Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-189/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarının üstündə inşa edilmiş qanunsuz tikilinin (hamamın) sökülməsi, maddi ziyana görə cavabdehdən 1000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-316/19) iddia təmin olunmamışdır. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, G.Quliyev və İ.Xələfov, iş №2(102)-4835/20) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona Rəsulzadə qəsəbəsi Baksol y/m №37 ünvanda ümumi sahəsi 78,6 kv.m olan torpaq sahəsi ayrılmışdır. 2005-ci il tarixdən onun istifadəsində olan həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, vaxtdan həmin evdə yaşamış, təmir-tikinti və abadlıq işləri ilə məşğul olmuşdur. X1 2009-cu ildən qəflətən əsəb xəstəliyinə düçar olduğundan başı ona qarışmış, Cavabdeh Zülfuqar oğlu fürsətdən istifadə edərək həyətinin aşağı tərəfindəki, daşdan tikdiyi divarların daşlarını sökərək kərpicdən onun evinin divarında hamam tikmişdir. Hamamın yanına onun evinin divarına bitişik su çəni qoymuşdur. Həmin hamamın və çənin suyu il boyu onun evinə axıdılmışdır. Cavabdeh tərəfindən tikilmiş hamam qanunsuz və tikinti normalarının pozulması şəratində inşa olunmuşdur və onun hüquqlarını kobud şəkildə pozur. Fərdi yaşayış evinə hər gün gedərək divarlarda bərkidici və möhkəmləridirici işlərlə məşğul olur. 29.06.2017-ci ildə Bakı şəhər Prokurorluğuna ərizə ilə müraciət etmiş, ərizəsi araşdırılması üçün Binəqədi rayon Prokurorluğuna göndərilmişdir. Binəqədi rayon Prokurorluğundan ərizə baxılması üçün Binəqədi RPİ--nin 4-cü PB göndərilmiş, 4-cü PB-nin təhqiqatçısı Hafiz Həmidovun 31 avqust 2017-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ali təhsilli rəssamdır. Materialları, kətanlar, kitablar tamamilə yararsız vəziyyətə düşmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsi, yalnız ekspert rəylərinə əsaslanmaqla, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarının üstündə inşa edilmiş qanunsuz tikilinin (hamamın) sökülməsi, maddi ziyana görə cavabdehdən 1000 manat pulun tutulub ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 146, 180-ci maddələrinə istinad etmiş və mövqeyini tərəflərin sahibliyində olan torpaq sahəsi və tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi, onların özbaşına tikili və zəbt sayılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi göstərilən əsasla iddianı rədd edərkən nəzərə almamışdır ki, mülki qanunvericilik sahibliyin, o cümlədən mülkiyyətçi olmayan, lakin əşyaya digər əmlak hüquqları ilə sahiblik edən şəxslərin müdafiəsinə təminat verdiyi kimi, qonşunun əmlakına hədsiz və qanunsuz təsirləri, o cümlədən təqsirli şəkildə törədilən və zərər yetirən qeyri-hüquqi əməlləri (mülki hüquq pozuntusunu) da qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1 və 170.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (maddə 164.1). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər (maddə 1098.1-1098.2). Kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarında şərh olunan göstərişlərə əsasən birinci instansiya məhkəməsi iddianın əsasında duran əhəmiyyətli halları - faktiki vəziyyətdə mübahisəli tikili və çənin iddiaçının evindən istifadəsinə texniki cəhətdən maneçilik yaradıb-yaratmamasını, iddiaçının əmlakına zərər dəyib-dəyməməsini ekspertiza yolu ilə yoxlamamışdır. Halbuki, hazırkı mübahisənin düzgün həlli üçün həmin xüsusatların xüsusi biliyə malik ekspert qarşısında sual qoyulmaqla aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, mübahisəli hüquq münasibətinə sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlər yerinə yetirilərək mübahisəli tikili və çənin iddiaçının evindən istifadəsinə texniki cəhətdən maneçilik yaradıb-yaratmamasını, iddiaçının əmlakına zərər dəyib-dəyməməsini aydınlaşdırmaq məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2022-ci il tarixli rəyi ilə faktiki vəziyyətdə cavabdeh tərəfindən inşa olunmuş və onun istifadəsində olan mübahisəli tikilinin (hamamın) və çənin iddiaçının yaşadığı evdən istifadəsinə texniki cəhətdən maneçilik yaratmadığı və faktiki vəziyyətdə hamam və çənin istifadəsi nəticəsində iddiaçının əmlakına hər hansı bir zərərin dəyməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin mötbərliyini qəbul edir və hesab edir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir və ona görə də onun iddiası məhz bu əsasla, yəni sübuta yetirilmədiyinə görə rədd edilməlidir.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi yeni əsasla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin olunsun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin (hamamın) sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-189/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-189/2022
11.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver