Məhkəmə qərarları › İş №2(103)-1860/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1860/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1860/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(003)-171/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 25 noyabr 2013 il tarixli kredit müqaviləsi üzrə banka 1508.51 ABŞ dolları əsas borc, 1362.84 ABŞ dolları faiz borcu, 779.18 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 iyul 2016 il tarixdən, 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 322.2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 3972.73 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(003)-171/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 23.12.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad əsassızdır, hazırki iş üzrə kredit borcu Fərmanın təsir dairəsinin kredit borcunun güzəştli şərtlərlə restrukturizasiya hissəsinə düşmüş, Cavabdeh1 03.12.2019-cu il tarixdə bank tərəfindən işin məhkəmədən kənar həll edilməsi üçün bankın hər hansı filialına yaxınlaşaraq kredit müqaviləsi üzrə öhdəliyinin restrukturizasiyası məqsədi ilə 3592 nömrəli bildiriş göndərilmiş, lakin Cavabdeh1 vaxtında banka gəlməməsi səbəbindən müəyyən edilmiş müddət ərzində tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Fərman üzrə müraciətlərin qəbulu 31.12.2019-cu il tarixdə başa çatmışdır, lakin cavabdehlə yeni güzəştli müqavilə bağlanmadığı üçün banka hər hansı bir vəsait dövlət büdcəsindən ödənilməmişdir. Yeni müqavilənin bağlanmaması bankın təqsiri ucbatından deyil, cavabdehin, dəvət edilməsinə baxmayaraq, banka vaxtında gəlməməsi səbəbindən Fərmanın icrası qeyri-mümkün olduğu üçün hazırki mülki iş üzrə icraat davam etdirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı hərəkətlərin edilməsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsasdır. Qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar isə məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə istinad edərək iddia ərizəsini baxılmamış saxlamışdır. Kollegiya göstərilən nəticə ilə razılaşmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 03.06.2019-cu il tarixli 2(103)-5045/2019 saylı qərardadı ilə hazırki tələb üzrə bankın ərizəsi eyni əsaslarla baxılmamış saxlanılmışdır. Hazırda bank bildirir ki, restrukturizasiya etmək üçün cavabdehə olunmuş müraciət nəticəsiz qaldığından və Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə başa çatdığından, artıq tərəflər arasında restrukturizasiya etmək mümkün deyil və cavabdeh borcunu ümumi qaydada ödəməlidir. Məhkəmə isə bankın dəlilləri ilə razılaşmır və hesab edir ki, Fərmanın icra müddəti başa çatsa da, həmin Fərmanla müəyyən olunmuş mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət edilmədiyindən ərizəyə baxıla bilməz. Kollegiya qeyd edir ki, MPM-nin 259.1-ci maddəsində göstərilmiş əsasla ərizənin baxılmamış saxlanılması yalnız o halda baş verə bilər ki, mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasını tətbiq etmək imkanı itirilməmiş olsun. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddəti isə 31 dekabr 2019-cu il tarixdə başa çatmışdır. Ona görə də tərəflər arasında restrukturizasiyanın baş tutmamasının (cavabdehin banka müraciət etməməsi yaxud bankın bunun üçün lazımi səy göstərməməsi) səbəblərindən asılı olmayaraq, artıq Fərmanın hazırki mübahisəyə tətbiqi mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xəzər Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(003)-171/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar