Məhkəmə qərarları › İş №2(103)-187/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-187/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-187/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "X30" MMC-nin Cavabdeh qarşı "X30" MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-629/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "X30" MMC Cavabdeh qarşı "X30" MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12.122,00 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 07.08.2017-ci il tarixdə saylı 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və “X24” haqqında müqavilə imzalanmışdır. 07.11.2017-ci il tarixli 492-K saylı əmrlə baş satıcı, 10.01.2018-ci il tarixli əmrlə isə adminstrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24.08.2019-cu il tarixdə Oba-Xalqlar 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 07.02.2019-cu il və 24.08.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun 12662,00 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edilmiş 12662,00 manat qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X24 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-629/2020 saylı, 22 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 15 may 2020-ci il tarixli 9/201 saylı müraciəti ilə ekspert Elgün Səfərovun ekspertiza aparmaqdan imtina etməsi haqqında məlumatına münasibət bildirilməmiş, məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməmiş, iş materialları tam və ətraflı əsaslandırılmamış və məhkəmə tərəfindən qeyriobyektiv qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadına əsasən məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və rəy məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elgün Səfərov əlavə tədqiqat materiallarının təqdim edilməsi barədə 13 mart 2020-ci il tarixli vəsatətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ekspertizanın aparılması və rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat materiallarının təqdim olunması xahiş etmişdir. Nizami Rayon Məhkəməsi həmin müraciətə etinadsız yanaşaraq bu barədə "xxxx" MMC-ni rəsmi qaydada məlumatlandırmamış və "xxxx" MMC-nin bu barədə heç bir məlumatı olmamışdır. Nəticə etibarilə Məhkəmə Ekspertizasının Mərkəzinin eksperti Elgün Səfərov 15 may 2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinə müraciət edərək ekspertiza aparmaqdan imtina etmişdir. Bundan əlavə iş materiallarında olan 07.02.2019-cu il və 24.08.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 12662 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 12662 manat çatışmamazlıqdan 540 manat ödəniş edilmiş qalıq borc 12122 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan və cavabdehlə cəmiyyət arasında imzalanmış “X24 haqqında” müqavilədə qeyd edilir ki, administrator ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış Vəzifə təlimatının məsuliyyət bəndinin sonuncu abzasında göstərilmişdir ki, administrator tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əskiy gəldikdə məsuliyyət daşıyır. Bundan başqa həmin təlimatın vəzifə bəndində göstərilmişdir ki, market personallarmın işə davamiyyətinə nəzarət, kassa əməliyyatları prosesinə nəzarət birbaşa admininstratorun vəzifə borcudur. Qeyd edilən hallarla bağlı bütün məsuliyyəti administrator daşıyır. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021-ci il tarixli rəyi ilə razı deyil, o, iddiaçı MMC-də 2019cu ilin avqust ayına kimi işləmiş və hər üç aydan bir onu yeni obyektə göndərirdilər. Ona vaxtı keçmiş məhsulların öz paketlərindən boşaldılaraq adi salafanlara qoyulub satılması deyilirdi. Obyektlər daima nəzarət altındadır, çoxlu sayda kameralar və onun pul mənimsənilməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nindirektoru X14 ilə Cavabdeh arasında 07.08.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Oba Marketlər şəbəkəsi-satıcı-kassir vəsifəsinə işə qəbul edilmiş və maaşı 153 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin 07.08.2017-ci il tarixli 340-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin X4 OBA Marketlər Şəbəkəsinə 07.08.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Satıçı-kassir satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi müəyyən edilmişdir. İşəgötürən "X30" MMC-nin rəhbəri X15 ilə işçi Cavabdeh arasında bağlanmış 07.08.2017-ci il tarixli X24 haqqında müqavilədən görünür ki, işçi onun tutduğu vəzifə və qurduğu iş üzrə X24 daşıyır. 07.11.2017-ci il tarxili Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh X13 satıcı-kassir vəsifəsində işə qəbul edilmiş, maaşı 153 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin 07.11.2017-ci il tarixli 492-K saylı əmrindən “Vəzifə dəyişikliyi haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 07.11.2017-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. Əmək haqqının ştat cədvəlinə əsasən aylıq 167 manat ödənilməsi nəzərdə tutulmuşdur. İşəgötürən "X30" MMC-nin rəhbəri X15 ilə işçi Cavabdeh arasında bağlanmış 07.11.2017-ci il tarixli X24 haqqında müqavilədən görünür ki, işçi onun tutduğu vəzifə və qurduğu iş üzrə X24 daşıyır. “X30" MMC-nin 10.01.2018-ci il tarixli 009-K saylı əmrindən “Vəzifə dəyişikliyi haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 10.01.2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqının ştat cədvəlinə əsasən 175 manat olması müəyyən edilmişdir. İşəgötürən "X30" MMC-nin rəhbəri X15 ilə işçi Cavabdeh arasında bağlanmış 10.01.2018-ci il tarixli X24 haqqında müqavilədən görünür ki, işçi onun tutduğu vəzifə və qurduğu iş üzrə X24 daşıyır. “X30" MMC-nin 07 fevral 2019-cu il tarixli “Aktivlər və öhdəliklərin inventarizasiya Qaydaları”na 1 nömrəli əlavədən görünür ki, 01 avqust 2018-ci il tarixli 10 №-li əmr ilə təyin olunmuş komissiyanın sədri “X30" MMC-nin satınalma şöbəsinin müdiri Səfərov Hüseyn Həsanalı oğlu, komissiyanın üzvləri İnventarizasiya şöbəsinin müdiri X16, baş mühasibi X2, "xxxx" MMC-nin Təftiş və Hüquq Departemantinin satışa nəzarət və təftiş şöbəsinin və "xxxx" MMC-nin Təftiş şöbəsinin müdiri X5, Satış müdiri X7 və Nizami rayonu, C,Naxçivanski ünvanında yerləşən OBA 497 mağazası üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılmışdır. Əliyev X1 bildirmişdir ki, inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə verməmiş, heç kimdən borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə almamışdır. Həmin akta əsasən 1001 sıra nömrəsi ilə 28963 manat məbləğində mal sayılmış və bununla bağlı maddi məsul şəxsin inventarizasiya komissiyasına heç bir iradının olmaması əks olunmuşdur. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən OBA 497 mağazasının müdiri maddi-məsul şəxs Cavabdeh iştirakı ilə əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində yaradılmış işçi qrupu tərəfindən 24 avqust 2019- cu il tarixli inventarizasiya siyahısı ilə onun öhdəliyində olan maddi qiymətlər fiziki sayılmaqla yoxlanaraq yeni təyin olunmuş maddi-məsul şəxs X11 təhvil verilmişdir. Mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsini aparmışlar. Həmin akta əsasən 987 sıra nömrəsi ilə 23462,92 manat məbləğində mal sayılmış və bununla bağlı maddi məsul şəxsin inventarizasiya komissiyasına heç bir iradının olmaması əks olunmuşdur. “X30" MMC-nin 24 avqust 2019-cu il tarixli imtina aktından görünür ki, işçi qrupunun rəhbəri Salmanov Cahangir Rəhim oğlu, işçi qrupunun üzvləri X3 və X12 bu aktı onadan ötrü tərtib etdilər ki, “X30" MMC-nin ünvan 3 ünvanında yerləşən OBA Xalqlar 7(497) 27.08.2019-cu il tarixinə təyin olunmuş təhvil təslim yoxlamasında mağazada öhdəsində olan ticarət mallarının təhvil təsliminin aparılması məqsədi ilə təhvil verən maddi məsul şəxs Cavabdeh edilmiş şifahi müraciətlərə və şirkətə məxsus 055 ***-**-** nömrəli xidməti telefonuna edilən zənglərə baxmayaraq o, bütün çağırışlara məhəl qoymayaraq, mağazaya gəlməmiş və bununla damalların təhvil təslinində iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də maddi məsul şəxs Cavabdeh iştirakı olmadan, işçi qrupunun üzvləri və yeni administrator təyin edilmiş X8 iştirakı ilə təhvil təslim yoxlamasını aparıb, nəticəsini qanunauyğun qaydada aktlaşdırmışlar. “X30" MMC tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, 07.02.2019-cu il və 24.08.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 12662 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh keçən dövrdə 540 manat Cəmiyətin xəzinəsinə mədaxil etməklə 12.122,00 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X30" MMC tərəfindən 07.02.2019-cu il tarixli və 24.08.2019-cu il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun siyahılar təqdim edilmişdir. Həmin siyahılara əsasən mallar sıra mömrəsi ilə siyahıya alınmiş və qiymətləndirilmişdir. Qeyd olunmalıdır ki, 07.02.2019-cu il tarixdən 24.08.2019-cu il tarixədək cavabdehə təhvil verilmiş malların məhz onun təqsirinə görə əskik gəlməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması iddiaçı tərəfindən sübut oluna bilməmişdir. Məlum olduğu kimi iddiaçı malların mağazalarda satışı ilə məşğul olur. Həmin malların təşkilat kimi iddiaçı tərəfindən ilkin sənədlərə (qaimələr, fakturalar və.s) əsasən əldə edilməklə sonradan iddiaçı tərəfindən satışı həyata keçirilir. İddiaçı öz maliyyə uçotunda əksini tapması nəzərdə tutulan mallarının əldə edildikdən sonra onların sonrakı hərəkətinə dair əsaslı sübutları məhkəməyə təqdim etmədən bu mallara dair 07.02.2019-cu il tarixdə ilik inventarizasiya siyahısı tərtib etməklə beş aydan sonra yenidən cavabdehin iştirak olmadan yeni 24.08.2019-cu il tarixli inventarizasiya siyahısı tərtib etməklə bu siyahılar arasındakı malların məbləğləri arasındakı fərqdən də artıq məbləği cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, ilkin inventarizasiya ilə sonuncu inventarizasiya aktları tərtib olunana aralıqda həmin malların satılması, köhnəlməsi, geri qaytarılması və.s. kimi halların baş verməsi də istisna deyildir. İddiaçı tərəfindən tələb olunan ziyan məbləğinin məhs hansı qaydada müəyyən edilməsi, yaranmış ziyan məbləğlərinin məhs iddia tələbindəki məbləğ olması əsaslandırılmadan, ziyanla bağlı inventarizasiya aktlarından savayı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən həmin mallara dair məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına sənədlər təqdim edilmədiyi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdehin işlədiyi vaxt ərzində nə qədər mal alıbsatması barədə heç bir məlumat məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən imzalanmış 07.02.2019-cu il tarixli iltizamnamədə göstərilmişdir ki, o, inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə verməmiş, heç kimdən borc, yaxud başqa qaydada saxlamaq üçün heç nə almamışdır. İddiaçı tərəfindən bu hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaəti də əsaslı hesab edərək qeyd edir ki, qeyd olunan hissədə də birinci instansiya məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Əvvəla məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 2019-cu ilin sonunda öz ərizəsi ilə işdən azad edilmiş və işdən azad olunarkən ona qarşı hər hansı bir irad işəgötürən tərəfindən bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191.2.-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəlləsinin 199.1.-ci maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X24 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Apellyasiya instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 16.07.2021-ci il tarixli 9/1817- 9/1875 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 07.02.2019-cu il və 24.08.2019-cu tarixli “Oba-Xalqlar 7(497)” filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığının 12.122,00 (12.662,00 - 540,00) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Kollegiya qeyd olunan ekspert rəyini iş üzrə araşdırılmış və tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş birtərəfli, əhatəli olmayan sənədlərə əsasən rəydə qeyd olunan və iddiaçının tələb etdiyi məbləğin cavabdehdən tutulması əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya icraatında iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma məqsədilə təftiş və hesablama aparılması üçün 25.08.2021-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza keçirilməsi Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının məhkəməyə daxil olmuş xidməti məruzəsində göstərilmişdir ki, iş üzrə rəy verilməsi üçün sübutlar yetərli olmadığı müəyyən edilmiş, bununla bağlı dəfələrlə iddiaçı "xxxx" MMC-yə audit yoxlamasına dair əlavə materialalrın təqdim olunması vacib olunduğu bildirilsə də, həmin sənədlər təqdim edilməmişdir. Ona görə də, iş materialları geri qaytarılmışdır. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 izahatında bildirdi ki, audit onlardan dəqiq hansı sənədləri tələb etdiyi müəyyən deyil. Auditor onlardan dəqiq sənədlər tələb etməyib. Ona görə də iş üzrə yenidən ekspertiza təyin edilməsini xahiş etdi. Məhkəmənin 19.01.2022-ci il tarixli qərardadı ilə yenidən ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Auditorlar Palatasının 20.04.2022-ci il tarixli məktubu ilə yenidən rəy verilməsi mümkün olmadığı üçün iş materialları geri qaytarılmışdır. Qoşmada olan Auditorun 28.03.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X19 ilə əlaqə saxlanılmasına və sonradan 11.03.2022-ci il tarixdə yazılı müraciət edilsə də qərardadın icrası ilə bağlı iş üzrə zəruri sənədlərin və çıxarışların təqdim edilməməsi səbəbindən təftiş aparılaraq şikayətin dəlillərinin yoxlanılması mümkün olmadı. Yuxarıda göstərilənlər nəzərə alınaraq tərəfimizdən hər hansı fikir bildirməyimiz mümkün olmadı.” Göründüyü kimi müvafiq rəyin alınması üçün məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin olunsa da, iddiaçı tərəfindən zəruri sənədlər auditora təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı irəli sürdüyü tələbin əsaslılığını sübut edə bilməmiş və belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-629/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar