Məhkəmə qərarları › İş №2(103)-1843/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1843/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1843/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5880/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün iki uşağa görə hər birinə ayda 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5880/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3394/2015 saylı, 26 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2005-ci il təvəllüdlü X2 və 18 iyun 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. Qətnamə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112-ci maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən iddiaçının tələb etdiyi məbləğin uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olması ilə əsaslandırılmışdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3394/2015 saylı, 26 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 05 fevral 2005-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan övladları 31 oktyabr 2005-ci il təvəllüdlü X2 və 18 iyun 2007-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (iş.səh. 15) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5880/2022ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 76.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işə dair qətnamə qəbul edərkən onun maddi vəziyyətini yəni ki, diqqətəlayiq hal olan şəkər xəstəsi olduğunu və ürək xəstəliyindən əziyyət çəkdiyini, müharibə veteranı olduğunu, döyüşlər zamanı aldığı xəsarətə görə əmək fəaliyyəti ilə məşğul olmasının qeyri-mümkün olmasını nəzərə almamışdır. İddiaçı ilə nikahlarına rəsmi qaydada xitam verilməzdən əvvəl uşaqlarının təminat səviyyəsinin yüksək səviyyədə olmasını təmin etmək üçün ipoteka ilə aldığı evdə pay hüququnu tələb etməyərək iddiaçıya vermək barəsində şifahi razılığa gəlmiş və iddiaçı da öz növbəsində gələcəkdə ondan yüksək miqdarda aliment istəməyəcəyinə dair şifahi vəd vermişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə qətnamə qət edərkən yalnızca İddiaçı şifahi məlumatlarına əsaslanmışdır. Ona özünü müdafiə etmək və sübutlarını təqdim etmək imkanı verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, diabet xəstəsi olduğunu, infarkt keçirdiyini, əmək qabiliyyəti olmadığını, müharibə veteranı kimi 80 manat müavinət aldığını bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 119.1, 216, 217.3, 217.4, 385-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin tam və ya qismən ləğv edilməsi və ya onun dəyişdirilməsi üçün əsas olmamışdır. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən, 9 dekabr 2022 tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Övladın bu təminatının bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Lakin uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Bu meyarların müəyyən edilməsi üçün hər hansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim edilməmiş, apellyasiya icaatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir.

9. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Məcəllənin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə müvafiq olaraq: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

10. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və cavabdehin əmək qabiliyyətinin olmaması barədə dəlillər sübuta yetirilmir, apellyasiya şikayətində qeyd edilən digər dəlillər valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia (apellyasiya) üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

11. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti rədd edilməli və izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5880/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar