Məhkəmə qərarları › İş №2(103)-1877/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1877/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1877/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)-4175/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3270,57 ABŞ dolları əsas, 4396,85 ABŞ dolları faiz, cəmi 7667,42 ABŞ dollar borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 06.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 17% ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 3270,57 ABŞ dolları əsas, 4396,85 ABŞ dolları faiz, cəmi 7667,42 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)-4175/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh əsas borc üzrə 3270,57 (üç min iki yüz yetmiş ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 4396,85 (dörd min üç yüz doxsan altı ABŞ dolları, səksən beş sent) ABŞ dolları, cəmi 7667,42 (yeddi min altı yüz altmış yeddi ABŞ dolları, qırx iki sent) ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin dəyişdirilməsini və cavabdehdən 3000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh 2015-ci ildə krediti illik 17 % almışdır. Cavabdeh tərəfindən kredit üçün ödənilmiş məbləğ nəzərə alaraq və hesablara görə, hazırda cavabdeh 3000 (üç min) ABŞ dolları qalığı ödəməlidir. Həmin mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. 17 sentyabr 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin 16 may 2021-ci il tarixə "xxxx" KB ASC-ya olan əsas və faiz borcu ümumilikdə 7667,42 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən əsas borc üzrə 3270,57 ABŞ dolları, faiz borcu üzrə 4396,85 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Cavabdeh ekspertin rəyi ilə razı deyildir. Belə ki, rəy tamamilə düzgün deyil. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, təqdim etdiyi qəbzlər əsasında yenidən ekspertiza keçirilməsinə baxmayaraq, o, ekspert rəyi ilə razı deyil, onun cəmi 3000 manat borcu vardır. Həmçinin qeyd etdi ki, onun aldığı kredit problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri dairəsinə düşür. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehin Bankdan götürdüyü kredit problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri dairəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit borcu ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın tam təmin edilən, əsas borc və cəmi borc hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 06.01.2015-ci il tarixli, 27nkSTB2/15 saylı kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 17% ödəmək şərtilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10.11.2016-cı il tarixli “Saziş”dən görünür ki, 06.01.2015-ci il tarixli, 27nkSTB2/15 saylı kredit və bank hesabı müqaviləsinin müddəti 06 iyun 2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə əsas borc üzrə 3270,57 ABŞ dolları, faiz borcu üzrə 4396,85 ABŞ dolları, cəmi 7667,42 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5898 saylı, 17 sentyabr 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 06 yanvar 2015-ci il tarixli, 27nkSTB2/15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh 16 may 2021-ci il tarixə "xxxx" KB ASC-yə olan əsas və faiz borcu ümumilikdə 7667,42 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 3270,57 ABŞ dolları, faiz borcu üzrə 4396,85 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, kredit məbləğini Cavabdeh vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə şərtlərini pozulduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsinin əsas və faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğun olsa da, əsas borc, cəmi borcun tutulmalı olan məbləğləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 9/1614 saylı ekspert rəyinə əsasən "xxxx" ASC ilə X3 arasında bağlanmış 06.01.2015-ci il tarixli, 27NKSTB2/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 16 may 2021-ci il tarixə banka olan borcu 2899,22 ABŞ dolları əsas, 6205,24 ABŞ dolları faiz borcu təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin hesab edir ki, qətnamə iddianın tam təmin edilən, əsas və cəmi borcun məbləğlərinin müəyyən edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, əsas borc 2899,22 ABŞ dolları, cəmi borc 7296,07 ABŞ dolları müəyyən olunmalıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxdığından, hazırki ekspert rəyində faiz borcunun məbləği çox müəyyən olunduğundan, faiz borcu hissədə məhkəmə düzgün nəticəyə gəldiyindən, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyatorun cəmi 3000 manat məbləğində borcunun olması ilə bağlı dəlilini əsassız hesab edir. Kollegiya həmçinin apellyatorun onun borcunun Fərmanın təsiri dairəsinə düşməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, qeyd olunan dəlillə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 11 mart 2022-ci il taricli 01.16-2-2022-3856 saylı məktubuna əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanının (fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Məlumat bazasına əsasən barəsində sorğu edilmiş şəxs-Cavabdeh (FİN:xxxxxxx) ilə "xxxx" KB ASC arasında bağlanmış 06.01.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, qətnamə ekspertiza xərcinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatı dəyəri olan 200 manatın 190 manatı cavabdehdən, 10 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(006)-4175/2021 saylı qətnaməsi iddianın tam təmin edilən, əsas borc, cəmi borcun məbləğlərinin müəyyən edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Əsas borc 2899,22 (iki min səkkiz yüz doxsan doqquz ABŞ dolları iyirmi iki sent) ABŞ dolları, cəmi borc 7296,07 (yeddi min iki yüz doxsan altı ABŞ dolları yeddi sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulması hissəsində dəyişdirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın, 190 (yüz doxsan) manatı Cavabdeh, 10 (on) manatı "xxxx" KB ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar