Məhkəmə qərarları › İş №2(103)-1852/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1852/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2926/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 4000 manat məbləğində vəsaitin, hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində vəsaitin və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-2926/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir.

3. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, anası Məmmədova Kifayət Ələmdar qızı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4782/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4215/2021 saylı qətnaməsi ilə şikayət təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4782/2020 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borc məbləği hazırkı iddiaçı Lalə tərəfindən verildiyi üçün faktiki olaraq Lalə tərəfindən də tələb edilə bilər, yəni hazırkı iddiaçı Lalənin anasının pulu tələb etməkdə subyektiv tələb etmə hüququ olmamış, pul tələbi Lalə tərəfindən tələb edilməlidir. Bu əsasla da, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Məmmədova Kifayət Ələmdar qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4215/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin də mövqeyi eyni olmuşdur. Rayon məhkəməsi hazırkı tələblə 2019-cu ildən hüquq mühafizə orqanlarına müraciət edilməsini, daha sonra 2019-cu ildə məhkəməyə müraciət edilməsini nəzərə almadan iddia müddətini tətbiq etməklə iddia ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclaında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq əsassız olduğunu bildirmiş, iddia müddəti ötürüldüyündən rayon məhkəməsinin iddia tələbini tətbiq edərək iddia tələbini təmin etməməkdə haqlı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Məmmədova Kifayət Ələmdar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 2700 manat əsas borcun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manatın, cəmi 2900 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun alınaraq Məmmədova Kifayət Ələmdar qızına verilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5788/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Məmmədova Kifayət Ələmdar qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-349/2020 saylı, 09 iyun 2020ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Məmmədova Kifayət Ələmdar qızına, X2, X3 və X1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilmişdir.

12. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

14. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

23. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

24. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir, mülki iş materialları ilə borc pulun iddiaçıdan xx.xx.2015-ci il tarixdə götürüldüyü təsdiq edilir.

27. İddiaçı borcun ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir.

28. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməklə, iddia tələbini təmin etməməkdə halı olmuşdur.

29. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nəticə:

30. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş idiaçının özünə aid edilməlidir.

33. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-2926/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar