Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(003)-512/2021 saylı qətnaməsindən İddiaçı İB-nin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4771.60 manat məbləğində əsas borcun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4801.60 manat məbləğində borcun cavabdehdən tutularaq Birliyin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən ona əsassız hesablanmış 4771.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 28.04.2018-ci il tarixində AK 2/36217 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən **********00060 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1802AZ**********75 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 25.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 14, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 16, 80, 35, 6,50 və 16 manat məbləğində debitor borcları da yaranmışdır. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən ona məxsus ünvana əsassız olaraq aktlar tərtib edilmişdir. Sözügedən aktların heç birindən xəbəri olmamışdır və aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olub ki, İddiaçı tərəfindən tərtib edilmiş akt əsasında qeyri-qanuni təbii qazdan istifadə etməyi aşkar edilmişdir. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmiş və heç vaxt qaz sayğacına tərəfindən müdaxilə edilməmişdir. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı və niyyəti olmamışdır. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə cərimə hesablamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(003)- 512/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 192.3 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pul vəsaitinin tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh əsassız hesablanmış 4581.10 manat borcun silinməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apelyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, aktlar və cavabdehin ünvanında çəkilən fotoşəkillər cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Qanunvericiliyin tələblərinə zidd şəkildə qaz sayğacına kənar qoşulma hallarının təsdiq olunması üçün müvafiq ünvanda ekspertiza həyata keçirilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Bakı X2 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 28.04.2018-ci il tarixdə AK2/36217 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüş, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu İİ tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu İl tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu İl tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 14, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat itirilmiş təbii qazın qeyri-qanuni istifadəsi nəticəsində borc hesablanmışdır. Aktlardan ikisi (25.05.2018-ci il tarixli ******* saylı və 28.02.2019-cu il tarixli ******* saylı) sayğaca müdaxilə edilməsi ilə, digərləri isə təbii qazın qeyri-qanuni istifadəsi ilə bağlı tərtib olunmuşdur. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh təbii qazdan istifadə etməsi ilə əlaqədar yaranan 16.80, 35, 6.50, 16 və 118 manat olmaqla, cəmi 192.3 manat borcunu ödəməmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunu və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarına əlavə olunmuş aktlar yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, iddiaçının aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-512/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1852/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1852/2022
23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver