Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1870/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(010)-27/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” İKB ASC (indiki adı “xxxx” ASC) Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 21 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11342,49 ABŞ dolları əsas borc, 4195,89 ABŞ dolları faiz borcu və 2318,36 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17856,74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən bir neçə dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək son nəticədə Cavabdeh 21 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 sentyabr 2018-ci il tarixədək hesablanmış 11342,49 ABŞ dolları əsas, 5755,36 ABŞ dolları faiz və 4432,07 ABŞ dolları cərimə, cəmi 21529,92 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15290 ABŞ dolları kredit götürmüş, tərəflərin qarşılıqlı razılığına əsasən kreditin qaytarılması müddəti 19 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(010)- 27/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11342,49 ABŞ dolları məbləğində əsas borc, 5746,20 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə olmaqla 17108,69 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi ilə) məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürülən zamanı 1 ABŞ dolları 78 qəpiyə bərabər olmuş, sonra dolların məzənnəsi qalxdığından, o, borcunu ödəyə bilməmişdir. Məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(010)-27/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 21 avqust 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə, Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh illik 18%-lə 36 ay müddətinə 15290 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 19 mart 2018-ci il tarixli əlavəyə əsasən, kreditin qaytarılması müddəti 19 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. Həmin Müqavilənin 1.2.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 %-i həcmində dəbbə pulu hesablanır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 19 sentyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 11342,49 ABŞ dolları əsas borcu, 3755,36 ABŞ dolları faiz borcu və 4432,07ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 21529,92 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 15 avqust 2019-cu il tarixli 15913 saylı rəyindən görünür ki, Cavabdeh 21 avqust 2017-ci il tarixə iddiaçı xxxx” İKB ASC-yə olan əsas borcu11389,90 ABŞ dolları, faiz borcu isə 3536,56 ABŞ dolları təşkil edir. İş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizasının 03 mart 2020-ci il tarixli 5571 saylı rəyindən görünür ki, Cavabdeh müqavilə müddəti bitən 19 sentyar 2018-ci il tarixə iddiaçı xxxx” İKB ASC-yə olan əsas borcu 11389,90 ABŞ dolları, faiz borcu isə 5746,20 ABŞ dolları təşkil edir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 21 avqust 2014-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı İKB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə 11342,49 ABŞ dolları əsas, 5755,36 ABŞ dolları faiz və 4432,07 ABŞ dolları cərimə, cəmi 21529,92 ABŞ dolları borcun tutulması tələb olunsa da, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 11342,49 ABŞ dolları məbləğində əsas borc, 5746,20 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə olmaqla 17108,69 ABŞ dolları məbləğində pulun tutulmasını qət etmiş, bu zaman ekspert rəyinə əsasən müəyyən olunmuş 11389,90 ABŞ dolları məbləğində əsas borcun iddia tələbindən çox, ekspert rəyinə əsasən müəyyən olunmuş 5746,20 ABŞ dolları məbləğində faiz borcunun isə iddia tələbindən az olması nəzərə alınmış, cərimə məbləği isə kifayət qədər azaldılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(010)- 27/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1870/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1870/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver