Məhkəmə qərarları › İş №2(103)-1874/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1874/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1874/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh Elschad Alıjew-in nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab olunaq mənzillərin yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Elschad Alıjew borc alan İddiaçı xx.xx.2021-ci il tarixinədək 200.000 manat məbləğində; həmçinin Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək, 100.000 manat məbləğində kredit verməyi, borc alan İddiaçı öhdəliyi vaxtında icra etməyi öhdəlik götürmüşdür.

2. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Elschad Alıjew ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə və Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-728 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən mənzilləri kredit müqavilələrinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə həmin müqavilələr üzrə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8611 ilə qeyd edilmiş icra qeyinə əsasən Elschad Alıjewin xeyrinə İddiaçı 100.025 manat 00 qəpik pulun və həmin notarius tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, reyestrdə 8İ-8610 ilə qeyd edilmiş icra qeydinə əsasən Elschad Alıjewin xeyrinə İddiaçı cəmi 200.025 manat 00 qəpik pulun tutulması təklif edilmişdir.

4. 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, məznil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.

5. Cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Elschad Alıjew, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 8610 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli və 8611 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən (həbsdən) azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Mülki iş məhkəmənin icraatında olarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir

8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Almaniya Federativ Respublikasının vətəndaşı Alıjew Elschad 200000 manat məbləğində ona pul borc verib. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə 100000 manat pul borc verib. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisinin notariusu X5 tərəfindən rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzil və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111,1 kv.m olan mənzillər cavabdehin xeyrinə yüklü edilib. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət edərək, 14 sentyabr 2022-ci il tarixli icra qeydləri alıb və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərib. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinə əsasən tələb olunan 300000 (üç yüz min) manat məbləğində kredit məbləği üzrə icra qeydləri qanunsuz və əssasız olduğu üçün ləğv olunmalıdır. Belə ki, cavabdeh 10 noyabr 2020-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 8000 manat olmaqla, 48000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verib və 6000 manat pulu isə onun nümayəndəsi Şahid ondan evinin həyətində qəbul edib. Cavabdeh 20 avqust 2021-ci il tarixli müqavilə üzrə kredit müqaviləsi rəsmiləşdirildiklə 6 (altı) ay 7000 manat olmaqla, 42000 manat pulu əvvəlcədən ondan çıxmaqla bu məbləği ona verilmiş 5000 manat isə onun nümayəndəsi Şahid ondan evinin həyətində qəbul edib. Əks təqdirdə isə onun marağı nədən ibarət olub ki, faizsiz olaraq bu məbləğdə vəsaiti müddətli borc rəsmiləşdirməklə ona verib. Bu məbləğləri çıxanda onun cavabdehə borcu 199.000 manatdır. Əlavə olaraq qeyd etmək istəyir ki, barəsində Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın vaxtlarda Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olub. Belə ki, cavabdehlə aralarında bağlanmış müqavilələrin şərtlərinə əsasən ondan 300000 (üç yüz min) manat məbləğində pulun ödənilməsini tələb edir. Lakin borc yuxarıda qeyd etdiyi kimi 199000 manat civarında olmalıdır. Lakin Bakı şəhəri 18 saylı Notariat Ofisi icra qeydinə əsasən 300000 manat məbləğin ondan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Bundan başqa, ipoteka rəsmiləşdirilməsi də düzgün icra edilməyib və 100000 manat kredit müqaviləsi bağlandığı vaxt mənzillər yüklü edilməyib və sonradan 10 noyabr 2020-ci il tarixdə rəsmiləşdirildikdə Neftiçilər ərazisində yerləşən notariat kontorunda rəsmiləşsə də 50 saylı notariat ofisində rəsmiləşdirildiyi sənədlərlə müəyyən edilir və hər iki müqavilə ayrı reyestr nömrələri ilə qeydiyyata alınsa da, yəni 7435 və 7436 nömrələri düzgün olmadan qeydiyyata alınıb və xx.xx.2021-ci il tarixdə rəsmiləşdirildiyi görsənir. Halbuki müqaviləyə baxdıqda görsənir ki, 10 noyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Hesab edir ki, burada qanunvericiliyin tələbləri pozulub. Həmçinin, icra işi ilə əlaqədar ipotekaya yönəldilmə barədə tələb olmadığından hesab edir ki, yüklülüyün qalması da mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyət cavabdeh Alıjew Elschad tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanıb və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli icra sənədi bu qayda da icra edilə bilməz və onun icrası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsininin tələblərinə uyğun olaraq icra məcburi dayandırılmalıdır. Beləliklə kredit ödənişinin gecikdirmənin əsas səbəbi həmin müddət ərzində dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tədbiq olunması nəticəsində ondan irəli gəlib. Hesab edir ki, bu hal MM-nin tələbinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.

9. Cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh Elschad Alıjew iddianı qəbul etmir, hesab edir ki, iddia ərizəsində göstərilən hallar uydurma olmaqla iddia təmin edilməməlidir. Onunla iddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində iki kredit müqavilələri və kreditlərin təminatı kimi ipoteka müqaviləsi bağlanmış, iddiaçıya 300.000 (üç yüz min) manat borc (kredit) vermişdir.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, tərəfləri tanıyır. Borc müqaviləsi notarial qaydada bağlandığı halda borc da notarial qaydada qaytarılmalı idi. Elschad Alıjewin nümayəndəsi olub. 18 saylı Notariat Ofisində 200.000 manat, 50 saylı Notariat Ofisində 100.000 manat borca dair müqavilə bağlanılıb. Notariat Ofisində pul kassaya verilib və kassadan da pul götürülüb. İddiaçı tanıyır. Borcu verən şəxs Elschad Alıjew olub. O, sadəcə vasitəçi olub. İddiaçı ona pul qaytarmayıb. Əgər İddiaçı pulu qaytarsaydı, notarial qaydada borcdan silinməsini tələb edərdi. İddiaçı pulu kassadan götürüb, kassaya da qaytarmalı idi. Bu barədə İddiaçı məlumatı olub. O, İddiaçı heç bir pul məbləği qəbul etməyib. O, başqa şəxslərin adına və ya öz adına kartlar verməyib. İddiaçı 300.000 manatdan ona heç bir məbləğ qaytarmayıb.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Elschad Alıjew tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, Elschad Alıjew ilə iddiaçı arasında mövcud olan mübahisədir. İddiaçı Azərbaycan Mülki Məcəlləsinin 422.1-ci maddəsinə istinad edərək, pandemiya səbəbindən kredit ödənişinin gecikdirildiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hazırkı iddianın predmeti kredit müqavilələrinin ləğvi deyil, icra qeydinin ləğvi və digər tələblərdir. Hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli icra qeydlərinin verilməsinə əsas Elschad Alıjew ilə borclu İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli kredit müqavilələri olmuşdur.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X2 qanunvericiliyin tələblərinə uyğun olaraq Elschad Alıjewin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirmişdir, Elschad Alıjew isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı “18 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, təqdim edilmiş 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, məznil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin, cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırda məhkəmə araşdırması zamanı xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilməmişdir. Mübahisələndirilən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia mübahisələndirilən hissədə əsasızdır.

16. Məhkəmə gəldiyi nəticəni, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 79-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.6, 337.1, 337.2, 337.3, 337.4, 385.1, 739.1 və 739.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ına istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri

17. İddiaçıhəmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, notariat icra qeydinin aparılması barədə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda borcun məbləği və ipoteka predmetinin qiyməti mübahisəli olduğuna birbaşa işarə verməyinə baxmayaraq, hətta tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını bildiyi halda icra qeydini qanunsuz olaraq vermişdir. Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qaydada poçt qəbzi “Azərpoçtun” vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Belən olan halda da qəbzin nömrəsi ilə həmin poçt göndərişi izlənilmə imkanı yaradır. Amma hazırki məhkəmə baxışı zamanı araşdırılan və tədqiq olunan icra qeydi ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təstiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Bildirişdə olan borclu tərəfindən icra edilən imza isə onun imzasının olmaması gənaətinə gəlməyə əsas vermiş olmuşdur. Borclu hazırki, o, məhkəmə hazırlıq iclasında imzanın onun tərəfindən icra edilməməsini təsdiq etməsinə baxmayaraq və imzanın oxşadılaraq bildiriş üzərində başqa şəxslər tərəfindən icra edilməsi ehtimalı üzə çıxmasına baxmayaraq məhkəmə iş üzrə imza nümunələrini götürərərk məhkəmə xəttşünaslıq ekspertizasını təyin etmiş olsa da lakin poçt bildirişinin əsli olmadan ekspert bildirişin əslini tələb etmə barədə vəsatət qaldırmışdır. Lakin Məhkəmə bildirişin əslini qarşı tərəfdən tələb edərək işi ekspertizaya göndərmək əvəzinə işə nəticə verərək iddianı təmin etməmişdir. Məhkəmə hakimi qətnaməsində də bütün bu halları təhrif edərək bildirişin borcluya çatdırılması kimi qanunsuz olaraq qiymətləndirmişdir. Bildirişin rəsmi poçt vasitəsi ilə göndərilməsində hansı çətinliklər var ki, bu qəbildən olan işlərdə bütün bildirişlər kuryer poçt vasitəsi ilə tələbkarlar tərəfindən göndərilir. Hansı səbəbə görə bildirişin əsli təqdim edilməmişdir! Ona görə də bu cür hallardan sui-istifadə halları çoxalmışdır. Məhkəmələr isə bu halları düzgün araşdırmırlar. Ciddi hal hesab etmirlər. Bununla da borclunun hüquqları pozulur. Ədalətli araşdırma hüququ da pozulmuş olur. Hazırkı normaya məhkəmə istinad etməkdə hesab edirik ki, haqlı olmamışdır. Belə ki, qanunda bildirişin alınmasında söhbət gedirsə borclunun bildirişi alması iş materialları ilə müəyyən edilməmişdir. Mülki qanunvericiliyə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırki halda isə məhkəmə hesab edir ki, müəyyən etmiş olduğu halları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından iddianın təmin edilməməsi ilə bağlı tədbiq etdiyi yuxarıdakı maddi hüquq normalarını da bu iş üzrə yanlış olaraq tədbiq etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Elschad Alıjew-in nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 24.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 25.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 26.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 27.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 28.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 30.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun

33.76-cü maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 34.79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının

35.161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 36.162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 37.169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

38.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

39.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Elschad Alıjew ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Elschad Alıjew borc alan İddiaçı xx.xx.2021-ci il tarixinədək 200.000 manat məbləğində; həmçinin Bakı şəhəri 50 saylı notariat ofisini tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinədək 100.000 manat məbləğində kredit verməyi, borc alan İddiaçı öhdəliyi vaxtında icra etməyi öhdəlik götürmüşdür.

43. Həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən mənzilləri Elschad Alıjew-in xeyrinə ipoteka ilə yüklü etmişdir.

44. Öhdəliklərin icrası gecikdirildiyindən Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2022-ci il tarixli, 8İ-8610 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 8İ-8611 reyestr nömrəli icra qeydləri verilmiş, İddiaçı Elschad Alıjewin xeyrinə müvafiq olaraq 200.025 manat 00 qəpik və 100.025 manat 00 qəpik pulun tutulması tələb edilmişdir.

45. Hazırda iddiaçı kredit müqaviləsi əsasında yaranmış borcun mübahisəsiz olmasının araşdırılmadığına, icra qeydinin aparılacağı barədə bildirişin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada ona təqdim edilmədiyinə, 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün halların mövcud olmasının nəzərə alınmadığına istinadən Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən 8610 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli və 8611 nömrəli reyestrlə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin qanunsuz olduğundan ləğv edilməsi və 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 46.Belə ki, müvafiq qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir. 47.İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəfinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.

48. İş materiallarına əlavə edilmiş 524736 saylı qaimənin surətindən görünür ki, bildiriş iddiaçının ünvanına, yəni Nəsimi küçəsi, ev 15, məznil 15 ünvanına göndərilmiş və xx.xx.2024-cü ildə “Həsənov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmçinin, cavabdeh Elschad Alıjewin nümayəndəsi və vəkilini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, məktub xx.xx.2022-ci ildə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. 49.Belə ki, tələbkar borcluya borcun tutulması barədə bildirişləri sonuncunun rəsmi qeydiyyatda olduğu ünvana göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi vermişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. 50.Belə olan halda kollegiya Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 8610 reyestr nömrəsi ilə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli və 8611 reyestr nömrəsi ilə qeydə alınmış 14 sentyabr 2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 51.Apellyasiya instansiyası məhkəməsi həmçinin 20 avqust 2021-ci il tarixli 50 saylı notariat ofisində bağlanmış 3M-728 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunaraq ünvan 2, mənzil 69 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan və ünvan 2, mənzil 70 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 111.1 kv.m olan mənzillərin yüklülükdən azad edilməsi barədə tələb ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, bununla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

52. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

53. Belə olan halda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar iddiaçının istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Beləliklə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 55.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-283/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar