Məhkəmə qərarları › İş №2(103)-1852/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1852/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6150/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli, İK 1139/İK-19 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 7483,42 manat kredit verilmişdir.

2. xx.xx.2019-cu il tarixli, 1139/İK-19 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu borcalan Cavabdeh2 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən 4246,19 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat məbləğində pul tutularaq ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə 4245 əsas borca hesablanmış 5% məbləğində 809.50 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 7483.42 manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırılmış, xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə 7459,03 əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 7667,15 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən 4246,19 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat məbləğində pul tutularaq ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli, İK№1139/İK-19 saylı kredit müqaviləsi 60 aylıq müddətə bağlanmışdır. xx.xx.2020- ci il tarixdə sonuncu ödənişini etsə də gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2024-cü il tarixə cavabdehin Banka əsas borcunun qalığı 4245 manat təşkil edir. Hesab edirlər ki, həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsaitini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% (beş faiz) pul cavabdehlərdən tutularaq Banka ödənilməlidir.

6. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı ASC faktiki olaraq kredit müqaviləsinə dair pul tələbi üzrə əldə edə bilmədiyini əlavə iddia əsasında əldə etmək istəyir. Belə ki, əlavə edilmiş sənədlərdən, eyni zamanda elektron icra sənədlərindən ilkin iddia üzrə icraatın İddiaçı ASC-nin rəsmi müraciəti əsasında dayandırılması, 15 iyul 2024-cü ildə yenilənməsi müəyyən olunur. Qətnamə üzrə müəyyən olunmuş pul tələbi isə könüllü icra müddətində 2024-cü ilin sentyabr ayında ödənilmiş və məhkəmə qərarı icra edilmişdir. Belə olan halda əldən çıxmış faydanı hansı müddətdən hansı ana qədər hesabladığını yəqin ki, bir Bank özü bilir. Məhkəmə qərarınının icra edilməsi tarixi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı özlüyündə iddianın rədd edilməsi üçün yetərlidir. İddiaçı ASC bu məhkəmə müraciətləri ilə yalnız cavabdehlərin kredit reyestri məlumatlarını ləkələmək istəyir və prosesi uzatmaqla cavadehlərin kredit reyestri tarixçəsini bacardığı qədər korlamaqla məşğuldur. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı ASC-nin iddiası əsassızdır və rədd edilməlidir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6150/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim – Lətifə Məmmədova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borca hesablanmış 5 (beş) faiz məbləğində 809,50 (səkkiz yüz doqquz manat əlli qəpik) manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 21.2, 442, 445.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca hesablanmış 5 (beş) faiz məbləğində 809,50 (səkkiz yüz doqquz manat əlli qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi ilə bağlı qərar qəbul edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarınn pozuntusu ilə qəbul edilmiş və əsassızdır. Belə ki, məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdehlər vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bunun nəticəsində cavabdehlərin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsini gecikdirdiklərinə görə əsas borca hesablanmış 5 faiz məbləğində 809,50 manat məbləğində borc yaranmışdır ki, iddiaçı həmin borcun ödənilməsini tələb edir. Məhkəmə kredit müqaviləsinin müddətinin elə 2024-cü ilin oktyabr ayınadək olan dövrü əhatə etməsini, bununla bağlı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən 4246,19 manat əsas, 184,73 manat faiz, 23,39 manat cərimə borcu olmaqla, cəmi 4454,31 manat məbləğində pul tutularaq ödənilməsinin qət edilməsi və müvafiq qərar üzrə tam ödənişin həyata keçirilməsi faktını nəzərə almamışdır. Əlavə olaraq, məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim edilmiş cədvələ istinad etməklə qərar qəbul etmişdir. Lakin, cədvəldə kredit müqaviləsinin aktiv dövrünün əhatə edildiyini həmin müddət üçün də bank tərəfindən faiz ödənişlərinin hesablandığını nəzərə almamışdır. Bundan əlavə, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019- cu il tarixli, İK № 1139/İK-19 saylı kredit müqaviləsi üzrə 1189.57 (min yüz səksən doqquz manat, əlli yeddi qəpik)manat əsas borc olmaqla ümumi 1189.57(min yüz səksən doqquz manat, əlli yeddi qəpik) manat məbləğində dəymiş zərərin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olması səbəbindən, bu iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Qərardaddan apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6875/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qərarın qəbulu zamanı tərəflər arasındakı münasibətlərin müqavilə üzrə tənzimlənməsi, eyni predmet və dövr üzrə müvafiq kredit münasibətlərindən irəli gələn mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və Bank tərəfindən icra prosesində tələb üzrə icra hərəkətlərinin dayandırılmasına dair vəsatətlər nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçının nümayəndəsi X2 qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

22. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6150/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

35. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. xx.xx.2020-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdehlər vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bunun nəticəsində cavabdehlərin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsini gecikdirdiklərinə görə əsas borca hesablanmış 5 faiz məbləğində 809,50 manat məbləğində borc yaranmışdır ki, iddiaçı həmin borcun ödənilməsini tələb edir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.

37. Odur ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

38. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsini istisna etmir.

39. Hazırki işdə iddiaçı məhz MM-in 445.7-ci maddəsinə istinadla qanuni qüvvədə olan qətnamənin qəbul edilməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini tələb edir və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh1 şikayətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad edərək iddiaçının cavabdehlərə qarşı eyni məzmunlu iddia tələbi ilə müraciət etdiyini və həmin iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu və bu səbəbdən iddia ərizəsi üzrə icraata xitam verilməli olduğunu qeyd etsə də, həmin qətnamənin məzmunundan göründüyü kimi həmin iş üzrə iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması, hazırkı iş üzrə iddia tələbi isə öhdəliyin vaxtında icra edilməməsinə görə əldən çıxmış fayda tələbi olduğundan cavabdehin şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə isə tərəflər eyni olsa da iddia tələblərinin əsası fərqlidir.

41. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə və iddia tələbinin düzgün hüquqi həlli baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

42. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar