Məhkəmə qərarları › İş №2(103)-1867/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1867/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1867/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “kredit borcunun qaytarılması” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5162/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cəmi 7270.74 manat - bundan 3217.86 manat əsas, 1385.29 manat faiz, 1761.74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905.85 manat faiz borcunun və iş üzrə ödənilmiş 92.7 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddiasının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5162/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: -İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı istehlak kredit müqaviləsinə əsasən borcverən şəxsi istehlak xərcləri üçün borc alana 24 ay müddətində, illik 27 % olmaqla, 4000 manat kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; - LPO İddiaçı ASC tərəfindən borcluya ünvanlanan 26 iyul 2018-ci il tarixli bildirişdən məlum olur ki, ona 16 dekabr 2014-cü il kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixinədək yaranmış 3217,86 manat borc məbləğinin 5 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; - Əmanətlərin Sığortalanması Fondunun Kreditlərinin idarə edilməsi departamentinin direktoru tərəfindən xx.xx.2019-cu il tarixliyə cavab adı altında Cavabdeh ünvanlanan məktubun surətindən görünür ki, sonuncuya kredit borcununun restrukturizasiya olunması barədə ərizəsi əsasında ləğv prosesində olan İddiaçı ASC tərəfindən müvafiq fərman və qaydaların tələbləri daxilində restrukturizasiya müqaviləsi tərtib olunaraq cavabdehə təqdim edilmiş, lakin onun tərəfindən həmin müqavilənin imzalanmasından imtina edilmişdir; - LPO İddiaçı ASC tərəfindən verilən 22 iyul 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı kredit müqaviləsi üzrə 19 iyul 2022-ci il tarixinə banka 3217,86 manat əsas borcu, müqavilə müddəti üçün 1385,29 manat faiz borcu, borcun gecikdirilməsinə görə 905,85 gecikdirilmiş faiz borcu olmaqla, 7270,74 manat məbləğində borcu vardır:- İddia müddətinin tətbiq edilməsinə dair ərizədən məlum olur ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. (iş.səh. 7, 15, 17, 20, 94,101)

3. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 381.1, 382, 386.1, 442, 448, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır. Kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddəti ötürülməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cü ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il 8 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Restrukturizasiya olunmuş yeni kredit müqaviləsinin bağlanması borcun etirafı barədə deyil, müqavilənin şərtlərinin dəyişdirilməsi qaydalarına uyğun olaraq tərəflərin razılığı ilə şərtləndirilmişdir. Qeyd edilən təklif və ərizə tərəflərin razılığını ifadə edən prosedur qaydası kimi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin ərizəsi öhdəliyin icrası üçün möhlət istənməsi və ya borcun etirafı kimi qəbul edilməməlidir. Belə ki, bu cür təklifin göndərilməsi Fərmanın göstərişindən irəli gəlir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-5162/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3, 380, 425.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddələrinə istinadən qeyd edilmişdir ki, bank tərəfindən ilk dəfə xx.xx.2018ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdehin kredit borcu Azərbaycan Respublikasının Prezidenti “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2019-ci il tarixli 2(001)-1452/2019 nömrəli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Bank şikayət ərizə ilə müraciət edərək, 2(001)-1452/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın ləğv edilməsini və mülki işin növbəti məhkəmə iclasına təyin edilməsi barədə qərardad qəbul edilməsini və ya şikayət təmin olunmadığı halda isə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13362/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə bankın şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. 28 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, AR Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur:müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;- borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi;- kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Borclu Cavabdeh 25 oktyabr 2019-cu ildə Borc məbləğinin restruktrizasiya olunmasına dair ərizə ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Bank tərəfindən Binəqədi Rayon Məhkəməsinə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə təqdim edilmiş mülahizədə göstərildiyi kimi borclu Cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir və həmin etiraf və öhdəliyin icrası üçün möhlət istənməsi ərizəsinə əsasən iddia müddətinin axımı kəsilərək yenidən 3 il müddət yarandığından bank hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etdikdə iddia müddəti ötməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “cavabdehin ərizəsi öhdəliyin icrası üçün möhlət istənməsi və ya borcun etirafı kimi qəbul edilməməlidir”. Halbuki, 28 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında AR Mülki Məcəlləsinin 380-ci maddəsində bəhs edilən etiraf anlayışına aydınlıq gətirilərək, borclunun kreditora borcun etirafını nəzərdə tutan məktub göndərməsi və öhdəliyin icrası üçün möhlət istənməsi etiraf adlandırılmışdır. Borclu Cavabdeh 25 oktyabr 2019-cu ildə Borc məbləğinin restruktrizasiya olunmasına dair ərizəsi də eyni məzmunda olmuşdur. Bank tərəfindən xx.xx.2018ci il tarixində müəyyənləşdirilmiş qaydada Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(001)-1452/2019 nömrəli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. AR MPM iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 2(001)-1452/2019 saylı qərardadının baxılmamış saxlanılma səbəbi 13 əsasın heç birinə aid deyil. Yəni Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş lakin Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Bankın müəyyənləşdirilmiş qaydada iddia ərizəsi verməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Ona görə də iddia müddəti baxılmamış saxlanılma qərardadının qanuni qüvvəyə mindiyi andan (Qərardad xx.xx.2019-cu ildə qəbul edilmişdir.) başlamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərardadlarında qeyd olunmuşdur ki, “Şikayətdə göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət bankların ziyanına istifadə oluna bilməz.” Məhkəmə qətnamədə qeyd edir ki, “iddiaçı fərmanın icrası vaxtının bitməsi tarixindən 2 il 8 ay sonra yenidən məhkəməyə müraciət etmişdir və məhkəmə hesab edir ki, həmin müddət ağlabatan və zəruri prosedurlara sərf edilməli olan vaxt hesab edilə bilməz”. Halbuki, cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında bank tərəfindən 28 fevral 2019-cu il tarixli fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir. Cavabdeh fərmanın icrası ilə əlaqədar yeni müqavilənin bağlanması üçün banka müraciət etsə də, müqavilə hazırlandıqdan sonra müxtəlif bəhanələr gətirərək müqaviləni imzalamaqdan yayınmışdır. Bu da onu göstərir ki, borclu fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-ə kimi olduğunu, müraciətə bağlı olaraq yeni müqavilənin bağlanması üçün müddətin müəyyən edilməməsindən istifadə edərək, müqaviləni imzalamaqdan boyun qaçırmışdır. cavabdeh bankdan götürdüyü krediti Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə yaradılmış güzəştli şərtlərlə ödəmək əvəzinə iddia müddətindən istifadə edərək borcu ödəməməsi dürüstlük qaydasına ziddir. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71- ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cımaddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehin 2019-cu ildə restrukturizasiya müqaviləsinin bağlanması üçün müraciət etdiyini, sonra pandemiya və.s səbəblərdən vaxt itkisi olduğunu, daha sonra ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək yenidən iddia qaldırdıqlarını, cavabdehin birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının heç birində iştirak etmədiyini, sonuncu iclasda məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə göndərdiyini, iddia müddətinin ərizənin onlara təqdim edildiyi vaxtdan hesablanmalı olduğunu, ərizənin özünün borcun etirafı hesab edilməli olduğunu bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

9. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** № li Qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən: Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

10. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin. 2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir. (mülki hüquq münasibətləri mövcud olan zaman qüvvədə olan 25 mart 2020-ci il № 113 saylı Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı); Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətin davam etdirilməsinə icazə verilir (mülki hüquq münasibətləri mövcud olan zaman qüvvədə olan 30 mart 2020-ci il № 120 saylı Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı); Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısının 68-ci bəndində Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu qeyd edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə) ; 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; (mülki hüququ münasibətləri mövcud olan zaman qüvvədə olmuş 2 aprel 2020-ci il № 124 saylı Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı)

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəlarına əsasən: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 372-384, 385-390, 425, 560, 739, 741, 743, 744; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82, 106.2, 119, 146, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, restrukturizasiya dair fərmanla bağlı mütləq vəzifələr müəyyən edilməmişdir. Hazırkı münasibətləri özünə uyğun formada təfsir etməyə cəhd edən iddiaçı öz vəzifələrinin vaxtında yerinə yetirilməməsi üzrə mülki məsuliyyəti müxtəlif aspektlərdən əsaslandırmağa üstünlük vermiş, lakin prosessual qanunvericiliyin birbaşa göstərişi olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri baxımından münasibətlərin şərh edilməsindən yayınmışdır. Başqa iş üzrə qəbul edilmiş məhkəmə qərarının mahiyyətinə qiymət verilməsi isə prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

13. İddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməsə də, kredit müqaviləsinin qüvvəsi bitdikdən kifayət qədər sonra iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cu ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Belə ki, 24 ay qüvvəsi olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müddət nəzərə alınaraq, habelə Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il 8 ay sonra müraciət etməsi, məhkəmə tərəfindən baxılmamış saxlanıldığı təqdirdə iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsi və iddiaçının bu müstəvidə müddətlərin ötürülməsinə dair üzrlü səbəblər və əsaslı sübutlar təqdim etməməsi onun bərpasına belə prosessual imkanlar yaratmamışdır.

14. İddiaçının digər dəlili pandemiya ilə əlaqədar olmuşdur ki, bu hallar üzrə də iddia müddətinin axımını və ya kəsilməsini sübuta yetirən əsaslar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

15. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin dəlilərinin sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirir.

16. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri isə onları ödəyən şəxslərə aid edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5162/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar