Məhkəmə qərarları › İş №2(103)-1843/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1843/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1843/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3982/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 397.05 ABŞ dolları əsas, 94.50 ABŞ dolları faiz borcu, 3281.49 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 63.96 ABŞ dolları olmaqla, cəmi 837 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (ləğv prosesindədir) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 26 ay müddətinə, illik 26% olmaqla, 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə digər Cavabdeh2 arasında borcun təminatı kimi xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3982/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 397.05 ABŞ dolları (üç yaz doxsan yeddi dollar beş sent) əsas borc (manatın ödəniş gününə olan məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Günel Abbasova). Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3982/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1018 nömrəli kredit müqaviləsinə əsasən borcalana 26 ay müddətinə illik 26% dərəcəsi ilə 2000 ABŞ dolları kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2, 2.2.3-cü bəndlərinə əsasən borc kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda, əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq o, öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq göndərilməsinə baxmayaraq kredit borcunun qaytarılması təmin edilməmişdir. Məhkəmə əsassız olaraq yalnız əsas borcun ödənilməsi hissəsində iddia tələbinin təmin etmiş, müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanan illik 5%-lik borc məbləğlərini təmin etməmişdir. Müvafiq borc məbləğlərindən yalnız əsas borcun təmin olunma əsası kimi kredit borclarının restrukturizasiyası ilə əlaqədar fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanı qeyd edilmişdir. Həmin Fərmanın 3.1 və 7.3-cü bəndlərinin icrası məqsədilə X1 Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” müəyyən edilmişdir. Həmin Qaydaların 6.15-ci bəndində qeyd edilmişdir ki, kredit təşkilatları tərəfindən bu qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzləştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabr ayının 31-də başa çatır. Cavabdeh ona edilən müraciətlərə və kreditin restrukturizasiyası ilə bağlı bildirişin olmasına baxmayaraq bankın ləğvedicisinə ərizə ilə müraciət etməmişdir. Bankın tələblərinin əsaslı olması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar, maliyyə arayışı və zəruri sənədlər təqdim edilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 449, 425, 5.3, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarına istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan kredit müqaviləsindən, zaminlik müqaviləsindən və maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 1018 nömrəli kredit müqaviləsinə əsasən 26 ay müddətinə, illik 26% olmaqla, 2000 ABŞ dolları məbləğində kredit verilmiş, digər Cavabdeh2 arasında borcun təminatı kimi xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və xx.xx.2020ci il tarixə İddiaçı ASC-yə (ləğv prosesindədir) 397.05 ABŞ dolları əsas, 94.50 ABŞ dolları faiz borcu, 281.49 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi üzrə 63.96 ABŞ dolları borc olmaqla, cəmi 837 ABŞ dolları borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə (ləğv prosesindədir) tərəfindən xx.xx.2020-ci il tarixdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən (əhatə dövrü xx.xx.2017-xx.xx.2020) xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 445.38 manat məbləğində pul vəsaiti əsas borcdan silinmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda sadalanan normaların tələblərinə görə, kollegiya hesab edir ki, kreditor zamin Cavabdeh2 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən, Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrini rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır. Belə ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Lakin, iş materiallarından görünür ki, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü borcu ödəməmiş və bununla da müqavilənin və Mülki Məcəllənin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, əsas borcun ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi 397.05 ABŞ dolları əsas borcun ödənilməsi ilə bağlı doğru nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanı”nın təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Cavabdehin ona edilən müraciətlərə və kreditin restrukturizasiyası ilə bağlı bildirişin olmasına baxmayaraq bankın ləğvedicisinə ərizə ilə müraciət etməməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında bankın cavabdehə xəbərdarlıq məktubu (i.v. 20) olsa da, həmin məktubun Cavabdeh1 tərəfindən alınmasını təqsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. İş materialında “xxxx” MMC-nin çatdırılma qəbzi (i.v. 18) olsa da, həmin qəbz cavabdeh tərəfindən deyil, Müseyibov adlı şəxs tərəfindən imzalandığından həmin qəbzin cavabdeh tərəfindən bankın xəbərdarlığını almasını təqdiq edən sənəd kimi mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3982/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar