Məhkəmə qərarları › İş №2(103)-1847/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1847/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1847/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1847/2024 (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1722/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X8 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)-736/2008 saylı qiyabi qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş oğlu X1 üçün X4 xeyrinə uşağın yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının dörddə bir hissəsi miqdarıda aliment tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir

2. Hazırda iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini istəyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1928/2009 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Lakin nikahı pozulmamışdan bir il əvvəl Suraxanı Rayon Məhkəməsinin 2(010)-736/2008 saylı qətnaməsi ilə cavabdehdən birgə nikahdan doğulmuş - xx.xx.2007- ci il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment məbləği tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 7 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək iddiaçı üçün çox çətindir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1722/2023 saylı qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)-736/2008 saylı qiyabi qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1722/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 46,4 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 107 və 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən onun məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, ümumiyyətlə, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanına heç bir məhkəmə bildirişi göndərilməmişdir. Məhkəmə proseslərində onun iştirakı qəsdən təmin edilməmişdir. Ona aidiyyəti olmayan, heç tanımadığı, ona məlum olmayan Suraxanı rayonu ərazisindəki bir ünvana bildirişlər göndərilmişdir. Guya həmin ünvanı iddiaçı məhkəməyə təqdim etmişdir. Halbuki cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan Sabunçu rayonu ərazisində olmuşdur. Beləliklə, iştirakı olmadan məhkəmə tərəfindən iddiaya münasibəti öyrənilmədən, işin həqiqi halları aşkara çıxarılmamış, iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsindən təsadüfən xəbər tutmuşdur. Bu yaxınlarda təsadüfən pensiya kartından artıq məbləğdə tutulmalar olduğunu aşkar edərək İcra və Probasiya şöbəsinə yaxınlaşmışdır. Orada bilmişdir ki, alimentin artırılması ilə bağlı yeni qətnamə var. Suraxanı Rayon Məhkəməsinə yaxınlaşaraq hazırki qətnaməni götürmüşdür. Qətnamənin ona verilməsi ilə həmin məhkəməyə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsinin surəti ona rəsmi qaydada verilmişdir. Ona qarşı alimentin artırılması ilə bağlı iddia tələbini isə əsassız hesab edir. O, uzun müddətdir ki, alimenti aylıq qazancının ¼ hissəsi məbləğində iddiaçıya ödəmişdir və heç vaxt alimentin gecikdirilməsi və kəsilməsi halları olmamışdır. Təxminən bir müddət əvvəl cavabdeh pensiyaya çıxmışdır. Hal-hazırda işsizdir. Yeganə dolanışıq vəsaiti həmin pensiya məbləğidir. Həmin məbləğin də ¼ hissəsinin aliment olaraq uşaq üçün tutulmasına etirazı yoxdur. Alimentin dəyişdirilməsi üçün heç bir əsas görmür. Əks halda onun maddi vəziyyəti ağırlaşdırılmış olur. Qeyd edilənlərə əsasən iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə baxışı zamanı cavabdeh apellyasiya şikayətinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktının çıxarıldığı iclasın vaxtı və yeri barədə cavabdehə heç bir məlumat verilməmiş, göstərilən ünvan ona məxsus olmamış, məhkəmə prosesi çəkişmə prinsipinə əməl edilmədən keçirilmiş və bununla da cavabdehin qanunla qorunan mənafeləri pozulmuşdur.

11. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

13. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

20. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

21. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

27. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

28. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

32. Maddə 138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.

33. Maddə 171. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.

34. Maddə 173. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər.

35. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

39. Maddə 387.2 və 387.2.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki iş üzrə cavabdeh qətnaməni iddianın qismən təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya iş materiallarını və faktiki halları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı prosessual normaların tətbiq olunmasında səhvə yol vermişdir və belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

44. Belə ki, iş materiallarına nəzər yetirildikdə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin heç bir mərhələsində cavabdehin faktiki qeydiyyatda olduğu ünvana bildiriş göndərilməmiş, iddiaçının öz ərizəsində qeyd etdiyi ünvanla kifayətlənmişdir. Halbuki iş materiallarından (səhifə 16) görünür ki, məhkəmə özü AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin şəxsi məlumatlarına nəzər yetirmiş və onun qeydiyyatda olduğu ünvanın Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu olduğunu müəyyənləşdirməsinə baxmayaraq, bildirişlərin həmin ünvana göndərilməsini təmin etməmişdir.

45. Halbuki Mülki Prosessual Məcəllənin tələblərinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

47. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının məzmunundan da göründüyü kimi çəkişmə prinsipinin təmin edilməsi məhkəmələr üçün işin hərtərəfli araşdırılması ilə bağlı olduqca lazımi bir institutdur. Lakin hazırki iş üzrə cavabdeh öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum edilmiş, qanunvericiliyin ona verdiyi hüquqlarından lazımi qaydada istifadə edə bilməmişdir. Bu da Mülki Prosessual Məcəllənin tələbləri baxımından apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunması üçün əsas təşkil edir.

48. Bununla belə kollegiya cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qətnamənin tam həcmdə yoxlanılması məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)-736/2008 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş oğlu X2 üçün X4 xeyrinə xx.xx.2008-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının dörddə bir hissəsi miqdarıda aliment tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir.

50. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(010)-1928/2009 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X7 arasında Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində bağlanmış xx.xx.2005-ci il tarixli 1150 saylı nikah qeydiyyatının pozulması qət edilmişdir.

51. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

52. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

53. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

54. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması ilə bağlı mövqe qanuni və əsaslı olmuşdur. Belə ki, Suraxanı Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixli 2(010)-736/2008 saylı qiyabi qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş oğlu X1 üçün X4 xeyrinə uşağın yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının dörddə bir hissəsi məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət əsaslı şəkildə dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

55. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Maddi vəziyyətinin aşağı olması, kredit öhdəliyinin mövcudluğu barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

56. Cavabdehin yenidən ailə həyatı qurması və həmin nikahından da 2 övladının olması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu hazırki iş üzrə İddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşağın layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir.

57. Cavabdehin alimentin onun qazancının ¼ hissəsi miqdarında tutulması barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, cavabdehin özünün məhkəməyə bildirdiyi üzərə 536 manat məbləğində pensiya almaqdadır və həmin məbləğin 1/4 hissəsi olan 134 manatdır ki, həmin məbləğdə pul hazırki həyat şəraitlərini, o cümlədən uşağın yaşını nəzərə alaraq onun saxlanılmasına kifayət etməyəcək dərəcədə hədsiz aşağı məbləğdir, digər tərəfdən isə iddiaçının da tələbi məhz alimentin sabit pul məbləğində tutulmasıdır.

58. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını hər ay 220 manat sabit pul məbləğində müəyyən etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

59. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

61. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

62. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1722/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(010)-736/2008 saylı qiyabi qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 46,4 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya prosesində iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin olunmasın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar