Məhkəmə qərarları › İş №2(103)-1885/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1885/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1885/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1885/2025 (Açar sözlər: əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2002/2024 nömrəli 05 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 01361 saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 48 ay müddətində illik 18% dərəcəsi olmaqla 10928 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür.

2. İpoteka verən Cavabdeh ilə ipoteka saxlayan “Azərbaycan Beynəlxalq Bankı” ASC “Sənaye” filialı arasında bağlanmış 1361 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01361 saylı kredit müqaviləsinə əsasən 10928 ABŞ dolları məbləğində 48 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş “GEELY MK” minik markalı, 90-SZ742 dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, Ban – LB37624S7EL001078, rəngi – ağ) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

3. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2015ci il tarixli müqavilənin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-129/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi üzrə 4747,10 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, Ban – LB37624S7EL001078, rəngi – ağ) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən borc məbləğinin İddiaçı QSC BOKT-a ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 15 manat məbləğində hissəsinin Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 1399,33 ABŞ dolları məbləğində dəymiş zərər və ödənilmiş 43,79 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1512 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC “Sənaye” filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 01361 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 48 ay müddətində 10928 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 18 % illik faiz borcu hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh və bank arasında xx.xx.2013-cü il tarixdə, 01361 nömrəli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı minik avtomobili (buraxılış ili 2013, Ban – LB37624S7EL001078, rəngi – ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi üzrə 4747,10 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, Ban – LB37624S7EL001078, rəngi – ağ) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən borc məbləği İddiaçı QSC BOKT-a ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək Cavabdeh dəymiş zərər və əldən çıxmış fayda 1399,33 ABŞ dolları təşkil edir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 43,79 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir.

7. 10.01.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC BOKT-ya 1399,33 ABŞ dolları məbləğində zərər dəymişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01361 saylı kredit müqaviləsi üzrə ekspert qarşısında qoyulmuş suala və iş materiallarındakı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan əldən çıxmış fayda borcu 1321,69 ABŞ dolları məbləğində müəyyən edilir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 dekabr 2024-cü il tarixli 2(001)-2002/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilmiş, Cavabdeh ümumilikdə 1321,69 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində dəymiş zərər və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatı iddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdirdir ki, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

11. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 1321,69 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində dəymiş zərər alınaraq BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənsinin 21, 385.1, 445.7, 448.2, 449.1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspertiza rəyinin əsaslıolub-olmamasını isə araşdırmamışdır. Məhkəmə əsassız olaraq iddiaçının absurd iddia tələbini təmin etmiş, işi tam, hərtərəfli araşdırmamışdır. O, öhdəliyini yerinə yetirməsinə baxmayaraq iki qat şəkildə pul vəsaiti ödəməyə məcbur edilib. Ödədiyi pul vəsaitinə görə yenidən pul vəsaitinin ödənilməsi onun maddi vəsaitimi ikiqat çətin vəziyyətə salmış olur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehə tətbiq olunan illik 5 % əldən çıxmış fayda xx.xx.2023-cü il tarixədək hesablanmışdır.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyini, lakin məhkəmənin ərizəyə ümumiyyətlə qiymət vermədiyini bildirdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 21.Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 25.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

33. İşin müəyyən edilmiş hallarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01361 saylı kredit müqaviləsinə əsasən borcverən borcalana 48 ay müddətində illik 18% dərəcəsi olmaqla 10928 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, bağlanmış 1361 saylı ipoteka müqaviləsinə görə kredit müqaviləsinə əsasən öhdəliyin təminatı kimi “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

34. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2015ci il tarixli müqaviləyə əsasən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir.

35. Bundan sonra iddiaçı cavabdehə qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)- 129/2022 saylı qətnaməsinə əsasən kredit müqaviləsi üzrə 4747,10 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi və s. qət edilmişdir.

36. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.20217-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 7441,99 ABŞ dolları borcu olmuş, xx.xx.2019-cu il tarixdə 2694,89 ABŞ dolları əsas borcdan ödənildikdən sonra 4747,10 ABŞ dolları borcu qalmışdır. Bu borcdan xx.xx.2022-ci il tarixdə 2200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 1500 ABŞ dolları ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixindən borcun tələb edildiyi tarixədək cavabdehin 1047,10 ABŞ dolları əsas və dəymiş zərər 352,23 ABŞ dolları olmaqla, cəmi 1399,33 ABŞ dollar borcu qalmışdır.

37. Belə ki, hazırki iş üzrə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, müqavilə müddəti bitdiyi tarixdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.

38. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

39. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

40. Kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır.

41. Hazırda iddiaçı müqavilənin bitmə tarixindən – xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixindək olan dövr üçün pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir.

42. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, birinci instansiya məhkəməyə həmin ərizəyə ümumiyytlə qiymət verməmişdir. Halbuki, iddiaçının hazırki tələbi müqavilə münasibətlərindən irəli gələn tələbdir və bu tələbə 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göstərilən hal qətnamənin ləğvi üçün əsasdır.

43. Kollegiya hesab edir ki, ərizə qismən təmin edilməli və cavabdehdən son üç il ərzində ödənilməli olan əldən çıxmış fayda tutulmalıdır.

44. İşdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı həmin tarixdən əvvələ son üç il üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixindək (iddia ilə tələb olunan son tarix) olan dövr üçün əldən çıxmış fayda tələb edə bilər.

45. Maliyyə arayışı və məhkəmə-mühasibatlıq ekspertizasının rəyindəki (i.v. 104) hesablamalardan aydın olur ki, xx.xx.2021-ci il tarixə cavabdehin 4747,10 ABŞ dolları məbləğində ödənilməmiş əsas borcu qalmış, xx.xx.2022-ci il tarixdə 2.200 ABŞ dolları, xx.xx.2022-ci ildə isə 1.500 ABŞ dolları məbləğində ödənişlər olmuşdur.

46. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 545 gün olmaqla 359,33 ABŞ dolları; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün olmaqla 4,60 ABŞ dolları; xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 175 gün olmaqla 25,45 ABŞ dolları, cəmi 705 gün üçün 389,38 ABŞ dolları əldən çıxmış fayda tutulmalıdır.

47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 389,38 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

48. Bundan əlavə məhkəmə xərclərinə aid hissədə kollegiya qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduqda isə iddia ərizəsinin verilməsinə 43,79 manat və 200 manat ekspertiza xərcinin tərəflərdən tutulmalıdır. Xərclərin 28 faizi cavabdehdən, 72 faizi isə iddiaçıdan tutulmalıdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin verilməsinə iddiaçı tərəfindən 43,79 manat ödənilmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2002/2024 nömrəli iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh ümumilikdə 389,38 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində dəymiş zərər (əldən çıxmış fayda) və ödənilmiş dövlət rüsumunun 12,79 manatı iddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə ödənilmiş dövlət rüsumunin qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 56 manatı Cavabdeh, 144 manat isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar