Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1864/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh1, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(003)-3066/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 36500 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 18 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş borcun etirafı haqqında müqavilə bağlamışlar. Müqaviləyə görə cavabdehlər iddiaçıya 36500 manat məbləğində borclu olduqlarını etiraf etmişlər. Müqavilənin şərtlərinə görə cavabdehlər həmin borcu 28 noyabr 2018-ci il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. Lakin müddət bitdikdən sonra cavabdehlərdən pulunu tələb etsə də, ona olan borclarını qaytarmamış, əvəzində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh1 məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(011)- 5085/2019 saylı qətnaməsi ilə onun iddiası təmin olunmamış, həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, şikayətlərin heç biri təmin edilməmişdir. Hazırda pulunu tələb etsə də, cavabedhlər müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınırlar. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(003)- 3066/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 36500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi real faktlara əsaslanmadan, işi tam araşdırmadan, maddi hüquq normalarını pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını, cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 izahatında göstərdi ki, onun əri X2 ilə İddiaçı arasında metal məmulatlarının alqı-satqısı ilə bağlı biznes münasibətləri olmuş, sonradan münasibətlər korlandığından, İddiaçı şikayəti əsasında əri həbs olunmuşdur. Əri həbsdə olduğu dövrdə İddiaçı təzyiqi ilə aralarında borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqaviləni o və həyat yoldaşının bacısının əri Cavabdeh2 imzalamışdır. Əslində onların arasında heç bir borc münasibətləri olmamışdır. Sonradan həyat yoldaşı Daşdəmir məhkəmə tərəfindən həbsdən azad edilmişdir. Borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırsa da, iddiası təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017- ci il tarixli 1(101)-806/2017 saylı hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 07 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin işdə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 noyabr 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 36500 manat borcu olduğunu etiraf etmiş, borcu 28.11.2018-ci il tarixədək hissə-hissə qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(011)-5085/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh1 cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və İddiaçı qarşı 28 noyabr 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli 2(103)-11962/2019 saylı qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1381/2020 saylı 11.03.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcələnin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, tərəflər arasında borcun etirafı haqqında müqavilə qüvvədə olduğundan, həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia təmin edilmədiyindən, qeyd olunan müqavilə üzrə cavabdehlərin etiraf etdikləri 36500 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər X4 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(003)- 3066/2020 saylı qətnaməsi cavabdehlərin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1864/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1864/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver