Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1847/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 40 saylı Notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki iş üzrə (açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 40 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)-6999/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh2 ASC ilə borc alan Rzayev Məmməd Firdovsi oğlu və zamin İddiaçı arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli, MK55104/73/14 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə borc alana 7000 manat məbləğdə kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borcalan müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə onun və ya zaminin sərəncamı olmadan birtərəfli qaydada borc alanın və ya zaminin bankdakı hesablarında müvafiq həcmdə vəsait silir.
2. Cavabdeh2 ASC tərəfindən 23 avqust 2014-cü il tarixdə təsdiqlənmiş “Cavabdeh2 ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 6.12-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır.
3. 25 yanvar 2020-ci il tarixli 3016 nömrəli kassa məxaric orderindən görünür ki, Rzayev Məmməd Firdovsi oğlu 7000 manat məbləğdə pulu imza edərək götürmüşdür.
4. 30 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 ASC tərəfindən zamin İddiaçı müraciət olunaraq 20 gün müddətində 25 yanvar 2020-ci il tarixli, MK55104/73/14 nömrəli kredit müqaviləsi üzrə 4226,16 manat əsas borcun və 10,58 manat faiz borcunun ödənilmədiyi təqdirdə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə əsasən borc barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə zamin xəbərdalıq edilmişdir.
5. 095479 nömrəli qaimədən görünür ki, 30 avqust 2022-ci il tarixli bildiriş 31 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən imza olunaraq qəbul edilmişdir.
6. Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli İcra qeydindən görünür ki, notarius tərəfindən Cavabdeh2 ASCnin xeyrinə İddiaçı 4261,44 manat borc, 25 manat dövlət rüsumu olmaqla, cəmi 4286,44 manat məbləğdə pulun tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi reyestrdə 8İ- 3470 nömrə ilə qeyd olunaraq, informasiya sisteminə daxil edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh2 ASC-nin xeyrinə 4286,44 manat tutulması ilə bağlı Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 21 sentyabr 2022-ci il tarixli, 3470 nömrəli icra qeydinin ləğv olunması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə Rzayev Məmməd Firdovsi oğlu kredit müqaviləsinə əsasən bank tərəfindən ona ayrılmış, həmin kredit üzrə gələcəkdə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Rzayev Məmməd Firdovsi oğlunun maliyyə vəziyyətində yaranmış çətinliklərə görə o, kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Ona görə də Cavabdeh2 ASC onun yaşayış yeri üzrə Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət etmiş, kredit müqaviləsi üzrə ödənilməmiş 4520,60 manat məbləğdə vəsaitin tutulması ilə bağlı icra qeydinin aparılmasını xahiş etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən aparılmış icra qeydi əsasında icra hərəkətləri davam etdirilir. Belə ki, tələbkar ilə borclu arasında yaranmış razılıq əsasında icra qeydində göstərilən tələb hissə-hissə ödənilir. Cavabdeh2 ASC onun yaşayış yeri üzrə Bakı şəhəri 40 saylı Notariat ofisinə müraciət etmiş, kredit müqaviləsi üzrə ödənilməmiş 4520,60 manat məbləğdə vəsaitin tutulması ilə bağlı icra qeydinin aparılmasını xahiş etmişdir. Notariat ofisi xahişi təmin etmiş, ondan da kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı icra 23 sentyabr 2022-ci il tarixli 3470 nömrəli icra qeydi aparmışdır. Bankla aralarında bağlanmış zaminlik müqaviləsində müqavilənin qüvvədə olduğu dövr ərzində üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyi halda bankın icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etmək ilə bağlı hüququnun olması barədə hər hansı qeyd yoxdur. İcra qeydinin aparılması barədə məlumatı 12 oktyabr 2022-ci il tarixdə almışdır. Belə ki, Xətai rayon İcra Şöbəsinə dəvət olunaraq 40 saylı Notariat ofisinin icra qeydi və icra vərəqəsi təqdim edilmişdir. Hazırda ondan banka 4286,44 manat vəsait ödənməsi tələb olunur. Bununla razı deyil və hesab edir ki, icra qeydi qanunsuz aparıldığı üçün ləğv edilməlidir. Belə ki, hazırkı icra qeydi aparılan zaman Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələbləri aşağıdakı səbəblərdən kobud şəkildə pozularaq əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, tələbkar icra qeydlərinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Qanunvericiliyin tələbinə əsasən, belə bir bildirişin borcluya göndərilməsini və çatmasını təsdiq edən, habelə borcu müəyyın edən sənədlər və ya bununla bağlı digər məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməlidir. Eyni zamanda Notariat ofisi də icra qeydi apararkən borcun ödənilməsi barədə borcluya (zaminə) heç bir yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkət etməmiş, əsassız icra qeydi aparmışdır. Halbuki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparıla bilər. Əks halda, yəni tələbkarla borclu arasında bağlanılmış müqavilə üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə həllini yalnız məhkəmədə tapmalıdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərinin tutulması və əmlakın tələb edilməsi üçün icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və həmin maddənin 3-cü hissəsində nəzərdə tutulan iddia müddəti keçmədiyi halda aparılır. Hazırkı halda bank qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Çünki, kredit müqaviləsi üzrə öhdəliklər Rzayev Məmməd Firdovsi oğlu tərəfindən icra olunur.
9. Cavabdehin etirazının əsaslarına görə, iddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də, Notariat ofisi tərəfindən bildiriş 01 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanına göndərilmiş və 03 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. İcra qeydi qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Nəticə olaraq icra qeydi “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Bundan əlavə, İddiaçı ilə bank arasında bağlanmış zaminlik müqaviləsi üzrə zamin bank qarşısında kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı tam öhdəlik götürmüşdür. Borclu tərəfindən müqavilə üzrə öhdəlik icra olunmamış, buna görə də bank tərəfindən zaminə qarşı tələb irəli sürülməklə, ondan pul məbləğinin tutulması barədə icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)- 6999/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə, məhkəmə baxışı zamanı Rzayev Məmməd Firdovsi oğlunun 25 yanvar 2020-ci il tarixli, MK55104/73/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-yə 4261,44 manat borcunun qalmasının mübahisəsiz olması, İddiaçı zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə borc alanla birgə məsuliyyət daşıması, bank tərəfindən notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi və bildirişin sonuncu tərəfindən qəbul edilməsi, bununla da, İddiaçı 4261,44 manat borc, 25 manat dövlət rüsumu olmaqla, cəmi 4286,44 manat məbləğində pulun tutulması barədə Bakı şəhəri, 40 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün heç bir qanuni əsasın olmadığı müəyyən edilməmişdir. İddiaçı digər borclu Rzayev Məmməd Firdovsi oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını, bununla da, borc verən qarşısında onun icra edilməmiş öhdəliyinin qalmadığını qeyd etmiş, lakin iddia ərizəsinə həmin halları təsdiq edən heç bir sübut əlavə edə bilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 373, 385, 425, 470, 472, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qeyd edilən normanın tələbindən də aydın olduğu kimi mübahisə predmeti olan 25 yanvar 2020-ci il tarixli, MK55104/73/14 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiaçıya bildiriş göndərilməli idi. Yalnız bundan sonra mübahisənin mövcud olub-olmadığı müəyyənləşdirilə bilər, iddiaçının borcunun ödənilməsindən yayınılması halında icra qeydi tərtib oluna bilərdi. Göründüyü kimi, cavabdeh qanunun tələbinə əməl edilmədən əsassız olaraq 21 sentyabr 2022-ci il tarixli, 3470 nömrəli icra qeydi aparmışdır. Cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisi qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl etməyərək borcun mübahisəsiz olubolmamamasını müəyyənləşdirməkdən ötrü heç bir hüquqi addım atmamışdır. Halbuki, mübahisə predmeti olan müqavilənin şərtlərinə əsasən, mübahisə olduğu halda icra qeydi aparılmır və mübahisə mövcud olduğu halda onun həlli yalnızca məhkəmə tərəfindən həyata keçirilir.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qeyd edilən normanın tələblərindən də aydın olduğu kimi notariat ofisi tərəfindən icra qeydi o halda aparılır ki, borc üzrə mübahisə mövcud olmasın. Hazırki mülki iş üzrə iş materiallarından da göründüyü kimi cavabdeh sözü gedən normanın tələbini ciddi surətdə pozaraq heç bir hüquqi addım atmamışdır. Belə ki, əgər cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisi mübahisənin olub-olmaması barədə addım atsaydı borc üzrə mənim tərəfimdən bank qarşısında hər hansı bir öhdəliyimin olmaması müəyyən etmiş olar, borcun öhdəlik götürmüş şəxs X4 tərəfindən ödənilmiş olduğunu görə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır;
Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri.
20. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə Rzayev Məmməd Firdovsi oğlu və zamin İddiaçı arasında 25 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır.
25. İddiaçının apellyasiya şikayətinin dəlilləri ümumən 2 dəlil üzrə formalaşmışdır: 1) tələb edilən borc mübahisəlidir, krediti götürən şəxs ödənişlər etmişdir; 2) icra qeydi verilməmişdən əvvəl qanunvericiliyin tələbinə zidd olaraq ona borcun ödənilməsi barədə bildiriş göndərilməmişdir.
26. Şikayətin birinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, müqavilə üzrə ödənilməmiş əsas borcun 4226,16, faiz borcunun 35,28 manat olmaqla cəmi 4261,44 manat təşkil etməsi Cavabdeh2 ASC-nin icra qeydi haqqında ərizəsi və işin digər halları ilə təsdiq olunur. İddiaçı krediti götürmüş şəxsin borcu ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə təqdim etmiş, nə də apellyasiya şikayətinə əlavə etmişdir.
27. İş materiallarının 39-cu vərəqində olan xəbərnamə-qəbzdən görünür ki, Cavabdeh2 ASC-nin iddiaçıya ünvanlanmış bildirişi 01 avqust 2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Bu fakt isə iddiaçının icra qeydi verilməmişdən əvvəl qanunvericiliyin tələbinə zidd olaraq ona borcun ödənilməsi barədə bildirişin təqdim edilməməsi barədə dəlilini təqzib edir.
28. İşin qeyd edilən halları iddiaçının apellyasiya şikayətinin dəlillərinin bütövlükdə təsdiq olunmayan mülahizələrdən ibarət olduğu qənaətinə gəlməyə əsas verir.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)-6999/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)-6999/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev