Məhkəmə qərarları › İş №2(103)-1875/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1875/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1875/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Rəsulova (Aslanova) Təranə Rövşən qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15100 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 3220 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun, vəkilə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında 0.015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızından tutularaq iddiaçıya ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldilib satıldıqdan sonra 1 ay ərzində həmin evdə yaşayan şəxslərin evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 5305/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızından xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15100 manat əsas,1321,25 manat öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış zərər, 31 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 32 manat məbləğində pul və vəkilə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 400 manat olmaqla, cəmi 16884,25 manatın İddiaçı xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında 0.015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 120000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Bundan başqa o, iddiaçıya olan borcunu hissə-hissə ödəmişdir. Məhkəmə isə yalnız xx.xx.2019-cu il tarixli qəbzi qeyd etməklə kifayətlənmişdir. Halbuki, o, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə isə 1000 manat məbləğində ödəniş etmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli kredit müqaviləsində öhdəliyin gecikdirilməsi ilə bağlı faiz tutulması nəzərdə tutulmamışdır. İddiaçı isə vergidən yayınaraq borcu ona faizə vermişdir. Həmin faizin qarşılığında o, maaş kartını ona vermişdir. Həmin maaş kartından müxtəlif vaxtlarda iddiaçı tərəfindən 4200 manat pul çəkilmişdir. Həmçinin evin ilkin qiymətinin 120.000 manat dəyərində qiymətləndirilməsi də düzgün deyildir. Çünki qoyulan qiymət real bazar qiymətin əks etdirmir. Məhkəmə iclasında cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızı apelyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətinə etiraz etdi. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki,apelyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apelyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Aslanova Təranə Rövşən qızı arasında notariat qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Aslanova Təranə Rövşən qızına xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 16100 manat məbləğində pul borc vermiş, borc alan isə həmin pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 1i ünvanında 0.015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 120000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə tam əməl edilməmiş, əsas borc vaxtında ödənilməmişdir. Belə ki, həmin borc məbləğindən cəmi 1000 manat məbləğində pul xx.xx.2019-cu il tarixdə ödənilmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Cavabdehə son olaraq xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunsa da, pretenziya məktubu cavabsız qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə qaytarmaq şərti ilə 16100 manat məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən kredit borcu tam olaraq ödənilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 15100 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16100 manat məbləğində borc pul almış, 1000 manatı geri qaytarmış (iddiaçının bildirdiyinə əsasən), lakin qalan 15100 manat məbləği xx.xx.2017-ci il tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır. Hazırki iddia isə xx.xx.2019-cu il tarixdə qaldırılmışdır. Göründüyü kimi cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyin icrasını 21 ay (xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) gecikdirmişdir. Həmin məbləğ isə 1321,25 manat (15100 x 5% = 755 : 12 x 21 ay = 1321,25) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1321,25 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli 050651 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 18 saylı Vəkil Bürosuna 400 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələblərinin qismən təmin olunduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını müəyyən etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızı kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilərək, açıq hərracdan satılmasını və qanunla müəyyən edilmiş müddətdə boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əsasən məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilmişdir. Həmçinin cavabdeh əsas borcdan ümumilikdə 6200 manat məbləğində ödəniş etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin real olmaması ilə bağlı dəlillər də əsassızdır. Belə ki, borc məbləği 15100 manat təşkil etdiyinə, məhkəmə tərəfindən müəyyən edilən ipoteka predmetinin satış qiyməti isə 120000 manat məbləğində müəyyən edildiyinə görə və apellyasiya şikayəti vermiş cavabdehin ipoteka qoyan deyil, borcalan olduğunu görə həmin dəlillərə istinad edilməsi özü-özlüyündə əsassızdır. Bundan başqa hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 1320/20/Mİ saylı qiymətləndirmə hesabatı verilmişdir. Həmin hesabata əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında 0.015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti 125000 manat, likvid qiyməti isə 115000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 1320/20/Mİ saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmetinin müəyyən olunan likvid qiyməti, ipoteka müqaviləsinə əsasən tərəflərin razılaşdığı və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiyməti ilə eynilik təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “xxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı isə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin hesabata əsasən ipoteka predmetinin bazar qiyməti 230000 manat təşkil edir. Lakin hesabatdan görünür ki, qiymətləndirici gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış və istinad etdiyi mənbələri göstərməmişdir. Həmçinin həmin qiymət ipoteka müqaviləsində tərəflərin razılaşdığı və birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiymətindən və «xxxxxxxxxxxxxxx» MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 1320/20/Mİ saylı qiymətləndirmə hesabatından kəskin fərqlənir. Bu baxımdan kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Rəsulova (Aslanova) Təranə Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar