Məhkəmə qərarları › İş №2(103)-1890/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1890/2025

25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1890/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-4056/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 21.549 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia belə əsaslandırılıb ki, cavabdeh Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında iddiaçının ona həvalə etdiyi tikinti materiallarının satışını həyata keçirən zaman tərəflərin arasında olan razılaşmanın şərtini pozaraq, satışdan əldə olunmuş vəsaiti iddiaçıya verməmiş, nəticədə iddiaçıya 28.155 manat məbləğində maddi zərər vurmuşdur. Bununla bağlı iddiaçı hüquq mühafizə orqanına müraciət etmiş, cavabdehin barəsində cinayət işi başlanmış, cinayət işi üzrə icraat zamanı cavabdehin anası zərərin bir hissəsini – 15.000 manatı iddiaçıya ödəmiş, qalan məbləğ indiyə kimi ödənilməmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə belə əsaslandırılıb ki, iddia müddəti keçib. Yəni iddiaçı iddia ərizəsində qeyd edib ki, cavabdeh razılaşmanın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi pozaraq satışdan əldə olunan pulun hamısını iddiaçıya verməyib. Müqavilə tələbləri üçün iddia müddəti 3 ildir. Tərəflərin arasında münasibət 2017-2018-ci illərdə olub, iddia xx.xx.2024-cü ildə verilib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki işdə olan, ********* nömrəli cinayət işinə aid sənədlərin surətindən görünür ki, Nərimanov rayon prokuroru tərəfindən xx.xx.2020-ci ildə fakta görə AR Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla oğurluq) ilə cinayət işi başlanmış və iş ibtidai istintaqın aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas cavabdehin 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək olan müddət ərzində iddiaçıya məxsus Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında işləyərkən satışdan əldə olunmuş 26.498 manat məbləğində pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına dair toplanmış materiallar olmuşdur. xx.xx.2020-ci ildə cavabdeh CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmin cinayət işi üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3943 nömrəli ekspert rəyində qeyd olunub ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan mövcud sənədlərin, yəni dəftər məlumatlarının, xx.xx.2018-ci il tarixli Audit Hesabatında qeyd olunan hesabatların və sair məlumatların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə cavabdehin hesabında yaranmış çatışmazlıq 26.439,13 manat məbləğində müəyyən edilir. İddiaçının hazırkı iddia tələbi mülki hüquq pozuntusuna (deliktə) əsaslanır. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, “təqsirli” ifadəsindən istifadə olunub. İddiaçının mülki iş üzrə icraat daxilində təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya onun göstərdiyi məbləğdə zərər vurulmasında təqsirli olduğunu müəyyən etməyə imkan vermir. Ona görə də hazırkı vəziyyətdə iddia təmin oluna bilməz. İddiaçı cinayət işi üzrə icraat daxilində zərərin ödənilməsi barədə mülki iddia verə bilər. Yaxud, cinayət işi üzrə icraat çərçivəsində cavabdehin təqsiri müəyyən edildikdən sonra iddiaçı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia verə bilər. Hər bir şəxsin cinayət nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Belə ki, AR Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsindən görünür ki, cinayət nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı qətnamə ilə iddianın rədd edilməsi cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddianın verilməsinə mane olmayacaq, çünki başqa əsas (cinayət) mövcud olacaq, hazırda isə həmin əsasın mövcud olduğu, yəni cinayətin törədildiyi müəyyən olunmur. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı tələb müqavilə tələbi deyil, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbdir. “Müqavilə tələbi” deyiləndə müqavilədən əmələ gəlmiş subyektiv hüququn tərkib hissəsi olan tələb nəzərdə tutulur. Lakin müqavilə münasibətlərində olan şəxslərin də birbirinə zərər vurması mümkündür. İddiaçı iddia ərizəsinin ikinci abzasında qeyd edib ki, cavabdeh tərəfindən ona ziyan vurulub. Bununla yanaşı, cinayət işinə aid olan sənədlərdən görünür ki, cavabdehin barəsində oğurluğa görə cinayət işi başlanıb. Özgə əmlakını gizli olaraq talama mülki hüquqi müstəvidə delikt kimi qiymətləndirilir. Ona görə həmin tələbə AR Mülki Məcəlləsinin 372.2-ci maddəsində müəyyən edlən 3 illik iddia müddəti deyil, 373.1-ci maddəsində müəyyən edilmiş 10 illik müddət təbiq edilə bilər. Həmin müddət isə keçməyib. Odur ki, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsinə əsaslanaraq iddianı rədd etməsi maddi hüquq normasının tələbinə uyğun deyil. Beləliklə, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-4056/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar