edilmiş “xx.xx.2020-ci il tarixli, № LCP-2002234 saylı Məsuliyyət Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh3, Cavabdeh5 Sığorta Şirkəti ASC ilə “məsuliyyət sığortası” növündə sıöorta müqaviləsi bağlayaraq xüsusi notariusun peşə fəaliyyətini həyata keçirərkən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş fiziki və ya hüquqi şəxsə, o cümlədən üçüncü şəxsə (hər bir hadisə üzrə və ümumi illik hədd 100.000 manat həddində olmaqla) vurduğu maddi ziyanı ödəmək öhdəliyi ilə bağlı məsuliyyət riskindən irəli gələn əmlak mənafelərini müqavilənin qüvvədə olduğu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalamışdır.

32. Belə ki, müəyyən edildiyi kimi iddiaçının maddi zərərə məruz qalmasına səbəb olan etibarnamə Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixdə - onun peşə məsuliyyətinin sığortası haqqında xx.xx.2020-ci il tarixli, № LCP-2002234 saylı Məsuliyyət Sığortası Şəhadətnaməsinin qüvvədə olduğu müddətdə verilmişdir. 33.Kollegiya hesab edir ki, “Opel Zafira” minik markalı nəqliyyat vasitəsi ilə əlaqədar iddiaçıya dəymiş zərər notarius Cavabdeh3 fəaliyyətinin sığortaçısı cavabdeh "xxxx" ASC-dən tutulmalıdır.

34. Tutulmalı olan məbləğlə bağlı kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən “Opel Zafira” minik markalı nəqliyyat vasitəsinin İddiaçı 14000 manata satıldığı göstərilsə də MPM-in 218.3-cü maddəsinin tələblərinə əsasən iddia tələbi iddiaçının ərizəsində göstərilən 10000 manat həcmində təmin edilməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi “Toyota Prius” markalı nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsində Satıcıya sərəncamvermə hüququ verən etibarnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edildiyindən, Salyan rayon 2 saylı notariusunun iddiaçıya zərər dəyməsinə səbəb olan hərəkəti müəyyən edilmədiyindən iddiaçının cavabdeh Salyan rayon 2 saylı notariat ofisinə yönəlmiş tələbi düzgün cavabdehə qarşı irəli sürülmədiyindən əsassız olmaqla təmin edilə bilməz. 36.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2488/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh5 Sığora Şirkəti ASC-dən İddiaçı xeyrinə 10000 (on min) manat pul tutulmalıdır. 37.Kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 75 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 37.5 manat məbləğində pul Cavabdeh5 Sığora Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulmalı, qalan hissədə rüsum tərəfin özünə aid edilməlidir. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2488/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh5 Sığora Şirkəti ASC-dən İddiaçı xeyrinə 10000 (on min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 75 (yetmiş beş) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 37.5 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin qalan hisssəsi tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar