Məhkəmə qərarları › İş №2(103)-1864/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1864/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1864/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 5133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlu ilə 16 aprel 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmamış övladları vardır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlu arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 479 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlundan Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT (010) -100/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir

4. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 458774 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Elvin və İddiaçı arasında bağlanmış nikaha xx.xx.2022-ci tarixində xitam verilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğluna qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabeh Alıev Elvin (Əliyev Elvin) Qəşəm oğlunun hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin əmək haqqı- qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olduğundan məcbur olub alimenti yalnız sabit pul məbləğində ödənilməsi üçün məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir.Çünki alimentin ödənilməli məbləği cavabdeh azaltdığından uşaqların yaşam tərzində maddi sıxıntı yaradır. Bununla bağlı mediasiyaya müraciət etmişdir. Cavabdehin “ilkin medaisiya sessiyasında iştirak edilməməsi barədə” 19 oktyabr 2023-cü il tarixli MŞB/13/2023-01474 saylı arayış verilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş, tərəflər arasında nikah pozulmuş, uşaqlar hazırda iddiaçının yanında qalırlar. Eyni zamanda, cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan 2(010)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə almalqla, hesab edir ki, sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalıdır. Lakin, iddiaçı alimentin artırılmasını tələb etsə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalıdır. Cavabdehin əmək müqaviləsindən əmək haqqısının 898.29 manat olduğu görünür. Həmçinin cavabdehin təqdim etdiyi icra vərəqəsində cavabdehin aliment borcunun olduğu və bu borcun vergi çıxıldıqdan sonra əmək haqqısına yönəldiyi görünür.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsi, 34-cü maddəsinin İİİ və İV hissələri, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 75.5, 76, 78, 102, 112-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14, 77, 119, 124, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(010)-5133/2023 saylı qətnaməsini ləğv edərək, iddianın sabit pul məbləğində tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə qeyd olunur ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə almalqla, hesab edir ki, sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalıdır. Lakin, iddiaçı alimentin artırılmasını tələb etsə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalıdır. Cavabdehin əmək müqaviləsindən əmək haqqısının 898.29 manat olduğu görünür. Həmçinin cavabdehin təqdim etdiyi icra vərəqəsində cavabdehin aliment borcunun olduğu və bu borcun vergi çıxıldıqdan sonra əmək haqqısına yönəldiyi görünür. Cavabdehin əmək haqqı qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olduğundan məcbur olub alimenti yalnız sabit pul məbləğində ödənilməsi üçün məhkəməyə müraciət etmək qənaitinə gəlmişdik. Buna sübut kimi bankdan çıxarışı təqdim etmişdik. Həmin çıxarışdan görünür ki, ümumiyyətlə alimentin ödənilməsi yalnız xx.xx.2022-ci il tarixdən başlamışdır, bamayaraq ki qətnamədə xx.xx.2021-ci il tarixdən alimentin tutulması başlanması göstərilmişdir. Bundan başqa, bank çıxarışdan göründüyü kimi, cavabdeh 2022-ci il avqust və sentyabr aylarında 386 manat aliment ödəmişdir, noyabr və dekabr aylarında isə 350 manat ödəmişdir sonradan 360 manat ödəmişdir. Göründüyü kimi cavabdehin gəliri müntəzəm olaraq dəyişir. İddaiçının tələbi odur ki, aliment yalnız sabit pul məbləğində ödənilsin, lakin məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Suraxanı Rayon İcra Şöbəsinin 04 noyabr 2023-cü iltarixli, 18/290244/22-19 nömrəli məktubundan görünür ki, borclu Alıev(Əliyev) Elvin Qəşəm oğlunun iş yeri "xxxx" MMC-yə alimentin əmək haqqına yönəldilməsi yalnız 04 noyabr 2023-cü il tarixdə göndərilmişdir və 3 677 manat borcu var. Deməli indiyə qədər ödənilən aliment cavabdeh tərəfindən yalnız sabit pul məbləğində özü ödəyirmişdir. Belə olan halda davamınıda cavabdeh tərəfindən sabit pul məbləğində ödəyə bilər. Lakin məhkəmə bu sübuta düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, bank çıxarışlarından aydın olur ki, hər dəfə fərqli aliment ödənilib - 2022-ci il avqust-sentyabr aylarında 386 manat, noyabrdekabr aylarında 350 manat, sonradan 360 manat ödənilib.xx.xx.2021-ci il tarixdən alimentin tutulması yönəlib lakin, xx.xx.2022-ci il tarixdən alimentin ödənilməsi başlanılıb. Məhkəmə Suraxanı Rayon İcra Şöbəsinin məktubuna düzgün qiymət verməmişdir. Əmək haqqına da yönəlmə olmayıb, məhkəmənin gəldiyi nəticə əsassızdır. Alimentin 440 manat müəyyən olunmasını xahiş edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması” hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladları vardır.

24. Hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

26. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə Alıev (Əliyev) Elvin Qəşəm oğlundan hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.

27. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

28. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək alimentin sabit pul məbləğində tutulması xahiş edilmişdir.

29. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyir və 898.29 manat əmək haqqı alır.

30. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də iddiaçının məhz sabit pul məbləğində aliment tələbinin olmasını əsas götürərək cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.

31. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

32. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması” hissəsində dəyişdirilməli, cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır.

33. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

35. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh Alıev (Əliyev) Elvin Qəşəm oğlundan xx.xx.2014-cü ildə təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar