Məhkəmə qərarları › İş №2(103)-1844/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1844/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1844/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3511/2010 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxx» ASC (hazırki “xxxxxxxxx” ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxx» ASC-nin xeyrinə 25555,51 manat məbləğində əsas borcun, xx xxxxxx 2010-cu il tarixədək hesablanmış 13915,68 manat məbləğində gecikdirilmiş faizin, 19281,20 manat məbləğində dəbbə pulunun, cəmi 58752,39 manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi kimi 500 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh mülkiyyətində olan «X4» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(008)- 3511/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 25555,51 manat məbləğində əsas borc, xx xxxxxx 2010-cu il tarixədək hesablanmış 13915,68 manat məbləğində gecikdirilmiş faiz, 13915,68 manat məbləğində dəbbə pulu, cəmi 53386,87 manat məbləğində borc, 500 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəsait və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın «xxxxxxxx» ASC qarşısında girov ilə yüklü edilmiş «X4» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin «xxxxxxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh verilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə pulunun və hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulması hissəsində ləğv edilməsi, faiz borcunun tutulması hissəsində dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin faiz və cərimə borcu həddindən artıq yüksək hesablanmışdır. Məhkəmə isə heç bir əsas olmadan yüksək məbləğdə hesablanmış faiz və cərimə borcunun, həmçinin hüquqi yardıma görə ödənilmiş vəsaitin ondan tutulması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimə borcunun, o cümlədən hüquqi yardıma görə ödənilmiş vəsaitin tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2009-cu il tarixli 30/09/PBN saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 28 faiz dərəcəsi ilə, 60 ay müddətinə 27600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx xxxxxx 2009-cu il tarixli 030/09/PBN saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə məxsus «X4» markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə olan əsas kredit borcu 25555,51 manat, faiz borcu 13915,68 manat, cərimə 19281,20 manat, cəmi borcu isə 58752,39 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2020-ci il tarixli 9/194 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh xx.xx.2010-cu il tarixə «xxxxxxxx» ASC-yə olan borcu ümumilikdə, 33110,50 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 25556,99 manat, faiz borcu üzrə 7553,51 manat. xx.xx.2010-cu il tarixdən sonra ödəniş olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, faiz borcunun məbləği iddiaçının tələb etdiyi kimi 13915,68 manat məbləğində deyil, ekspert rəyində göstərilən 7553,51 manat məbləğində müəyyən edilməli və ona görə də, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 19281,20 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 13915,68 manat deyil, əsas borcun 10 % həddində, yəni 2500 manat məbləğində müəyyənləşdirilməlidir. Həmçinin iş materiallarında olan 474144 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə “xxx” MMC-nin hesabına 500 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələblərinin qismən təmin olunduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hüquqi xidmət göstərilməsi üçün nümayəndəyə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, dəbbə pulunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində isə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3511/2010 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2010-cu il tarixli qətnaməsi qismən, yəni faiz borcuna aid hissədə ləğv edilsin və dəbbə pulu ilə cəmi borca aid hissədə dəyişdirilsin. Faiz borcu 7553,51 manat, dəbbə pulu 2500 manat, cəmi borc isə 35609,02 manat məbləğində müəyyən edilsin. Hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar