Məhkəmə qərarları › İş №2(103)-1847/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1847/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1847/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh “Amal-2015 MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Amal-2015 MMC-yə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş ziyana görə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabehin vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizədə göstərilib ki, məhkəmənin 2(011)-49/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, mülki işə mahiyyəti üzrə baxılması xx.xx.2024-cü il tarixə saat 17:00-a təyin edilmişdir. Həmin qərardadın surəti və ya məhkəmə bildirişi Cavabdeh MMC-yə daxil olmamışdır. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişlər. Qətnamənin mövcudluğundan xx.xx.2024-cü il tarixdə məlumatalrı olmuşdur. Qətnamənin surətini xx.xx.2024-cü il tarixdə alıb apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və cavabdehin apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə qaytarılmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, mülki işin materialları ilə müəyyən edilmişdir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə həm cavabdehin, həm də cavabdehin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin vəkili və nümayəndəsi isə artıq 15 gün müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili və nümayəndəsi ötürülmüş müddətin bərpası üçün gətirdiyi yeganə dəlil ondan ibarətdir ki, “Elektron Məhkəmə” informasiya sisteminə məhkəmə qətnaməsinin yerləşdirilməsi barədə bildiriş onlara gəlməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nın 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən də göründüyü kimi məhkəmə aktı cavabdehin və ya onun vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilən zaman İnformasiya Sistemi vasitəsilə elektron kabinet istifadəçisinə məlumat göndərilir. Bu məlumat istifadəçinin elektron şəxsi kabinetə giriş edən zaman daxil etdiyi elektron poçt ünvanına və ya daxil etdiyi mobil əlaqə nömrəsinə göndərilir. Cavabdehin vəkili və nümayəndəsinin xx.xx.2024-cü il tarixdə keçirilən iclas barədə məlumatları olmamasına dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edib ki, mülki iş üzrə icraatın təzələnməsi və növbəti məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsi barədə Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı həm cavabdehin, həm onun vəkili və nümayəndəsinin, həm də iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetlərində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdehin vəkili və nümayəndəsinin ərizədə göstərdiyi dəlillər buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Həmin qərardaddan cavabdeh şikayət verərək ləğv edilməsini prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmiş və şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində bildirir ki, qətnamə xx.xx.2024-cü il tarixdə həm cavabdehin, həm də cavabdehin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti isə müddətin qurtardığı tarixdən 15 gün müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün kifayət qədər müddətin olmasına baxmayaraq, cavabdeh tərəfin müddəti ötürməklə apellyasiya şikayətini verməsi ən başlıca məhkəməyə laqeyd münasibət, hörmətsizlik, həmçinin iddiaçıya qarşı süründürməçilik və vaxt itkisinə səbəb olmaqdan başqa bir şey deyildir. Odur ki, cavabdeh tərəfindən verilmiş şikayətin rədd edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə həm cavabdehin, həm də cavabdehin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin vəkili və nümayəndəsi isə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsaslı olmadığından şikayət təmin edilə bilməz. Çünki onun şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Mülki Prosessual Məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıdan sadalanan prosessual hüquq normalarından da göründüyü kimi elektron kabineti olan şəxslərə məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılır və məhkəmə aktlarından şikayətin elektron kabinet vasitəsilə elektron sənəd formasına tərtib edilib, imzalanıb təqdim edilməsi Mülki Prosessual Məcəllənin imperativ tələbidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar