Məhkəmə qərarları › İş №2(103)-1873/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1873/2021

24.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1873/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışiniski Fuad Şəmsəddin oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü və mənzilə köçürülmə” haqqında ilkin, Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18 A saylı fərdi yaşayış evinə onun 2/3, Cavabdeh isə 1/3 hissədə payının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia verərək, tərəfləri birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəlüdlü X3 onun yanında qaldığı üçün uşağın mənafeyi nəzərə alınaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 18 A və ünvan 1 ünvanlarında yerləşən mənzillərin 2/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh mülkiyyət paylarının müəyyən edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv və qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi üzərində 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabadehin himayəsində azyaşlı uşağı var, lakin məhkəmə bunu nəzərə almamış və qətnamə qəbul edərkən bərabər bölgünün tərəflərin hər hansı diqqətə layiq mənafeyini pozmadığı nəticəsinə gəlsə də, bu bölgü Cavabdeh mənafeyini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, məhkəmə azyaşlı övladının onunla qalması kimi vacib fakta əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən Elnarə Tadıqovanın nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət rədd olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh və İddiaçı xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə Sumqayıt şəhəri Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1510 nömrəli akt qeydi tərtib olunmuşdur. Bu nikahdan 2012-ci ildə Sami Tapdıqov adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın etibarsız sayılması qət edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********86 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 18a saylı fərdi yaşayış evi Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 4Ə/2-440 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, Cavabdeh İddiaçıla birgə nikahlarından doğulmuş az yaşlı uşaqlarının onun himayəsində olduğunu, İddiaçı tərəfindən uşağın saxlanılması üçün aliment ödənilmədiyini və heç bir maddi yardım gösətilmədiyini bildirərək, yetkinlik yaşına çatmayan uşağın menafeyi nəzərə alınmaqla, mübahisə predmeti olan mənzilə onun 2/3 hissədə payının müəyyən edilməsini tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin 28.5-ci madəsinə görə, nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Həmin Məcəllənin 37.1və 37.2-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunda tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmaması halında ümumi birgə mülkiyyətdə olan əmlak üzərində tərəflərin bərabər paylara məxsus olması prezumpsiyası müəyyən edilmişdir. Kollegiya, qanuni prezumpsiyanı və tərəflər arasında hər hansı ayrı qaydanın razılaşdırılmadığını, habelə iddiaçının payının artırılması üçün qanunda nəzərdə tutulmuş hallara dair (himayəsində olan azyaşlı uşağının mənafeyinin nəzərə alınması ilə bağlı şikayətində istinad etdiyi hallara dair) mötəbər sübutların təqdim olunmadığını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil üzərində tərəflərin bərabər - ½ payda mülkiyyət hüquqları tanınmalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Tapdıqova Elnarə Xudayar qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-609/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli dəyişdirmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Tapdıqova Elnarə Xudayar qızına aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar