Məhkəmə qərarları › İş №2(103)-1853/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1853/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1853/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1 və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: kredit borcu, faiz borcu) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X2 və Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2967/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli AK-874 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil alınması məqsədi ilə 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 19.178 (on doqquz min yüz yetmiş səkkiz) AZN məbləğində kredit verilmişdir.

2. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 46.859,36 (qırx altı min səkkiz yüz əlli doqquz manat, otuz altı qəpik) manat bundan 18.333,78 (on səkkiz min üç yüz otuz üç manat, yetmiş səkkiz qəpik) manat əsas, 24 492,15 (iyirmi dörd min dörd yüz doxsan iki manat on beş qəpik) manat faiz borcu, 4.033,43 (dörd min otuz üç manat, qırx üç qəpik) cərimə və 230,58 manat dövlət rüsumuna görə xərcin əvəzinin müştərək qaydada Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2967/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən 18 333,78 (on səkkiz min üç yüz otuz üç manat yetmiş səkkiz qəpik) manat əsas; 24 492,15 (iyirmi dörd min dörd yüz doxsan iki manat on beş qəpik) manat faiz; 500 (beş yüz) manat cərimə, cəmi 43 325,93 (qırx üç min üç yüz iyirmi beş manat doxsan üç qəpik) manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 230,58 manat məbləğində dövlət rüsumunun 213 (iki yüz on üç) manatının ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması; aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 48 manatının cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən, 2 manatı isə İddiaçı ASC-dən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilmiş, lakin cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6490 №-li ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) - əsas borc üzrə: 18333,78 manat, - faiz borcu üzrə: 24529,89 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Necə adlanmağından asılı olmayaraq iddiaçı ilə cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə mahiyyət və məzmun etibarilə zaminlik müqaviləsidir. Belə ki, Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Belə ki, həmin müqaviləsinin 2.12-ci maddəsinə (1-ci cümləsi xx.xx.2015-ci il tarixdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavəyə əsasən redaksiya olunmuşdur) əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silinməsi barədə tərəflər razılığa gəlmişlər. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Göründüyü kimi, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Sözügedən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə yazılı şəkildə bağlanmışdır və orada (2.12-ci bəndində) zaminin öhdəlikləri qeyd olunmuş, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu müqavilənin müvafiq bəndinə razılığını bildirmiş və bu bənddə nəzərdə tutulmuş öhdəliyi öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin zaminə, yəni “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə münasibətdə təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri bu hissədə də təmin edilməlidir.

7. Məhkəmə qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 739 və 743-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş edib göstərir ki, məhkəmə birtərəfli mövqe göstərmişdir, əsas borc 19000 manat olduğu halda, borc faizi 24000 manat göstərilmişdir və birinci instansiya məhkəməsi buna göz yumaraq sadəcə mötəbərliyi olmayan dırnaqarası sübutlara söykənən məhkəmə qətnaməsi qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə digər cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 743 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyindən apellyasiya şikayətinin obyektini qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır),predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti mübahisələndirilən və Cavabdeh1 aid hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, faiz borcunun məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də faiz borcunun məbləği istisna olmaqla tam aradan qalxmır.

21. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

22. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi. Ona görə də cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

23. Bununla yanaşı, apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etmişdi ki, kredit müqaviləsi üzrə borcluya xəbərdarlığın göndərildiyi xx.xx.2024-cü il tarixə borc məbləğinin müəyyən edilməsi zəruri olduğundan və qeyd olunan halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət vardır.

24. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində verilmiş 3-16-16/2- 9/2405/2024 saylı, 12 may 2025-ci il tarixli rəydə qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli, AK- 874 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə 18.333,78 manat əsas borcu, 23.961,54 manat faiz borcu müəyyən olunur.

25. Göründüyü kimi, məhkəmə tərkibi işə baxarkən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edərək məhkəməmühasibatlıq ekspertizanın keçirilməsini təmin etdi. Ekspert də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy verdi. Belə ki, iddia ərizəsində kredit müqaviləsi üzrə borcluya xəbərdarlığın göndərildiyi xx.xx.2024-cü il tarixə 18.333,78 manat əsas, 23.961,54 manat faiz borcu müəyyən edilir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfindən hesablanaraq maliyyə arayışı tərtib edilsə də, bankın təqdim etdiyi arayış maraqlı şəxs kimi onun obyektivliyini şübhə altına sala bilər, lakin işdə marağı olmayan və xüsusi bilik sahibi olan ekspertin təqdim etdiyi rəy məhkəmə tərkibi tərəfindən mötəbər sübut kimi qiymətləndirilir. Çünki iddiaçının təqdim etdiyi maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi də deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq əlavə və təkrar ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Ona görə də, faiz borcun məbləği hissəsində qətnamə dəyişdirlməli, faiz borcun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.

26. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2967/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilməli; Tutulmalı faiz borcunun məbləği 23.961,54 (iyirmi üç min doqquz yüz altmış bir manat əlli dörd qəpik) manat, əsas, faiz və cərimənin cəmi isə 42.795,32 (qırx iki min yeddi yüz doxsan beş manat otuz iki qəpik) manat müəyyən edilməli; qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2967/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Tutulmalı olan faiz borcunun məbləği 23.961,54 (iyirmi üç min doqquz yüz altmış bir manat əlli dörd qəpik) manat, əsas, faiz və cərimənin cəmi isə 42.795,32 (qırx iki min yeddi yüz doxsan beş manat otuz iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar