Məhkəmə qərarları › İş №2(103)-1856/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1856/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1856/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(003)-3497/2023 nömrəli qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cəlilabad Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən X17 ilə X15 arasında nikahın pozulması, 08 aprel 2006-cı il tarixdə anadan olmuş X5 və 07 mart 2009-cu il tarixdə anadan olmuş X12 analarının yanında saxlanması, X8 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin 04 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən X8 08 aprel 2006-cı il tarixdə anadan olmuş X5 və 07 mart 2009-cu il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 70 manat, cəmi 140 manat aliment tutularaq X9 verilməsi qət edilmişdir.

3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində ölmüş, ölümün səbəbi kimi “minik avtomobili pikap və furqon tipli yük avtomobili ilə toqquşma nəticəsində zərərçəkmiş piyada, yol bədbəxt hadisəsi, kəllə əsasının sınığı, baş beynin ocaqlı travması” qeyd olunmuşdur.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan X13 ölümünə səbəb olduğundan 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir..

5. Cəlilabad rayon İcra şöbəsinin 15 avqust 2023-cü il tarixli, 1283/341/2014 nömrəli arayışından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(73)1139/2014 saylı, 04 iyun 2014-cü il tarixli icra vərəqəsi üzrə 08 may 2014-cü il tarixdən 27 mart 2018-ci ilə kimi icra sənədi üzrə aliment borcundan cəmi 275 manat ödəmiş, 27 mart 2018-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi vaxta qədər 6305 manat aliment borcu olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 08 aprel 2006-cı il təvəllüdlü X10 və 07 mart 2009-cu il təvəllüdlü X1 üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 5040 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi və onların saxlanılması üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon İcra şöbəsinin 15 avqust 2023-cü il tarixli arayışına əsasən X17 08 may 2014-cü il tarixdən 27 mart 2018-ci ilə kim icra sənədi üzrə aliment borcundan cəmi 275 manat ödəmişdir və vəfat edənə kimi 6305 manat aliment borcu olmuşdur. X17 27 mart 2018-ci ildə yol qəzasında ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq X13 ölümünə səbəb olmuşdur. Cinayət mühakimə icraatı zamanı onun ilə mərhum X13 nikahı pozulduğu üçün dəvət olunmamış, məhkəmə tərəfindən işə səthi yanaşılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı X18 çıxış etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. O, mərhum X13 uşaqlarının saxlanılması üçün öldüyünə görə nə aliment borcunu ala bilmiş, nə də növbəti illər üçün aliment ala bilmişdir. 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat, 2022-ci ildə 193 manat, 2023-cü ildə 220 manat təşkil etmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(003)- 3497/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətməsi, bununlada Seymur Əliyevin ölümünə səbəb olması məhkəmə iclasında verilmiş izahatlar, hökmlər və işin digər materialları ilə tam sübuta yetirilir. Cavabdeh ehtiyyatsızlıqdan iddiaçının keçmiş əri X13 ölümünə səbəb olmuşdur. Həmçinin müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən mərhum X8 iddiçını xeyrinə onların birgə nikahlarından doğulmuş uşaqlarının xeyrinə ümumilkdə 140 manat aliment tutlmuşdur. İddiaçının uşaqları mərhum Seymur Əlievin himayəsində olmaqla uşaqların ondan (aliment) dolanacaq almaq hüquqları olmuşdur. Hal-hazırda iddiaçı keçmiş ərinin ölümünə görə uşaqların təminatı üçün mərhum Seymur Əliyevdən almalı olduğu alimentin 3 illik hissəsini dəymiş zərər kimi cavabdehdən tələb edir. Məhkəmə hesab etmişdir ki, ailə başçısının itirilməsi ilə əlaqədar vurulan zərərə görə 5040 (140 manat x 36 ay) manat pul vəsaiti cavabdeh Kamran Əliyevdən alınaraq İddiaçı ödənilməlidir. Seymur Əliyev cavabdeh tərəfindən ehtiyatsızlıqdan ölümünə səbəb olduğundan, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə ailə başçısınn itirilməsi ilə əlaqədar zərər tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbinin hər ay hər uşaq üçün 110,0 manat tutulması hissəsində araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi zərəri mərhum Seymur Əliyevin uşaqların dolanacaq xərci kimi ödəməli olduğu alimentlə əsasldırmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1, 1121.3, 1122.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh X7 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddanın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayətinin dəlillərinə görə, məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanılması üçün aliment tutulması qərara alınsa da, iddiaçı ondan aliment tələb etməmişdir. İddiaçı başqa şəxslə ailə qurmuşdur, uşaqları da həmin şəxslə yaşayır və 1 övladları da vardır. Cinayət işinin gedişatı zamanı cavabdeh tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış qardaşına 48000 manat məbləğində pul vəsaiti ödənilmişdir və həmin məbləğdən iddiaçıya da ödənilmişdir. 5040 manat məbləğində pulun tutulması tamamilə qanunsuzdur. Belə ki, mərhum özü sağlığında ailənin saxlanılması üçün aliment ödəməmiş, iddiaçı da ödənilməsini tələb etməmişdir. Bundan başqa, məhkəmə qətnnaməsinə əsasən hər uşağa görə 70 manat məbləğində aliment tutulsa da, məhkəmənin bu məbləği 110 manat müəyyən etməsi də ədalətsizdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün: 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir; Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

20. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozması, ehtiyyatsızlıqdan X13 ölümünə səbəb olmuş, bununla da o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.

21. İddiaçının mərhum X17 ilə nikahlarından iki uşaq doğulmuşdur: xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X19.

22. İddiaçının tələbi 2 hissədən ibarətdir. 1) uşaqların saxlanılması üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 5040 manat pul vəsaitinin; 2) uşaqların saxlanılması üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaitinin tutulması.

23. Tələblərin hüquqi əsası kimi Mülki Məcəllənin 1121.3.1-ci kimi çıxış edir, həmin normaya əsasən ailə başçısını itirməyə görə zərərin əvəzi yetkinlik yaşına çatmayanlara on səkkiz yaşına çatanadək ödənilir.

24. Məhkəmə kollegiyası uşaqların saxlanılması üçün ailə başçısının itirilməsinə görə son 3 ilə görə 5040 manat pul vəsaitinin tutulması barədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının 3 il ərzində aliment kimi ödənilməli olan məbləğin cəminin dəymiş zərər kimi cavabdehdən tələb etməsinin qanuni əsası mövcud deyil.

25. Belə ki, qanunvericilikdə əvvəlki dövr üçün alimentin ödənilməsi əsası təsbit edilmişdir (Ailə Məcəlləsi 100.3-cü maddəsi). Hansı ki, bu əsas özü də mütləq əsas kimi çıxış etməməklə, yalnız iddiaçı tərəfindən alimentin alınması barədə məhkəməyə müraciət edənədək tədbirlər görüldüyünün sübut edilməsi ilə şərtləndirilmişdir. Alimentdən fərqli olaraq, ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsi barədə belə hüquqi əsas nəzərdə tutulmamışdır ki, bu da zərərin məbləğinin yalnız məhkəməyə müraciət edildiyi vaxtdan tutula biləcəyinə dəlalət edir.

26. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi, bu normanın məntiqi təhlili də onu deməyə əsas verir ki, zərərin əvəzinin ödənilməsi bir halda ki, aylıq ödənişlər yolu ilə həyata keçirilir, bu zaman əvvəlki dövrlər üçün hər hansı birdəfəlik ödəmənin hesablanması mümkünsüzdür.

27. Bundan əlavə həmin məbləğin tutulması işin faktiki halları baxımından da məntiqə ziddir. İş materiallarında olan Cəlilabad Rayon İcra və probasiya şöbəsinin 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, X17 08 may 2014-cü il tarixdən 27 mart 2018-ci ilə kimi icra sənədi üzrə aliment borcundan cəmi 275 manat ödəmişdir. X6 vəfat edəndə onun 6305 manat aliment borcu olmuşdur.

28. Göründüyü kimi, iddiaçının mərhum əri özü belə aliment ödənişlərini vaxtlıvaxtında icra etməmiş, 4 ilə yaxın müddət ərzində cəmi 275 manat aliment ödəmişdir. Vəfat etməsəydi, ödənişlərin icrasında hər hansı kəskin dönüş olacağı barədə qənaətə gəlmək üçün əsas yoxdur. Belə olan halda, həmin dövr üçün ödənilməli olan alimentin tam həcmdə cavabdehdən tutulması ədalətli deyildir.

29. Uşaqların saxlanılması üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 110 manat pul vəsaitinin tutulması barədə iddia tələbi isə qismən əsaslıdır.

30. Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər.

31. Maddənin məzmunundan görünür ki, zərərin məbləği müəyyənləşdirilərkən ölənin sağlığında öz dolanacaqları alırdıqları və ya almaq hüququna malik olduqları məbləğ əsas götürülür. İddiaçının uşaqlarına münasibətdə bu məbləğ məhkəmə qətnaməsi ilə hər uşaq üçün 70 manat məbləğində aliment məbləğidir. Birinci instansiya məhkəməsi tərəfindən bu məbləğin ölkə üzrə yaşayış minimumuna uyğun indeksləşdirilməsi düzgün olmamışdır. Belə ki, qeyd olunan normanın məzmununa əsasən də ancaq o məbləğ tutula bilər ki, həmin məbləği ölənin sağlığından almaq hüququ olmuşdur, həmin məbləğ isə məhkəmə qətnaməsinə əsasən 70 manat müəyyən olunmuşdur.

32. Buna görə də, uşaqların saxlanılması üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 70 manat pul vəsaiti cavabdehdən tutulmalıdır.

33. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(003)- 3497/2023 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(003)- 3497/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X3 qarşı ailə başçısını itirməyə görə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. 08 aprel 2006-cı il təvəllüdlü X10 və 07 mart 2009-cu il təvəllüdlü X1 üçün ailə başçısının itirilməsinə görə yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 70 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin və tutulmanın başlanğıcı 12 sentyabr 2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar