Məhkəmə qərarları › İş №2(103)-186/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-186/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-186/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Günay Firdousi qızının, Cavabdeh4, Cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli, 2(006)-5683/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 57,80 kv.m ümumi sahəsi olan 17 saylı ev İddiaçı mülkiyyətindədir. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus olan mülkiyyətindən qanunsuz istifadə edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün xx.xx.2005-ci il tarixdə təsis edilən "xxxx" MTK-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə Zərgərov Vahid Əsgərxan oğlunun təşəbbüsü ilə xx.xx.2005-ci il tarixdə "xxxx" MTK yaradılmış və təsisçilərdən bacısı Zərgərova Almaz Əsgərxan qızı "xxxx" MTK-nın sədri təyin edilmişdir. Zərgərov Vahid Əsgərxan oğlu tikinti işlərinə başlamazdan əvvəl ərazidə qanuni və özbaşına tikililərdə yaşayan ayrı-ayrı vətəndaşlarla danışıqlar aparmış və ərazidəki ən böyük tikililərdən olan həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxil olmaqla Cavabdeh3 və ailə üzvlərinin istifadəsində olan həmin dövrdə 1000 kvadratdan çox yaşayış və qeyriyaşayış sahələrinin alğı-satqısına dair razılıq əldə edilmişdir. Bu məqsədlə xx.xx.2005-ci il tarixdə Cavabdeh3 özünə və övladlarına məxsus obyektlərin satılması üçün ******* ABŞ dolları (bir milyon yüz min ABŞ dolları) Zərgərov Vahid Əsgərxan oğlu ilə razılığa gəlməyinə dair iltizam yazmışdır. Daha sonra xx.xx.2005-ci il tarixdə razılaşmaya əsasən 38000 ABŞ dolları almış, daha sonra oğlu xx.xx.2005-ci il tarixdə Cavabdeh2 razılaşdırılmış məbləğdən 40.000 ABŞ dolları almış, daha sonra Cavabdeh3 və ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 evin alğı-satqısınadək 100.000 ABŞ dolları Sovetskidə mənzil alınmasına, 120.000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dolları oğlunu işə düzəldilməsinə pul vəsaiti almışdır. Hətta bu məqsədlə Cavabdeh3, Zərgərov Vahid Əsgərxan oğlu ilə əldə edilən razılığa əsasən həm özünün həm də ailə üzvlərinin istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin əvvəlcədən vəd etdiyi digər "xxxx" MTK-ya (Sədr Ramiz Hüseynov) onun mülkiyyəti və istifadəsində olan sahələrdə tikinti işləri aparmasına dair notarial qaydada xx.xx.2005-ci il tarixli verdiyi ərizəsindən xx.xx.2006-cı il tarixdə notarial qaydada imtina etmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə qeyd edilən yaşayış və qeyri-yaşayış ailələrindən yeganə mülkiyyət sənədi olan Fabrik küçəsi ev 17 ünvanında yerləşən sahələrdən ümumi sahəsi 57.8 kv.metr olan yaşayış sahəsini (faktiki 1000 kvadratdan artıq olan sənədsiz yaşayış və qeyri yaşayış sahələrini) alğı-satqı müqaviləsi ilə 356000 ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi ilə sataraq ümumi alğı-satqını rəsmiləşdirilmişdir. Alğı-satqı məbləğindən də müəyyən olunur ki, 57.8 kvadrat sahə qeyd edilən ərazidə qiymətinin 356000 ABŞ dolları olması reallıqdan kənardır. Alğı-satqı müqaviləsi Cavabdeh2 ilə Zərgərov Vahid Əsgərxan oğlunun bacısı və VMS İnşaat MTK-nın sədri olan Zərgərova Almaz Əsgərcan qızı ilə bağlanmışdır. Beləliklə ümumilikdə mənzil qarışıq 795000 ABŞ dolları pul vəsaiti verilmişdir ki, qalan vəsaitin əvəzinə razılaşmaya əsasən tikiləcək mənzildən vəsait veriləcəkdir. Müqaviləyə əsasən tərəflərə bir ay vaxt verilsə də tərəflər arasında qohumluq münasibəti olduğundan cavabdelərin yaşayış və qeyri-yaşayış sahələrinin bir neçə ay uzanmasına Zərgərov Vahid Əsgərxan oğlu etiraz etməmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq cavabdehlər razılaşmadan kənara çıxaraq yaşayış və qeyri-yaşayış sahələrini tərk etməmişlər. Bu müddətdə Zərgərov Vahid Əsgərxan oğlu qeyd edilən ərazidə layihələndirmə işlərinin başlanması üçün kommunal orqanlarla razılaşma aparmış, buna dair rəylər əldə etmişdir. Keçən müddət ərzində cinayət işində təqsirli bilinməsi ilə əlaqədar uzun müddət ərazinin layihləndirilməsi və digər işlərin icrasında ləngimələr olmuşdur. Lakin buna baxmayaraq cavabdehlər nə mənzilləri və qeyri-yaşayış sahələrini təhvil vermiş, nə də ki, aldıqları vəsaitləri geri qaytarmışlar. Sonradan Zərgərova Almaz Əsgərxan qızının vərəsəsinin adından etibarnamə əsasında Zərgərov Vahid Əsgərxan oğlu Fabrik küçəsi 17, hazırkı Şövqiyar Abdullayev küçəsi 17 ünvanıda yerləşən yaşayış sahələri və qeyri yaşayış sahələri İddiaçı adına rəsmiləşdirilmişdir. Keçən müddət ərzində cavabdeblər iddiaçının mülkiyyətində olan əmlaklardan nəinki faydalanaraq yaşamış qeyri-yaşayış sahələrindən gəlir götürmüş, eyni zamanda edilən xəbərdarlıqlara baxmayaraq, tikinti işlərini qadağan olunmasına baxmayaraq qeyri-qanuni yollarla mövcud yaşayış və qeyri- yaşayış sahələrinin ölçülərini artırmışlar. Baxmayaraq ki, sərəncam əsasında ərazidə tikini işləri qadağan olunmuş, baxmayaraq ki A.Zərgərovanın və V.Zərgərovun sədrliyi ilə icra hakimiyyətinə müxtəlif vaxtlarda "xxxx" MTK adından müraciətlər edilmiş, ayrı-ayrı vətəndaşlar, o cümlədən cavabdehlər müxtəlif illərdə yaranmış vəziyyətdən sui-istifadə edərək özlərinə əlavə yaşayış və qeyri-yaşayış sahələri əldə etmişlər. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, Cavabdeh2 özünə məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57.8 kv. metrdən ibarət olan fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Zərgərova Almaz Əsgərxan qızına satmışdı. Fərdi yaşayış evinin qiyməti tərəflər arasında olan razılaşmaya əsasən 138.000 manat müəyyən edilmişdir. Lakin müqavilədə bu məbləğ alıcı tərəfin xahişi ilə 273 000 manat göstərilmişdi. Qeyd edilən fərdi yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətindən gələn nümayəndələrə göstərilməsi üçün məbləğ yüksək yazılmışdır. Bundan sonra Cavabdeh3 Vahid Zərgərovdan 38000 ABŞ dolları, Cavabdeh2 isə 40000 ABŞ dolları almışdı. Qeyd edilən pul məbləğləri də mübahisəli fərdi yaşayış evinin alğı-satqısı üçün qeyd edilmiş 138.000 manatın tərkibinə daxildir. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 16 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. Ona görə də həmin ərazinin dəqiq yeri belə bəlli deyildir. İddiaçı isə həmin fərdi yaşayış evinə baxmadan almışdır. Çünki olmayan fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsinin bağlanması da ağlabatan deyildir. İddia ərizəsində qeyd edilir ki, Nəsimi rayonu, S. Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün xx.xx.2005-ci ıl tarixdə təsis edilən "VMS İnşaat MTK”-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə Zərgərov Vahid Əsgərxan oğlu inşaat təşəbbüsü ilə xx.xx.2005-ci il tarixdə "xxxx" MTK yaradılmışdır. İddiaçı mübahisəli əmlakı 2021-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Belə olan halda, onun hansı əsasla ona aidiyyəti olmayan və işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MTK barəsində qeyd etməsi, MTK-ya sərəncamla torpaq sahəsinin ayrılmasını bilməsi, cavabdehlərin guya MTK-nın sahibi Vahid Zərgərov qarşısında öhdəlik götürməsini qeyd etməsi anlayışları deyil. İkincisi isə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına diqqət yetirdikdə müəyyən olunur ki, Nəsimi İH-nin 10.03,05-ci il razılıq məktubu, 'VMS İnşaat' MTK-nın xx.xx.2005-ci il müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əgər MTK xx.xx.2005-ci il tarixdə təsis edilmişdirsə, o zaman sərəncamda MTK-nın xx.xx.2005-ci il tarixdən əvvəla, yəni təsis edilməsindən əvvələ olan məktuba necə istinad oluna bilərdi. Həmçinin, qeyd etmişdir ki, 01 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06 2009-cu il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, həmin MTK hazırda mövcud deyildir. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərin heç bir əsası yoxdur və iddiaçı qeyd etdiklərində heç də səmimi deyildir. Bundan başqa, iddia ərizəsində qeyd edir ki, xx.xx.2005-ci il tarixdə Cavabdeh3 özünə və övladlarına məxsus obyektlərin satılması üçün 1.100.000 ABŞ dolları Zərgərov Vahid Əsgərxan oğlu ilə razılığa gəlməyinə dair iltizam yazmış, daha sonra xx.xx.2005-ci il tarixli razılaşmaya əsasən 38000 ABŞ dolları almış, oğlu Cavabdeh2 xx.xx.2005-ci il tarixdə 40000 ABŞ dolları almış, Cavabdeh3 və ailə üzvləri Cavabdeh2 Cavabdeh4, Cavabdeh1 evin alğı-satqısınadək 100000 ABŞ Dolları Sovetskidə mənzil alınmasına, 120000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dollar oğlunu işə düzəltməyə goru almışdır. Bununla əlaqədar qeyd edir ki, birincisi, Cavabdeh3 özünə və övladlarına məxsus əmlakların alğı-satqısı üçün 1.100.000 dollar pulun əldə edilməsinə dair öhdəlik götürməsi həmin pulun tam olaraq Cavabdeh3 verilməsini təsdiq etmir. İkincisi isə iddia ərizəsinə yalnız Cavabdeh3 xx.xx.2005-ci ildə 38.000 ABŞ dolları və Cavabdeh2 xx.xx.2005-ci ildə 40.000 ABŞ dolları almasına dair sübutlar əlavə edilmişdir. Cavabdeh3 və ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Sovetskidə mənzil alınması üçün 100000 ABŞ dolları, Fabrisus küçəsində mənzil alınması üçün 120000 ABŞ dolları, qızına ev əlınması üçün 86.000 ABŞ dolları, avtomaşın alınması üçün 20.000 ABŞ dolları və oğlunu işə düzəltmək üçün 35000 ABŞ dolları məbləğində pulun alınmasına dair heç bir sübut yoxdur. Bütün qeyd edilənlər iddiaçının uydurmasıdır. Onu da qeyd edir ki, Cavabdeh3 yalnız öz mülkiyyətində olan əmlaka görə cavabdehdir. O, yetkinlik yaşına çatmış övladları olan digər cavabdehlərin mülkiyyətinə dair sərəncam vermək hüququna malik deyildir. Həmçinin, onu qeyd edir ki, Cavabdeh3 tərəfindən tərtib edilmiş 1.100.000 məbləğində pulun hansı ölkənin pul vahidi ilə alınması bəli deyil Cavabdeh3 isə hazırda səhhəti ilə əlaqədar yaddaşını itirmiş, ümumiyyətlə Vahid adlı şəxsdən pul almadığını bildirir. Vahidin adının isə Vahid, yoxsa Vaqif olması da bəlli deyil. Çünki iltizamda da bununla əlaqədar düzəliş edilmişdi. Daha sonra, iddia ərizəsində qeyd edilir kı xx.xx.2006-cı ıl tarixdə Fabrik küçəsi 17 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv metrdən ibarət yaşayış sahəsi (faktiki 1000 kvadrat metrdən artıq sahə) alğı-satqı müqaviləsi ilə 356000 ABŞ dollarının həmin dövrdə manatla olan məzənnəsi ilə satılmışdı. Bununla əlaqədar qeyd edir ki, xx.xx.2006-cı il tarixli alğısatqı müqaviləsində satılan əmlakın qiyməti 273.000 manat göstərilsə də, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsində satılan əmlakın qiyməti 68000 manat göstərilmişdir. Bu hal mübahisəlidir. Əslində keçən 16 il ərzində daşınmaz əmlakın qiyməti artmışdır, lakin burada isə əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, qeyd edir ki, satılmış əmlakın ümumi sahəsi 57.8 kv metr olmuş və satıldığı gün satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin əmlakın faktiki olaraq 1000 kv metrdən artıq olması heç nə ilə sübuta yetirilmir. Yuxanda qeyd edildiyi sahəsi 57.8 kv metrdən ibarət Zeynalov tərəfindən Almaz Zərgərovaya satıldıqdan müəyyən müddət sonra sonuncu (alıcı) tərəfindən sökülmüşdür. Hazırda həmin ünvanda olan cavabdehlərə məxsus olan tikililərin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Alıcı əmlakı aldıqdan sonra sökdüyünə görə həmin əmlakın dövlət reyestrində qeydiyyat yazısı da ləğv edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə və proses iştirakçıları mübahisəli ünvan 4 ünvanında yerləşən fərdi yaşayiş evlərə baxış kecirərkən müəyyən edilmişdir ki, həmin ünvanda bir necə tikililər mövcuddur. Həmin tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ailələri ilə birlikdə yaşayırlar. Cavabdeh4 və Cavabdeh2 birmərtəbəli tikilidə, digərləri isə onlardan təcrid edilmiş ikimərtəbəli tikililərdə yaşayırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli, 2(006)- 5683/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşayırlar. Həmin tikililərin təsdiq edən sənəd texniki pasportu İddiaçı məhkəməyə təqdim edə bilməmişdi. Həmçinin İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt etdiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərin artırılması iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbi iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini 152.1, 152.5, 157.4, 170.1, 170.2; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15, 29.1, 29.4; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada çəkişmə prinsipinə əməl edilməli və bundan sonra qərar qəbul etməli idi. Məhkəmə qarşısında iddiaçının iştirakı ilə mübahisəli ünvana baxış keçirilməsi və ünvana dair kadastr məlumatlarının götürülməsi barədə vəsatətlər verilsə də məhkəmə əsassız olaraq vəsatətin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin ünvana dair texniki pasportu iddiaçı tərəfin təqdim edə bilməməsini əsas gətirməklə iddianın rədd edilməsi əsassızdır. Belə ki, həmin mənzilə dair texniki pasport mövcud olamasa da, mənzil mövcud olmuş və iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Eyni zamanda "xxxx" MTK müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulmaq barədə ərizə və iddia ərizəsi təqdim etsə də məhkəmə qanunsuz olaraq "xxxx" MTK-nı işə buraxmaqdan imtina etmiş və qəbul etdiyi qərardaddan tərəflərin şikayət vermə müddətinin olmasına baxmayaraq tərəflərin həmin hüquqdan istifadə etməsini məhdudlaşdırmaqla yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmənin özünü bu cur qanundan üstun tutması yolverilməzdir. Birinci inistansiya məhkəməsinə mübahisəli ünvana iddiaçının iştirakı ilə baxış keçirilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininyaninda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həmin ünvanın kordinatlarının götürülməsi barədə sorğu verilməsi barədə vəsatətlər verilməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Hesab edir ki, işin hərtərəfli və obyektiv araşdırılması naminə ünvana iddiaçının iştirakı ilə baxış keçirilməlidir. Belə ki, iddiaçı ona məxsus olan mənzili göstərə bilər. Eyni zamanda dəqiq kordinatların götürülməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh4, cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 və Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilmədiyindən, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyi üçün qətnamə bütövlükdə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin №057988 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 731 səhifə 109815 qeydəalma xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Zərgərova Almaz Əsgərxan qızı arasında bağlanmış 17 mart 2006-cı il tarixli, AN-İ №0068612 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mənzil 273.000 (iki yüz yetmiş üç min) AYM Zərgərova Almaz Əsgərxan qızına satılmışdır. İş materiallarında olan İddiaçı ilə Ocaqquliyev Həsən Məhərrəm oğlunun adından Zərgərov Vahid Əsgərxan oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarilxi AN-İ №0068612 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsi 68000 manat müqabilində alıcının mülkiyyətinə keçir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küzəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsinə tam mülkiyyət hüququ almışdır. İş materiallarında olan Azərbaycan Respublikası 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2004-cü ildə 01.04.-P58 -40184 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2005-ci ildə 0105-P/109-42690 saylı qeydiyyatdan keçən "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, Qətnamənin icrası Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17, mənzil 1 xx.xx.2020-ci il tarixdən 1/2 hissədə Babayeva Aynur Mahir qızının, 1/2 hissədə Babayev Eldar Baldadaş oğlunun, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17A, mənzil 2 xx.xx.2014-cü il tarixindən Əlizadə Məmməd Əhməd oğlunun və Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17, mənzil 3 xx.xx.2019-cu ildən Məmmədova Nailə Nəriman qızının mülkiyyətindədir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə və proses iştirakçıları mübahisəli ünvan 4 ünvanında yerləşən fərdi yaşayiş evlərə baxış keçirərkən müəyyən edilmişdir ki, həmin ünvanda bir necə tikililər mövcuddur. Həmin tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ailələri ilə birlikdə yaşayırlar. Cavabdeh4 və Cavabdeh2 birmərtəbəli tikilidə, digərləri isə onlardan təcrid edilmiş ikimərtəbəli tikililərdə yaşayırlar. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 57,80 kv.m ümumi sahəsi olan 17 saylı ev İddiaçı mülkiyyətindədir. Cavabdeh2 özünə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m olan fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Zərgərova Almaz Əsgərxan qızına satmışdır. Fərdi yaşayış evinin qiyməti tərəflər arasında olan razılaşmaya əsasən 138.000 manat müəyyən edilmişdir. Lakin müqavilədə bu məbləğ 273 000 manat göstərilmişdir. Bundan sonra Cavabdeh3 Vahid Zərgərovdan 38000 ABŞ dolları, Cavabdeh2 isə 40000 ABŞ dolları almışdır. Qeyd edilən pul məbləğləri də mübahisəli fərdi yaşayış evinin alğı-satqısı üçün qeyd edilmiş 138.000 manatın tərkibinə daxildir. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 16 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. İddiaçı mübahisəli əmlakı 2021-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Nəsimi GH-nin 10.03.05-ci il razılıq məktubu, “VMS İnşaat' MTK-nın xx.xx.2005-ci il müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 01 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06 2009-cu il tarixli qətnaməsi ilə “VMS İnşaat' MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, həmin MTK hazırda müvcud deyildir. Hazırda həmin ünvanda olan tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşayırlar. Bununla belə İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt etdiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərin artırılması iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının dəlillərinə qiymət verilməsi üçün iş məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil mövcuddurmu? 2. Mövcud olduğu təqdirdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil üzərində hüquqlar qeydiyyata alınarkən çıxarışda göstərilən koordinatlarla eyni yerdə yerləşirmi? 3. İş materiallarında olan 03 dekabr 1996-cı il tarixdə Cavabdeh2 adına verilmiş MH seriyalı 057988 nömrəli qeydiyyat vəsiqəsi ilə hüquqları tanınmış Bakı şəhəri, Fabrik küçəsi 17 ünvanında yerləşən mənzilin koordinatları ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil eynilik təşkil edirmi? Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/841 nömrəli rəyindən görünür ki, 1-ci sual üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı ilə İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv. metr olan mənzilin faktiki olaraq mübahisələndirilən sahədə mövcud olmadığı, həmin sahədə 3 mərtəbəli bina yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərə əsasən aparılan araşdırmalar, tədqiq olunan sahədə faktiki inşa edilmiş 3 mərtəbəli, binanın 2014cü ilin mart ayında həmin sahədə mövcud olmadığı, 2014-cü ilin may ayından başlayaraq mövcud olduğu müəyyən edilmişdir. 2-ci sual üzrə - İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv.metr olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda mənzilin koordinatları qeyd edilmədiyindən, bu sualın cavablandırılması mümkün olmamışdır. 3-cü sual üzrə - mülki iş materiallarında olan məlumatlara, o cümlədən Cavabdeh2 tərəfindən verilmiş iltizamnamədə qeyd olunanlara, habelə “Google Earth” internet proqramında mövcud olan illər üzrə görünütülərə əsasən aparılan araşdırmalar nəticəsində, Cavabdeh2 adına verilmiş MH seriyalı 057988 nömrəli, qeydiyyat vəsiqəsi ilə hüquqları tanınmış Bakı şəhəri, Fabrik küçəsi 17 ünvanında olan mənzilin yerləşdiyi sahənin İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv. metr olan mənzilin yerləşdiyi sahə ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Bununla yanaşı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası, tərəflər eləcə də ekspertin iştirakı ilə mübahisəli sahəyə yerində baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 57,8 kv metr olan mənzil faktiki olaraq mübahisələndirilən sahədə mövcud deyildir. Yerli baxış zamanı Cavabdeh1un vəkili-nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş sənədlərə əsasən mübahisələndirilən və ona qonşu olan ərazilərdə müxtəlif şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri mövcuddur. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 bildirdi ki, İddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 57,8 kv metr olan mənzili almışdır. Mənzil alınan zaman mübahisəli ərazidə mövcud olmamışdır, yerində torpaq sahəsi olmuşdur. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 suala cavab olaraq bildirmişdir ki, İddiaçı aldığı mənzil hazırda gördüyümüz birinci mərtəbəsi avtoyuma məntəqəsi, yuxarı mərətəbəli mənzillər olan 3 mərtəbəli binanın altındakı torpaq sahəsidir. Cavabdeh2 bildirdi ki, özünə məxsus olan ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 57.8 kv metrdən ibarət olan fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən Zərgərova Almaz Əsgərxan qızına satmışdır. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 17 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. Ona görə də həmin ərazinin təxmini mövcud olduğu yeri göstərə bilər. Belə ki, onun 2006-cı ildə satdığı 57.8 km metrdən ibarət fərdi yaşayış evi birinci mərtəbəsi avtoyuma məntəqəsi, yuxarı mərtəbəsi mənzillər olan 3 mərtəbəli bina ilə onun arxasındakı 3 mərtəbəli fərdi yaşayış evinin yan tərəfi olmuşdur. Hazırda da həmin yer boş sahədir və heç bir tikili mövcud deyil. Əgər İddiaçı xx.xx.2021-ci il tarixdə mübahisəli fərdi yaşayış evini alarkən gəlib bu əraziyə baxsaydı həmin evin mövcud olmayacağını görəcəkdi. Çünki olmayan fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsinin bağlanması da ağlabatan deyildir. Ümumiyyətlə, İddiaçı belə bir evin mövcudluğundan xəbəri yoxdur və o ekspertlə birlikdə də tədqiqat obyektinə baxışda iştirak etməmişdir. Onun əvəzinə özünü Sonanın anası kimi təqdim edən bir qadın iştirak etmişdir ki, onun da heç bir etibarnaməsi və şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. Həmin qadın isə əvvəlcə burada tamamilə boş olan bir sahənin Sonaya məxsus olduğunu göstərmiş, daha sonra isə birinci mərtəbəsi avtoyuma məntəqəsi, yuxarı mərətəbəli mənzillər olan 3 mərtəbəli binanın Sonaya məxsus olduğunu göstərmişdir. Verilən suallara cavab olaraq göstərilmişdir ki, xx.xx.2006-cı il tarixdə alğı-satqı müqaviləsi imzalandıqdan qısa müddət sonra Zərgərova Almaz Əsgərxan qızı aldığı fərdi yaşayış evini sökmüş və daha sonra ondan heç bir xəbər çıxmamışdır. ünvan 8 ünvanda ümumi sahəsi 57,8 kv metr olan mənzil faktiki olaraq mövcud deyildir. Həmin evin podvalı da var idi və hündürlüyü aşağı olduğuna görə hündür adam içəridə əyilə-əyilə gəzirdi. xx.xx.2023-cü il tarixdə ekspert Elmar Səidovla tədqiqat obyektinə keçirilən baxışda İddiaçı iştirak etməmişdir, onun əvəzinə özünü Sonanın anası kimi təqdim edən və hazırda da iştirak edən qadın olmuşdur. Özünü Sonanın anası kimi bu qadın əvvəlcə bu pilləkənləri qalxaraq sol tərəfdə boşluq ərazidə olan yerin Sonaya məxsus olduğunu bildirmiş, daha sonra isə fikrini dəyişərək 3 mərtəbəli binanın Sonaya məxsus olduğunu bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin aparıcı eksperti Səidov Elmar Zirəddin oğlu bildirdi ki, xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə keçirilən baxışda tərəflərdən Cavabdeh1, Cavabdeh2, Ramizin vəkili Nümayəndə iştirak etmişdir. İddiaçı isə baxışda iştirak etməmiş, onun əvəzinə özünü Sonanın anası kimi təqdim edən şəxs baxışda iştirak etmişdir. Həmin qadın əvvəlcə burada olan pilləkənləri qalxaraq sol tərəfdə hasara alınmış və içərisi boş torpaq olan ərazini göstərmiş, həmin ərazinin Sonanın aldığı 57,8 kv metr olan mənzil olduğunu bildirmişdir. Daha sonra isə o, ona birinci mərtəbəsi avtoyuma məntəqəsi, yuxarı mərətəbəsi mənzillər olan 3 mərtəbəli binanın Sonaya məxsus olan mənzilin yerində tikildiyini bildirmişdir. Lakin mənzilin koordinatları olmadığına görə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 57,8 kv metr olan mənzilin mövcud olduğu yeri dəqiq müəyyən etmək mümkün deyildir. “Google Earth” internet proqramından istifadə etməklə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Sonanın aldığı ünvan 8 ünvanda ümumi sahəsi 57,8 kv metr olan mənzilin yerində 3 mərtəbəli binanın tikildiyi ehtimal edilir. Yəni bunu dəqiqliklə müəyyən etmək mümkün deyil, çünki texniki pasport və koordinatlar təqdim edilməmişdir. Hazırda Cavabdeh2 tərəfindən göstərilən 2 binanın arasında yan tərəfdə olan ərazi də Sonanın iddia etdiyi ümumi sahəsi 57,8 kv metr olan mənzil ola bilər. Çünki “Google Earth” internet proqramında illər üzrə görüntülərə baxarkən, sürüşmələrin olması da mümkündür. Verilən suallara cavab olaraq ekspert göstərmişdir ki, hazırda Cavabdeh2 tərəfindən göstərilən 2 binanın arasında yan tərəfdə olan boş torpaq sahəsi Sonanın iddia etdiyi Şövqiyar Abdullayev küçəsi 17 saylı ünvanda ümumi sahəsi 57,8 kv metr olan fərdi yaşayış evinin söküldüyü yer ola bilər. Çünki “Google Earth” internet proqramında illər üzrə görüntülərə baxarkən, sürüşmələrin olması da mümkündür. Yəni, dəqiqliklə Sonanın mülkiyyətində olan 57,8 kv metr olan fərdi yaşayış evinin 3 mərtəbəli binanın yerində olduğunu demək olmaz, bu yalnız ehtimaldır. Beləliklə də apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı da müəyyən edilmişdir ki, hazırda həmin ünvanda olan tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşayırlar. Həmin tikililərə dair sənədi, yəni texniki pasportu İddiaçı məhkəmələrə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ona məxsus ünvan 7 ünvanda yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edildiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərinin artırılmasını iddia etsə də,bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlillərinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerli baxış keçirilmiş, həmçinin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. İddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının cavabdehlərin çıxarılmasını iddia etdiyi sahə digər şəxslərin mülkiyyətindədir. Başqa sözlə, iddiaçı mülkiyyətində olan sahənin göstərə bilməmiş, mövcudluğunu sübut edə bilməmiş, ümumiyyətlə alğı-satqı apararkən mövcud olmayan evi almışdır Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı özünə aid olmasını sübut edə bilmədiyi digər şəxslərin mülkiyyətindən onların çıxarılmasına dair iddiası əsassızdır. Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadığı üçün təmin edilməli olmamasına dair birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşır Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı olduğu üçün onun hazırda 3-cü şəxs qismində cəlb edilməsinə zərurət olmamışdır. Həmçinin kollegiya həmin ünvanda yaşayan hazırki mübahisəyə aidiyyatı olmayan digər mülkiyyətçilərin də 3-cü şəxs qismində cəlb edilməsinə zərurət görməmişdir. Belə ki, hazırki mübahisənin onların hazırda yaşadıqların mülkiyyətlərinə heç bir aidiyyatı yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı aldığı mülkiyyətinin ünvanın koordinatlarını təqdim etməsi vəzifəsi onun üzərinə düşür. Belə ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli, 2(006)- 5683/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar