Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1871/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 İcra məmuru X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006cı il tarixdə kredit kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən Cavabdeh illik 22 fazilə 12 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X3 mülkiyyətində olan ünvan 1, ev 45, mənzil 11 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bankın iddia tələbi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən 13 il sonra icra edilmişdir. Hazırda iddiaçı əldə çıxmış faydaya görə pul tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olmasının nəzərə alınmaqla iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun və ödənilmiş 206.15 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanan 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcalana 50.000 manat məbləğində illik 22% olmaqla 12 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq X3 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən, 45 nömrəli evin 11 saylı mənzili 21 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilmiş, Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2009-cu il tarixli, 2(102)-499/2009 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh banka 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixinədək 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 38.715 manat borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda 20 fevral 2009-cu il tarixdən sonra cavabdehdən icranı gecikdirməsinə görə illik 5 faizlə hesablanmış zərər məbləğini tələb edir. Birinci instansiya məhkəməsi qanunvericilik normalarına istinadən qeyd etmişdir ki, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2018 saylı, 11 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə hərrac 15 iyul 2022-ci il tarixdə keçirilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdehin pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2008-ci il tarixli 2(103)-2811/2008 saylı qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Buna görə də həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıya bilməz. Həmçinin, Bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.2.1, 445.7, 448.4, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hesab edir ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 21 sentyabr 2006-cı il tarixli kredit müqaviləsi illik 22 faizlə 12 ay müddətinə bağlanmış və bu müddət ərzində Cavabdeh tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəllənin 442ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Hesab edir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən bankın illik beş faizlə hesablanmış əldən çıxmış fayda borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi 21 sentyabr 2007-ci il tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yaradır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəfindən məhkəmə qətnaməsininicra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3773/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2238/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmələrin tətbiq etdiyi maddi hüquq normaları, eləcə də həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları gecikmə olduğu halda, analoji iddiaların təmin edilməsini istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (hazırda həmin norma 24 fevral 2023-cü il tarixli, 822-VİQD №-li Qanunla eyni məzmunda başqa redaksiyada tətbiq edilir.) İşin hallarından da görünür ki, xx.xx.2008-ci il tarixli icra sənədi 15 iyul 2022-ci il tarixdə icra edilib. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) hallarının müəyyən edilməməsini qeyd etmiş və bunun təsdiqi kimi də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2811/2008 nömrəli xx.xx.2008-ci il tarixli icra sənədi üzrə tərtib edilmiş icra işindəki materiallara istinad etmişdir. İcra işində olan sənədlərə əsasən, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi halı müəyyən edilsə idi, iddianın təmin olunması istisna edilmirdi. Onda bir halda ki, apellyasiya instansiya məhkəməsi iddianı cavabdehin qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsi (icraatın dayandırılması ya da icranı mümkünsüz etməsi və s.) hallarının müəyyən edilməməsi əsası ilə rədd edib, belə olan halda, icra işindəki materialları sadalamaqla kifayətlənməməli, həmçinin nəyə görə həmin icra sənədinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2009-cu il tarixli qərarından 13 il sonra icraya yönəlməsi ilə bağlı məsələlərə aydınlıq gətirməli, bu müddət ərzində icra ilə bağlı hansı hərəkətlərin edilib-edilməməsini, icraya iddiaçının hansı maneəni törətməsini müəyyən etməklə qiymət verməli idi. İcra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırki işin müəyyən edilən halları isə ondan ibarətdir ki, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilib. Qeyd edildiyi kimi, icra sənədinin bu müddət ərzində hansı səbəbdən icra edilməməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Dəfələrlə qeyd edilib ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi isə yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Başqa bir məsələ, Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Buna görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqinin cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi düzgün olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 izahat verərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən icra məmuru X6 izahat verərək bildirdi ki, 2008-ci il tarixli icra vərəqəsi icra olunması üçün onun icraatına 2022-ci ildə daxil olmuş və icra olunmuşdur. Əvvəlki icra işi digər icra məmurunun icraatında olmuş, hansı səbəbdən icra olunmamasına dair izah verə bilmədi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (köhnə redaksiya) 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı: Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı: Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən bankın iddia tələbi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh ümumilikdə 69.479 manat məbləğində borc (əsas borc 50000 manat) tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 45 nömrəli evin 11 saylı mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin verildiyi vaxt “İcra haqqında” Qanunun 13.1.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində icraya yönəlməlidir. Məhkəmə kollegiyasının iclasında icra məmurunun iştirakı ilə 26 dekabr 2007-ci il tarixdə, 11 noyabr 2008-ci il tarixdə verilmiş icra vərəqələrinə və 10 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş məktub əsasında 11 noyabr 2008-ci il tarixdə verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair icra işlərinə baxış keçirilmişdir. Lakin işin hallarından da görünür ki, xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və 15 iyul 2022-ci il tarixdə icra edilmişdir. Göründüyü kimi, qanunvericilik məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin bir ay ərzində icraya yönəlməli olmasını nəzərdə tutur. Hazırki işin müəyyən edilən halları isə ondan ibarətdir ki, hazırki iş üzrə 3 dəfə icra vərəqəsi verilmişdir birinci icra vərəqəsi 2007-ci ildə birinci instansiya məhkəməsi tərəfindən verilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2008-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu üçün 2007-ci ildə verilmiş icra vərəqəsi üzrə icraata 27 fevral 2021-ci il tarixdə xitam verilmiş, daha sonra isə yenə də apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. 2(005)-2046/2007 saylı mülki işə əlavə olunmuş 2011-ci ildə icra məmuru tərəfindən qiymətləndirmə haqqında qərar qəbul edilmiş və icra işlərindən görünür ki, tələbkar icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq məktublar göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi isə icranın gecikdirilməsində cavabdehin təqsirli olmamasına istinad etmişdir, lakin iddia tələbinin hüquqi əsasını təşkil edən qeyd olunan normadan göründüyü kimi borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Halbuki, kassasiya instansiyasının mövqeyindən də görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün isə borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə bu yalnız tələbkar icra vərəqəsinin geri qaytarılmasını xahiş etdiyi və ya icra hərəkətlərinin dayandırılması barədə rəsmi müraciəti olduğu halda borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olmaması haqda mühakimə yürütmək olar. Lakin məhkəmə kollegiyasının iclasında proses iştirakçıları ilə birlikdə tədqiq edilmiş icra işlərindən tələbkarın belə bir müraciətlərinin olması görünmür. İş materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmiş və icra sənədi 13 ildən də artıq müddət keçdikdən sonra icra edilmişdir və buna görə də bank ona qarşı hazırki iddia qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı borcun hesablanmasının əvvəlinin 20 fevral 2009-cu il tarixdən olmasının nəzərə alınması və cavabdehdən iddiaçının xeyrinə 20 fevral 2009-cu il tarixdən 03 avqust 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq 38.715 manat məbləğində borcun tutulmasını xahiş etsə də adi riyazı hesablama ilə müəyyən edilmişdir ki: cavabdehdən tutulmalı olan əsas borc 50000 manat olmuş, həmin məbləğ 13,5 il (2009-2022+5 ay) ərzində icra edilmədiyi müddətdə hər il üçün 5 faiz hesablanmaqla (50000x5:100=2500x13=32500+1040 (208 ( 2500:12) x 5ay (xx.xx.2022-xx.xx.2022)) 33540 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 33540 manat məbləğində borc Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 206.15 manat dövlət rüsumunun 190.62 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 15.53 manat iddiaçıya aid edilməlidir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-302/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 33540 manat məbləğində borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 206.15 manat dövlət rüsumunun 190.62 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, 15.53 manat iddiaçıya aid edilsin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov