Məhkəmə qərarları › İş №2(103)-1864/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1864/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1864/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(002)- 3019/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2018-ci il tarixli müqavilə üzrə HOFFMANN kondisioner, HOFFMANN LED TV üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, ümumilikdə 408 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 428 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN kondisioner, HOFFMANN LED TV almış və nəticədə 408 (dörd yüz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN kondisioner, HOFFMANN LED TV üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 01.07.2018-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kondisioneri 01.03.2019-cu il tarixdə imtina etdikdən sonra məhsul 650 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 01.07.2018-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 779 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 650 manat, 01.07.2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 09.01.2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 1429 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(002)-3019/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin kondisoneri alarkən mənzilin ölçü və parametrlərini iddiaçıya bildirmiş, iddiaçının əməkdaşları ona demişlər ki, onların satdığı hazırda mübahisə olunan kondisoner mənzilə uyğun gələcəkdir. Lakin kondisoner quraşdırıldıqdan sonra həmin evi soyutmamışdır. Bu barədə o iddiaçıya məlumat vermişdir. Bundan sonra, iddiaçının nümayəndələri gəlib kondisioneri geri almışlar. İddiaçının təqdim etdiyi “HOFFMAN” kondisioneri geri qaytarılmışdır. Bu səbəbdən də, həmin kondisionerin pulu ödənməmişdir. Belə ki, cavabdeh həmin malı 01.07.2018-ci il tarixdə almış, evə 17.07.2018-ci ildə evdə quraşdırılmışdır. Həmin vaxt kondisonerin evin ölçüsünə uyğun gəlmədiyini görmüşlər. Bu barədə iddiaçı təşkilata 29 iyul 2018-ci il tarixdə malın dəyişdirilməsi və ya geri qaytarılması barədə müracicət edilib və onlar da gəlib mala baxmış və heç bir qüsuru olmaması müəyyən edilmişdir. Lakin iddiaçı təşkilat gəlib malı aparmamış, bu barədə dəfələrlə onlara müraciət etsə də, hətta 08 avqust 2018-ci il tarixdə iddiaçı təşkilatın e-mail ünvanına məktub göndərək malı niyə gəlib aparmadıqlarını bildirmişdir və bu barədə onlara dəfələrlə müraciət etdiyini də qeyd etmişdir. İddiaçı təşkilat həmin malın geri qaytarmağını inkar etməsələr də, malı 14 gün ərzində deyil, 8 aydan sonra qaytarmağı iddia etmələri tamamilə əsassızdır. Buna dair heç bir sübutları yoxdur. Cavabdehə ünvanlanmış 22.09.2020, 21.10.2020, 25.02.2021, 24.04.2021-ci il tarixli məktublarda bildirilmişdir ki, müqavilə şərtlərini pozduğuna görə kondisioner geri qaytarılmışdır. Kondisioner 650 manat dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ 650 manat ümumi borcdan silinmişdir. Qalan borcu ödəməyi xahiş etmişlər. Göründüyü kimi, həmin kondisioner cavabdehdə olmamışdır. İddiaçı qeyd olunan kondisionerin onlara qaytarıldığını etiraf edir. Bu cavabdehə ünvanlanmış məktublarda da təsdiq olunur. Lakin onun 14 gün sonra deyil, 8 ay sonra qaytardıqlarını bildirirlər. Bununla bağlı isə heç bir sübut təqdim etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01.07.2018-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində HOFFMANN kondisioneri, HOFFMANN LED TV markalı məhsul çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 01.07.2018-ci il muqaviləsi üzrə 18 ay müddətinə, aylıq 100 AZN məbləğində ödənişlər etməklə avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı hər iki məhsul haqqında cavabdeh ətraflı məlumat vermiş, cavabdeh əşyaların ölçüsü və digər parametrləri barədə tam məlumatlı olmuşdur( Qeyd edilən halı hər iki tərəf təsdiq edir). Cavabdeh müqavilə predmeti olan televizorla bağlı ödənişləri etməyə hazır olduğunu, lakin kondisioner ilə bağlı isə ödəniş etməkdən imtina etdiyini bildirmiş, bu halı isə kondisionerin onların otaq ölçülərinə uyğun olmaması halı ilə əsaslandırmış, habelə əlavə ödəniş etməklə, daha böyük ölçülü kondisioner almaqdan imtina etdiyini bildirmişdir. Müqavilə predmeti olan kondisonerdə hər hansı qüsur aşkar edilməmiş, ölçü ilə bağlı uyğunsuzluq olduğundan (otağın ölçüsü üçün daha böyük ölçülü kondisioner zəruri olduğundan) satıcı alıcıya böyük ölüçülü kondisioner ilə dəyişdirilməsini təklif etmiş, cavabdeh alıcı bundan imtina etmişdir (qeyd edilən hal işin mübahisəsiz halıdır). Halbuki mülki qanunvericiliyin tələbinə əsasən həmin əşyanın ölçü baxımından uyğun olan digər əşya ilə dəyişdirilməsi üçün uyğun olan əşya satıcıda olmadıqda, alıcı malı geri qaytarmaq və ödədiyi pulun ona qaytarılmasını tələb etmək hüququna malik olmuşdur. İndiki halda isə satıcıda dəyişdirilməli olan əşya olduğu halda, cavabdeh özü bundan imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, satıcı ididaçı tərəfindən alıcı cavabdehə müqavilə şərtlərinə uyğun əşya təhvil verildiyindən, cavabdehin həmin əşya barədə ölçüsü (hansı sahə üçün uyğun olması) barədə ətraflı məlumatlı olduğundan, alıcı isə müqavilə şərtlərinə uyğun gələn əşyanı qəbul etməkdən imtina etdiyindən, əşyanın dəyişdirilməsindən imtina etdiyindən, bununla bağlı satıcıya dəymiş ziyanın ödəmək vəzifəsi daşımaqla, həmin müqvailə üzrə yaranmış öhdəliklərin icrasına görə mülki hüquqi məsuliyyət daşıyır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 617.1-ci maddəsinə əsasən satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Həmin Məcəllənin 617.4-cü maddəsinə əsasən alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. İşin araşıdırlan hallrından müəyyən olunur ki, kondisionerin alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh onun texniki göstəriciləri barədə tam məlumatlı olmuşdur. Lakin sonradan cavabdeh kondisionerin onların otaq ölçülərinə uyğun olmamasını bildirmişdir. Mülki Məcəllənin 623.1-ci maddəsinə görə cavabdeh malın ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilərdi. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Hazırki halda isə cavabdehə malın daha böyük ölçülü kondisioner ilə dəyişdirilməsi təklif edilmiş, cavabdeh alıcı isə bundan imtina etmişdir. Cavabdeh apellyasiya şikayətində kondisioneri qanunvericiliklə nəzərdə tutulmuş on dörd gün ərzində geri təqdim etdiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdeh malı əlavə ödəniş etməklə dəyişdirmək istəmir, belə olduqda istifadə olunduqdan sonra kondisioneri geri verməklə, kondisioner ilə bağlı ödəniş etməkdən imtina etməsi onu müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Kondisioner qaytarıldıqdan sonra iddiaçı tərəfindən 650 manat qiymətləndirilmiş, müəyyən edilmiş məbləğ cavabdehin ümumi borcundan çıxılmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsassız hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş 5000 manat məbləğindən aşağı olduğundan, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(002)-3019/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar