Məhkəmə qərarları › İş №2(103)-1847/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1847/2022

21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1847/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Məmmədov Əlı̇ xan Tapdiq oğlunun Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 nömrəli işi üzrə 27.08.2020-ci il tarixli qətnaməsindən iddiaçı Məmmədov Əlı̇ xan Tapdiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 75000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 yanvar 2020-ci il tarixli qərarın surəti ilə, İddiaçı şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir- (səh.9) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 nömrəli işi üzrə 27.08.2020-ci il tarixli qətnaməsi iddia ərizəsi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 666.1, 666.2, 739.1, 740; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını onunla Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən sonuncuya 75000 ABŞ dolları pul verməsi, cavabdehin isə həmin pulu qaytarmağı öhdəsinə götürməsi, cavabdehin göstərilən öhdəliyi icra etməyərək hal-hazıradək pulu ona qaytarmaması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir.Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, müqavilənin yazılı formada bağlanması qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmuş, iş materiallarında tərəflər arasında yazılı əqd bağlanmasına dair hər hansı sübut müəyyən olunmamışdır. İş materiallarına sübut kimi əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Cavabdeh 25000 ABŞ dolları borc aldığına dair izahatı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, sözügedən qərarla cinayət işinin başlanması rədd edilmiş, həmin izahatda qeyd olunmuş xüsusatlar məhkəmə araşdırması zamanı öz əksini tapmamış, qərar preyusidial əhəmiyyətə malik olmamaqla, əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, iddiaçının dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş qızı və qohumu təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı saymamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, qızı X5 cavabdeh X4 ilə 28.04.2012-ci il tarixində rəsmi nikaha daxil olmuş, rəsmi nikahdan 2 övladları dünyaya gəlmişdir. Qızı rəsmi nikaha daxil olduqdan sonra bir neçə il cavabdehlə birlikdə sonuncuya məxsus 3-cü mikrorayonda yerləşən 3 otaqlı evdə, 2017-ci ildən etibarən isə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən valideynlərinə məxsus iki mərtəbəli köhnə bağ evində yaşamışdır. Bağ evinə köçdükdən bir müddət sonra cavabdeh həmin bağ evində yenidənqurma işləri aparmaq istədiyini bildirmiş, lakin yetərli büdcəyə malik olmadığı üçün 1-2 il ərzində geri qaytaracağı və yenidənqurma işləri bitdikdən sonra həmin evi qızının adına rəsmiləşdirəcəyi şərtləri ilə borc pul istəmişdir. Cavabdehlə razılaşmaları əsas səbəbi təmir-tikinti işləri bitdikdən sonra həmin evin qızının mülkiyyətinə keçirilməsi olmuşdur və borc verməyə dair razılaşma əldə edilən zaman qarşı tərəfə yalnız bu şərtlə borc verməyə razı olduğunu açıq və aydın şəkildə bildirmişdir. Tərəfindən cavabdehə 2017-ci ildən 2018-ci ilin əvvəllərinə kimi hissə- hissə olmaqla ümumilikdə 75000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Həmin məbləğin 20000 ABŞ dolları 2017-ci ilin ortalarında Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən bağ evində, 10000 ABŞ dolları Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən evində, 10000 ABŞ dolları 2017-ci ilin sonlarında Rusiya Federasiyası, X1 şəhərində, 10000 ABŞ dolları 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən bağ evində cavabdehə şəxsən tərəfindən verilmişdir. Bundan əlavə cavabdeh onun həmyerlisi olan Tovuz rayonu, Əlibəyli kənd sakini X3 vasitəsi ilə 2017-ci ilin sonlarında 20000 ABŞ dolları, X7 vasitəsilə isə 5000 ABŞ dolları məbləğində pul çatdırılmışdır.Lakin ondan alınan 75000 ABŞ dolları sözügedən bağ evinin təmir-tikinti işlərinə sərf edilsə də, yenidənqurma işləri tamamilə bitdikdən sonra qoyulmuş şərtə əməl edilmədən həmin bağ evi qızının mülkiyyətinə keçirilməmiş, hətta cavabdeh tərəfindən 2019-cu ilin aprel ayından oradan çıxmağa məcbur edilmişdir. Cavabdeh tərəf ona olan 75000 ABŞ dolları məbləğində borcunu geri qaytarmadığı üçün Sabunçu RPİ-nə şikayət etmiş və cavabdeh barəsində cinayət işinin başlanması haqqmda qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Sabunçu RPİ-nin İŞ tərəfindən verilmiş 28.01.2020-ci il tarixli qərara əsasən sözügedən mübahisədə cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Sözügedən qərarda cinayət işinin başlanmasından imtina edilsə də, Sabunçu RPİ-nin İŞ tərəfindən onların araşdırmaları nəticəsində cavabdehin ona olan 75000 ABŞ dolları məbləğində borcunun mövcudluğu təsdiq edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-931/2021 saylı işi üzrə 15.04.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh 75000 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pul və ödədiyi 45 (30+15=45) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5645/2021 saylı işi üzrə 30.11.2021-ci il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi və işin üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-cu il tarixli, 2(103)-931/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1095; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 69.1, 77.1, 88, 106.2, 407.2, 416-cı maddələrini istinadən qeyd edilmişdir ki, Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, iddiaçının hazırki tələbinə görə, cavabdeh onun keçmiş kürəkənidir və o, Şağan qəsəbəsində yerləşən köhnə həyət evini söküb yerində yeni müasir ev tikmək qərarına gəlib. Həmin vaxt cavabdeh artıq işləmirdi. Cavabdeh ona müraciət edərək maddi köməklik göstərməsini xahiş edib və vəd verib ki, evi tikilib qurtardıqdan sonra onu qızının adına rəsmiləşdirəcək. Bu əsasla o, cavabdehə 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla 75000 ABŞ dolları borc pul verib və sonradan cavabdehlə qızının münasibətləri pozulub. Evin tikintisi başa çatdıqdan sonra isə cavabdeh vədini pozaraq həmin evi qızının adına rəsmiləşdirməyib və sonradan qızı ilə rəsmi surətdə boşanmaq qərarına gəlib. Ona görə də cavabdehə verdiyi 75000 ABŞ dolları borcu geri tələb edir.Cavabdeh isə iddiaçının ona 75000 ABŞ dolları borc verdiyini iddia etsə də bununla razılaşmadığını, iddiaçının ona, uşaqlarına, keçmiş arvadına xərclədiyi cəmi 25000 ABŞ dollarını borc kimi qəbul edərək qaytaracağını öhdəsinə götürdüyünü və artıq həmin 25000 ABŞ dolları borcu tamamilə iddiaçıya geri qaytardığını göstərib, iddiaya etiraz edir. Cavabdehin bu etirazı onun polis orqanında verdiyi izahatı ilə də təsdiq olunur.Əvvəla, apellyasiya instansiyası məhkəməsi, cavabdehin 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla iddiaçıdan 75000 ABŞ dolları pul alması, yəni onun hüquqi əsas olmadan iddiaçının hesabına 75000 ABŞ dolları əldə etməklə əsassız varlanması qənaətinə gəlsə də işdə, iddiaçının cavabdehə iddia olunan müddətdə pul verməsini və ya sonuncunun həmin vəsaiti iddiaçıdan almasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Leyla Məmmədova, Fəqan Qurbanovun izahatları, istintaq orqanın HK-1/04 saylı materialı üzrə dindirilmiş Leyla Məmmədova, Fəqan Qurbanov və Əli Qurbanovun ifadələri, habelə istintaq orqanının "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 yanvar 2020ci il tarixli qərarı ilə əsaslandırmağa çalışsa da, həmin sübutlarla da cavabdehin iddiaçıdan sözügedən məbləğdə pul alması müəyyən edilmir, yəni iddiaçının cavabdehə iddia olunan məbləğdə pul verməsinə qeyd olunan şəxslərin bilavasitə şahidlik etmələri öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının, o cümlədən şahidlərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin etirazı ilə yanaşı yoxlayıb qiymətləndirmədən, sonuncunun hüquqi əsas olmadan iddiaçının hesabına 75000 ABŞ dolları əldə etməklə əsassız varlanması qənaətinə gəlib və bununla da Mülki Prosessual Məcəllənin 88, 106.1, 217.4-cü maddələrinin tələblərini pozub. Halbuki, həmin maddələrin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.Göründüyü kimi əsassız varlanma başqasının hesabına qanunsuz əmlak əldə etdikdə yaranır. Əsassız varlanma başqasının hesabına həm də pul, qiymətli kağızlar, eləcə də əmlak hüquqları və qanunla müdafiə olunan hər cür maddi faydalar əldə edilməsi nəticəsində yarana bilər.Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdehin iddiaçının hesabına iddia olunan məbləğdə pul əldə etməklə əsassız varlanmasını sübut etmək yükü bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı isə iddia ərizəsində, izahatında, apellyasiya şikayətində cavabdehə 2017-2018-ci illərdə məhz 75000 ABŞ dolları borc verdiyini iddia etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar mülki iş materialları ilə təsdiq olunmur. Eyni zamanda iddiaçı sözügedən pul vəsaitini cavabdehə məhz borc şəkilində verdiyini iddia edir. Belə olan halda cavabdehin hüquqi əsas olmadan keçmiş qayınatası, yəni iddiaçının hesabına əsassız varlanmış şəxs sayılması yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə istisna olunur. Çünki, həmin normaların mənasına görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur. Hazırki halda isə iddiaçı, cavabdehin keçmiş qayınatasıdır və o, pul vəsaitini cavabdehə məhz borc şəklində verib. Bütün bunlar isə cavabdehin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına 75000 ABŞ dolları pul əldə etməklə əsassız varlanması nəticəsinə gəlməyə əsas vermir və onlar arasında borc hüquqi münasibətlərin olmasını istisna etmir.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə vəmiqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi).Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllənin 740.1, 740.2-ci maddələri).Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə tərəflər arasında mövcud olmuş mülki hüquqi münasibətlərə aydınlıq gətirilməli, onlar arasında yazılı formada borc müqaviləsinin bağlanıb-bağlanmaması araşdırılmalı və bundan sonra tərəflər arasında müqavilə əsasının olub-olmamasına aydınlıq gətirilməli və cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına hansı məbləğdə pul əldə etməsi və sair işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, qanunverici qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını başqa sübutlarla təsdiq etməyi istisna edir, yəni 75000 ABŞ dollarına dair tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmaması gələcəkdə iddiaçını işin bu halını şahid ifadələri ilə təsdiq etməsinə yol vermir (MPM-nin 81-ci maddəsi).İstintaq orqanının 28 yanvar 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına gəlincə isə kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, sözügedən qərar hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, qeyd olunan maddənin mənasına görə, istintaq orqanının deyil, məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni hüquqi mövqe "Q.Məmmədovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2020-ci il tarixli qərarında da təsbit edilib göstərilib.Göründüyü kimi bilavasitə məhkəmənin qanuni qüvvəyə minmiş hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarında göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisial əhəmiyyət daşıyır və bu faktları heç kim yenidən mübahisələndirə bilməz.Həmçinin, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edildiyindən, həmin norma geniş təfsir oluna bilməz və istintaq orqanının hər hansı qərarında müəyyən edilmiş faktlar mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıya bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, istintaq orqanının 28 yanvar 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad edib iddianı təmin etməklə, sözügedən maddənin tələblərini pozub. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, əsassız varlanma obyekti sayılan 75000 ABŞ dollarını cavabdehdən geri tələb etmək hüququnun məhrum olana, yəni iddiaçıya qızı ilə cavabdeh arasında ər-arvad münasibətlərinin pozulduğu 2019-cu ildən məlum olduğunu və hazırki iddia tələbi ilə məhkəməyə 21 fevral 2020-ci il tarixdə müraciət etdiyini və beləliklə də iki illik kəsici müddəti ötürmədiyini göstərsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb və kəsici müddətin axımını düzgün müəyyən etməməklə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərini pozub. Belə ki, həmin maddədə göstərilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Maddənin mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla kəsici müddətə aiddir. Nəzərə alınmalıdır ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.İddia ərizəsindən, iddiaçının izahatından görünür ki, o, 2017-ci ildən başlayaraq 2018-ci ilin yanvar ayında hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 75000 ABŞ dolları borc pul verib və hazırki iddia ilə məhkəməyə 21 fevral 2020-ci il tarixdə müraciət edib.Apellyasiya instansiyası məhkəməsi, kəsici müddətin axımını iddiaçının qızı ilə cavabdeh arasında ər-arvad münasibətlərinin pozulduğu 2019-cu ildən hesablasa da, əsassız varlanma obyekti sayılan sözügedən pul vəsaitini geri tələb etmək hüququnun məhrum olana, yəni iddiaçıya 2017-2018-ci illərdən məlum olmasına diqqət yetirməyib.Daha sonra, apellyasiya instansiyası məhkəməsi, iş üzrə müvafiq qərar qəbul edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməməsini onun izahat verməkdən yayınması kimi qiymətləndirib, işin bu halının iddiaçının təqdim etdiyi məlumatlar əsasında müəyyən etməyə əsas verməsi nəticəsinə gələrkən, cavabdehin məhkəmə iclasına gəlib izahat verməli olmasının zəruriliyini kifayət qədər əsaslandırmayıb. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinin mənasına görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər və yalnız zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.Göründüyü kimi yalnız zəruri hallar olduqda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağıra bilər. Hazırki halda isə cavabdehi apellyasiya icraatı mərhələsində nümayəndəsi və vəkili Vəkil təmsil edib və onun izahat vermək üçün məhkəməyə çağırılmasını zəruri edən hallar isə mülki iş materialları ilə müəyyən olunmur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin məhkəmə iclasına gəlməməsini əsas tutub yalnız iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab etməsi yuxarıda sadalanan prosessual normaların tələbləri baxımından əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir."Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, Mülki Məcəlləyə əsasən borc 3000 manatdan yuxarı olduqda müqavilə bağlanılma olduğunu, 3000 manatın borc verildiyi halda bununla bağlı müqavilə bağlanılmalı olduğunu, tərəflərin 10 ilə yaxın bir müddətdə qohumluq münasibətində olduqlarını, iddiaçının qızı ilə cavabdeh arasında nikahın pozulduğunu, mənzilin cavabdehin valdeynlərinə məxsus olduğunu, cavabdehin izahatında da borc pul almadığını və borc istəmədiyini bildirdiyini, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın preyudisal əhəmiyyətə malik olmadığını bildiirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı Məmmədov Əlı̇ xan Tapdıq oğlu iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında davamlı münasibətlər çərçivəsində qarşılıqılı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, qaytarılan məbləğin miqdarı və digər ziddiyyətli dəlillər (sübutlar), iddia edilən pul vəsaitlərinin məbləğının, şübhələrdən kənar olaraq borcun və borc mövcud olduğu təqdirdə onun miqdarına birmənalı qiymət veilməsini mümkünsüz edir. cinayət işinin rədd edilməsi barədə qərarı bocun qeyd edilən məbləğdə olması və cavabdehin həmin borc məbləğinə aidiyyəti artıq kasassiya instansiya məhkəməsinin qərarında qiymət verilən təkzibedilməz sübutların olmadığı sırasında preyudisiyal əhəmiyyətə malik olmadığını və şahid ifadələrinin pul vəsaitlərinin dövriyyəsi üzrə mötəbər sübut kimi qəbulunun yolverilməzliyini əks etdirir. Kassasiya instansiya məhkəməsi tərəfindən göstərilən işdə olan hansı sübutları təhlil və onların mötəbərliyinin yoxlaması dəqiq əks edilmədiyi vəziyyətdə qərarda müəyyən edilən iddiaçının sübutetmə vəzifəsinə uyğun sonuncunun prosessual hərəkətsizliyinə rəğmən məhkəmənin özünün sübutları əldə etmək kimi prosessual imkanları istisna və bununla da iddianın əsassızlığı müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Məmmədov Əlı̇ xan Tapdiq oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1213/2020 nömrəli işi üzrə 27.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar