Məhkəmə qərarları › İş №2(103)-1854/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1854/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1854/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı məsəlsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tələbin həcmini artıraraq cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2947/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərardadına əsasən, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1418/2023 saylı, 19 yanvar 2023cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində istifadədə olan 0.0277 ha. torpaq sahəsində yerləşən ev 126 ünvanda yerləşir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Cavabdeh Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmasına baxmayaraq iddia tələbinin məzmunundan görünür ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 saylı fərdi yaşayış evinə cavabdehin ona bitişik sahədə yerləşən həyətindəki ağacları sulaması nəticəsində dəymiş zərərin ödənilməsini tələb edib. Yəni, iddia tələbinin həcmi artırılaraq cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi olmasaydı belə yenə də mülki iş müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi nəzərə alınsa, iddia ərizəsi ilkin təqdim olunan zaman ərazi aidiyyəti ürə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməli idi. Çünki, hazırki ilk tələb Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinə su sızma nəticəsində dəymiş zərərin tələb edilməsi, yəni mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlı olmuşdur. Demək, hələ ilkin varianta iddia ərizəsi icraata qəbul edilərkən Mülki Prosessual Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinin tələbləri pozulmuş, yəni aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Ona görə də, bu cür vəziyyətdə MPM-in 44.1-ci maddəsinin pozulmasından söhbət gedə bilməz, başqa sözlə Şəmkir Rayon Məhkəməsinin işi müstəsna aidiyyət qaydalarına uyğun Binəqədi Rayon Məhkəməsinə göndərməsi nəticə etibarı ilə düzgün olmuşdur. Çünki, mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin qeydiyyat ünvanının əhəmiyyəti yoxdur. Tutaq ki,müstəsna aidiyyət qaydaları tətbiq olunmasaydı hazırki iddia Şəmkir Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Şəmkir Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı evtorpaq sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin ev-torpaq sahəsində tədqiqat aparması, bununla əlaqədar ekspertin və qiymətləndiricinin məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin hüquqi üvanının olduğu, Şəmkir Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Binəqədi rayonu ərazisinə gəlməsində, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Şəmkir Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin güddüyü məqsəd də ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmiş olur. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş də aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən Şəmkir Rayon Məhkəməsi tərəfindən işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmuşdur. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülk iş baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar