Məhkəmə qərarları › İş №2(103)-1850/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1850/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1850/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(005)-3716/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(005)-3716/2019 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli, 15-M-l-0-802-12 nömrəli kredit müqaviləsi üzrə 3550 manat əsas, 847 manat faiz, 350 manat cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 4777 manat borc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı İKB-yə verilməsi, tələbin girov ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan 1500 manat məbləğindən az olmayan ev əşylarına (2 ədəd televizor; 1 ədəd noutbuk; 1 ədəd soyuducu; 1 ədəd stol və 6 ədəd stul) və 14230 manat məbləğindən az olmayan mal qalığına (mal qalığı və avadanlıqlar) yönəldilməsi, həmin əşyaların açıq hərracdan satılaraq əldə olunan vəsatin 4777 manatı İddiaçı İKB-yə verilməsi, qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını, ondan 4777 manat ödənilmiş dövlət rüsumu kimi 30 manatın alınaraq İddiaçı İKB-yə ödənilməsi hissəsində rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin çıxarılmasına əsas verən sübut növlərindən biri olan xx xxxxxx 2012 ci il tarixli, 15-M-1-0-802-12 nömrəli zaminlik müqaviləsindən, eyni zamanda Cavabdeh2 da zamin kimi məsuliyyətini müəyyən edən müqavilədən, girov ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan 1500 manat məbləğindən az olmayan ev əşyalarına və 14230 manat məbləğindən az olmayan dəyərdə mal qalığına borcun yönəldilməsi barədə məhkəmə qətnaməsində birbaşa göstəriş olduğu halda Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən onun əməkdaşı olduğu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə ondan 4777 manat və rüsum kimi ödənilmiş 30 manatın ödənilməsi üçün hər ay əmək haqqının 50 % tutulması barədə göstərişini qanunsuz hesab edir. Axı məhkəmə qətnaməsində əvvəlcə kredit götürənin yüklü edilmiş yuxarıda sadalanan əmlakının hərracda satılaraq kredit borcunun ödənilməsi nəzərdə tutulduğu halda icra məmuru asan yol seçmiş və bütövlükdə mövcud borcun onun əmək haqqına yönəldilməsini istəmişdir. Belə olan halda əgər qanunun tələbində birgə məsuliyyət nəzərdə tutulursa digər zamin Cavabdeh2 da məsuliyyəti olduğu halda hansı səbəbdən bütövlükdə ödənilməmiş borcun ondan tutulması qərara alınmışdır ki, bu da onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, 16.000 manatlıq girov yoxa çıxıb, borc yalnız ona yönəldilib. Məhkəmə iclasında cavabdehin vəkili X2 bildirdi ki, borc Dmitriyin əmək haqqına yönəldilib. Digər zaminə, girova borc yönəldilməyib. Onlar hətta icra məmurunun hərəkətlərindən şikayət etmişdi. Lakin Nərimanov Rayon Məhkəməsi onların iştirakını təmin etmədən şikayətlərini rədd edib. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, onlar Zurabın belə olduğunu bilmirdilər, münasibətləri var idi. Sonradan bildilər ki, belə işləri var. Tək onlar deyil, başqalarını da bu vəziyyətə salıb. Bu işləri düzüb qoşan bankın işçisi olub. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya və Cavabdeh3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh gəlməmiş, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. İddiaçı tərəfindən tələbin girov predmetinə yönəldilməsi üçün qanunvericilikə müəyyən edilmiş prosedura riayət edildiyindən, öhdəliyin icra edilməsi təminatı olaraq tələb Cavabdeh3 məxsus girov predmetlərinə yönəldilməli və girov predmetləri açıq hərracdan satılaraq əldə olunan vəsait, dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı İKB-nin hesabına ödənilməli, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh1 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini göstərsə də, şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, Cavabdeh1 apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, əslində o, qətnamədən deyil, onun icra qaydasından narazıdır. Belə ki, o, qət olunan məbləğin əvvəlcə girov predmetinə yönəlməli olduğundan, icra məmuru tərəfindən tutmanın onun əmək haqqına yönəldilməsini qanunsuz hesab edir. Bununla əlaqədar, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti deyil, icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ olmuş və vəkilinin izahatından da aydın oldu ki, o, artıq birinci instansiya məhkəməsinə bu barədə şikayət vermiş və həmin məhkəmə tərəfindən müvafiq qərar da qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh1 qət olunan və bütövlükdə ödənilməmiş borcun ondan tutulmasını hüquqlarının pozulması kimi qiymətləndirirsə bu hallar qətnamənin, özü də altı il əvvəl qəbul edilmiş qətnamənin mübahisələndirilməsi üçün əsas olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(005)-3716/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar