Məhkəmə qərarları › İş №2(103)-1875/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1875/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1875/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən hesablanmış və cavabdeh tərəfindən ödənilməmiş icarə haqqının ödənilməsi məqsədi ilə 8.000 manat, “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış və Bakı Şəhəri 54 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “İcarə müqaviləsinə” əsasən cavabdeh iddiaçıya məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226,6 kv.metr olan qeyri-yaşayış sahəsinin 64,9 kv.metr hissəsini, iddiaçıya ayda 800 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlansa da, müqavilənin 3-cü bəndinə görə, müddətin bitməsinə 1 ay qalmış, tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. “İcarə müqaviləsi” bağlandıqdan bir qədər sonra iddiaçı ilə cavabdeh arasında “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” bağlanmışdır. Bu “Razılaşma” ilə cavabdeh üzərinə əlavə öhdəliklər götürmüşdür ki, icarə obyektini avtomobil şinlərinin satışı mağazası kimi istifadə etməli, icarə obyektində “X2” dizayn konsepti tətbiq olunacaq və əsas müqavilə qüvvədə olduğu müddət daha qısa olmadıqda azı 5 il həmin konsepti dəyişdirmədən saxlamalı, icarə obyektində “Pirelli” markalı təkər şinlərinin ticarəti ümumi ticarət dövriyyəsinin 50% hissəsindən az olmamaqla təmin edilməli və pərakəndə satışa çıxardığı “Pirelli” şinlərini yalnız "xxxx" MMC-dən topdan satış qiyməti ilə almalıdır. “Razılaşmanın” 7-ci bəndində nəzərdə tutulmuşdur ki, “Razılaşmanın” tələbləri cavabdeh tərəfindən pozularsa, iddiaçı müqaviləni birtərəfli qaydada poza və cavabdehdən 30.000 manat məbləğində cərimənin ödənilməsini tələb edə bilər. Cavabdeh, xx.xx.2022-ci il tarixə qədər icarəyə götürdüyü həmin sahədə fəaliyyət göstərmiş, sonradan iddiaçıya heç bir məlumat vermədən obyekti tərk etmiş, 2021-ci ilin mart ayından etibarən 10 aya görə icarə haqqını (800 manat x 10 ay=) 8.000 manat məbləğində icarə borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********7346200 saylı məktubundan görünür ki, cavabdehin xx.xx.2011-ci il tarixdən vergi orqanlarında qeydiyyatda olması barədə məlumat mövcuddur, lakin təsərrüfat subyektlərinin qeydiyyat məsələləri kommersiya sirri təşkil etdiyinə görə təqdim edilməsi təmin edilməmişdir. Həmin sübutun əldə olunmasında əsas məqsəd icarə obyektinin cavabdeh tərəfindən hansı tarixə qədər uçotda saxlamasını göstərmək və bununla da icarə müqaviləsinin real icra müddətini məhkəmənin diqqətinə çatdırmaqdır. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən verilmiş və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, Rİ-1/xx-xx/1881 saylı məktubdan görünür ki, cavabdeh, açıq məkanda reklam yerləşdirməsi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər icazələr almışdır. Göründüyü kimi, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “İcarə müqaviləsinin” və “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmanın” şərtlərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə həqiqətən də “İcarə müqaviləsi” bağlansa da, cavabdeh, müqavilə müddəti bitdikdən dərhal sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən çıxmış və bu barədə iddiaçıya məlumat vermişdir. Cavabdehin iddiaçıya icarə ilə bağlı borcu yoxdur. O, iddiaçıya olan icarə borcunu tam həcmdə ödəmişdir. Bundan başqa, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmanı” qəbul etmir və hesab edir ki, “Razılaşma” etibarsızdır. Belə ki, həmin “Razılaşma” notariat qaydada bağlanmamışdır. c) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia tələbinə olan münasibəti barədə məlumat

5. "xxxx" MMC ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus qeyri-yaşayış sahəsində “Pirelli” firmasının avtomobil şinlərinin satışı mağazasının təşkil olunması məqsədi ilə razılaşma əldə olunmuş və bununla bağlı olaraq aralarında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında da, “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” bağlanmış, həmin qeyri-yaşayış sahəsi, “X3” və “Pirelli” təkər brendinin dizayn konseptinə uyğunlaşdırılmışdır. Bir müddətdən sonra, təxminən 2022-ci ilin yanvar ayında, onlara məlum olmayan səbəblərdən mağaza fəaliyyətini dayandırmışdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında notariat qaydada bağlanmış müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı tərəf müqavilənin 3-cü bəndinə istinad etməklə icarə müddətinin hər il uzadılmış hesab edilməsini, xx.xx.2021-ci il tarixdən cavabdehin icarə sahəsindən istifadə etməməsini qeyd etsə də, göstərilən halı təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək açıq məkanda reklam yerləşdirməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinin məktubu, iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin 2022-ci ilin yanvar ayında mağaza fəaliyyətinin dayandırması barədə izahatı, Dövlət Vergi Xidmətinin cavabdehin işlətdiyi mağazanın (**********-13001 kodlu təsərrüfat subyektinin) xx.xx.2017-ci il tarixdən qeydiyyata alınması, xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılması barədə məlumat tərəflər arasında icarə münasibətlərinin davam etməsini sübut edə bilməz. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” icarə münasibətlərinin davam etməsini göstərə bilməz, belə ki, “Razılaşma” sadə yazılı formada bağlanmaqla bağlanma tarixi mövcud deyil. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. e) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat vermişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

14. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 54 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “İcarə müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus olan 64,9 kv.metr ölçülü qeyri-yaşayış sahəsini, iddiaçıya ayda 800 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Müqavilədən görünür ki, müqavilə 1 il müddətinə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə görə, müddətin bitməsinə 1 ay qalmış, tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

15. İddiaçı ilə cavabdeh arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmadan” görünür ki, bu “Razılaşma” ilə cavabdeh üzərinə əlavə öhdəliklər götürmüşdür ki, icarə obyektini avtomobil şinlərinin satışı mağazası kimi istifadə etməli, icarə obyektində “X2” dizayn konsepti tətbiq olunacaq və əsas müqavilə qüvvədə olduğu müddət daha qısa olmadıqda azı 5 il həmin konsepti dəyişdirmədən saxlamalı, icarə obyektində “Pirelli” markalı təkər şinlərinin ticarəti ümumi ticarət dövriyyəsinin 50% hissəsindən az olmamaqla təmin edilməli və pərakəndə satışa çıxardığı “Pirelli” şinlərini yalnız "xxxx" MMC-dən topdan satış qiyməti ilə almalıdır. “Razılaşmanın” 7-ci bəndində nəzərdə tutulmuşdur ki, “Razılaşmanın” tələbləri cavabdeh tərəfindən pozularsa, iddiaçı müqaviləni birtərəfli qaydada poza və cavabdehdən 30.000 manat məbləğində cərimənin ödənilməsini tələb edə bilər.

16. İddia ərizəsinə əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdehin işlətdiyi mağazanın (**********-13001 kodlu təsərrüfat subyektinin) xx.xx.2017ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır.

17. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Rİ-1/xx-xx/1881 saylı məktubdan görünür ki, açıq məkanda reklam yerləşdirməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər icazələr verilmişdir.

18. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Mədaxil qəbzindən” görünür hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında notariat qaydada bağlanmış “İcarə müqavilənin” müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı tərəf müqavilənin 3-cü bəndinə istinad etməklə icarə müddətinin hər il 1 il müddətinə uzadılmış hesab edilməsini, xx.xx.2021-ci il tarixdən cavabdehin icarə sahəsindən istifadə etməməsini qeyd etsə də, göstərilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə Rayon Məhkəməsinin göstərilən bu mövqeyi ilə razılaşmır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (maddə 404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.5.).

22. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsinin” 3-cü bəndinə görə, 1 illik müddətin bitməsinə 1 ay qalmış, tərəflər müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.

23. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə müqavilə müddətinin uzadılmasını onların passiv davranışından, yəni müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə iradə ifadəsinin bildirilməməsindən asılı etmişlər. Tərəflərin xx.xx.2018-ci il tarixdən sonra müqavilə münasibətlərini bitirməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyil. Bu isə o deməkdir ki, tərəflər həmin tarixdən sonra susmaqla müqavilə münasibətlərini davam etdirmişlər.

24. Daha sonra, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək açıq məkanda reklam yerləşdirməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinin məktubu, üçüncü şəxs olan "xxxx" MMC-nin 2022-ci ilin yanvar ayında mağaza fəaliyyətinin dayandırması barədə izahatı, Dövlət Vergi Xidmətinin cavabdehin işlətdiyi mağazanın (**********-13001 kodlu təsərrüfat subyektinin) xx.xx.2017-ci il tarixdən qeydiyyata alınması, xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılması barədə məlumat tərəflər arasında icarə münasibətlərinin davam etməsini sübut edə bilməz.

25. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə də razılaşmır.

26. Belə ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.).

27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

28. Göstərilənlərə əsasən hesab edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən mövqeyi əsassızdır. Çünki işdə olan və yuxarıda qeyd edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “İcarə müqaviləsinə” əsasən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində həyata keçirtdiyi fəaliyyət ilə bağlı xx.xx.2022-ci il tarixədək açıq məkanda reklam yerləşdirməsinə icazə almış, xx.xx.2022-ci il tarixədək həmin ünvanda təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda olmuşdur.

29. Qeyd olunan sübutlar cavabdehin icarə müqaviləsinin müddəti bitdikdən sonra da həmin ünvanda icarəçi kimi fəaliyyət göstərməsini sübut edir.

30. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “İcarə müqaviləsinin” 3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin icrasının davam etdirilməsi təsdiq edilir. Bununla da, müəyyən edilir ki, iddiaçı icarə müqaviləsindən irəli gələn hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.

31. İddiaçı bildirir ki, cavabdeh, xx.xx.2022-ci il tarixə qədər icarəyə götürdüyü həmin sahədə fəaliyyət göstərmiş, sonradan ona məlumat vermədən obyekti tərk etmiş, 2021-ci ilin mart ayından etibarən 10 aya görə icarə haqqını (800 manat x 10 ay=) 8.000 manat məbləğində icarə borcunu ödəməmişdir.

32. Cavabdehin vəkili (nümayəndəsi) isə bildirir ki, cavabdeh, “İcarə müqaviləsinin” müddəti bitdikdən dərhal sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən çıxmış və bu barədə iddiaçıya məlumat vermişdir. Cavabdehin iddiaçıya icarə ilə bağlı borcu yoxdur. Cavabdeh, iddiaçıya olan icarə borcunu tam həcmdə ödəmişdir.

33. Məhkəmə, iş üzrə tərəflərin mövqeyini və hazırki iş üzrə gəldiyi və yuxarıda qeyd edilmiş nəticəni, yəni iddiaçının xx.xx.2022-ci il tarixə qədər icarəyə götürdüyü həmin sahədə fəaliyyət göstərməsi barədə nəticəni nəzərə alan Məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərindən (maddələr 14.2., 77.1. və 88.) çıxış edərək bildirir ki, 10 aya görə hesablanmış 8.000 manat məbləğində icarə haqqının iddiaçıya ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür, lakin o, bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir.

34. Bu tələbin əsaslılığını müzakirə edən Məhkəmə bildirir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin tələbinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

35. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən hesablanmış və cavabdeh tərəfindən ödənilməmiş qalan icarə haqqının – 8.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi təmin etməməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

36. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb, onunla cavabdeh arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmanın” şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədədir.

37. İddia ərizəsinə əlavə edilmiş “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmanın” 7ci bəndində qeyd edilmişdir ki, “Razılaşmanın” tələbləri cavabdeh tərəfindən pozularsa, iddiaçı müqaviləni birtərəfli qaydada poza və cavabdehdən 30.000 manat məbləğində cərimənin ödənilməsini tələb edə bilər (bax: hazırki qətnamənin 15-ci bəndinə).

38. Cavabdehin vəkilinin (nümayəndəsinin) bu tələbə qarşı olan etirazı onundan ibarətdir ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşmanı” qəbul etmir və hesab edir ki, “Razılaşma” etibarsızdır. Belə ki, həmin “Razılaşma” notariat qaydada bağlanmamışdır.

39. İşə baxmış Rayon Məhkəməsi Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad edərək müzakirə edilən bu tələbin rədd edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” icarə münasibətlərinin davam etməsini göstərə bilməz, belə ki, “Razılaşma” sadə yazılı formada bağlanmaqla bağlanma tarixi mövcud deyil.

40. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən həmin “Razılaşma” ilə iş üzrə tərəflər icarə obyektindən istifadə qaydalarını, obyektin konseptini, malların topdan satış qaydalarını və sair qaydaları müəyyən etmişlər. “Razılaşma” icarə obyekti olan qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququnun yaranmasını nəzərdə tutmur.

41. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsinin qeyd edilən mövqeyi səhvdir.

42. Məhkəmə iddiaçının cərimə tələbi ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, “Razılaşmanın” şərtləri cavabdeh tərəfindən pozulmuşdur.

43. Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

44. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini və cavabdeh ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin və əlavə razılaşmanın şərtlərini nəzərə alaraq hesab edir ki, 30.000 manat məbləğində cərimənin (dəbbənin) məbləği iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğun deyil. İddianın müzakirə edilən bu hissəsi ilə bağlı Məhkəmə hesab edir ki, cərimənin məbləği 500 manat müəyyən edilməlidir.

45. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı tam əsassız olması əsası ilə rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.

46. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

47. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiası qismən təmin edilsin. İş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi məqsədi ilə 8.000 (səkkiz min) manat, iş üzrə tərəflər arasında bağlanmış “İcarə müqaviləsinə 1 saylı əlavə razılaşma” şərtlərinə əsasən tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar