Məhkəmə qərarları › İş №2(103)-1891/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1891/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1891/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Hülya İskəndərzadənin vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ASC kredit verən, Cavabdeh2 kredit alan, cavabdehlər Hülya İsgəndərzadə və Cavabdeh1 zaminlərdir. Bank ilə kredit alan Cavabdeh2 arasında 07.09.2015-ci il tarixdə baş kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən bank üzərinə öhdəlik götürüb ki, 60 ay müddətinə, yəni 07.09.2020-ci ilədək 400.000 manat məbləğində kredit (kredit xətti) ayıracaq. 0.04.2017-ci il tarixdə Baş kredit müqailəsi üzrə əlavə saziş bağlanıb, həmin müqavilənin müddəti 20.04.2022-ci il tarixədək uzadılıb. Baş kredit müqaviləsinə əsasən 2 kredit müqaviləsi bağlanıb. 1-ci müqaviləyə, yəni 07.09.2015-ci il tarixli, 2449/15 nömrəli kredit müqaviləsinə əsasən bank kedit alana 60.000 manat kredit verib. Kredit 24 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 20,5 faiz müəyyən edilib. 16.03.2016-cı il tarixdə bu kredit müqaviləsi üzrə 1 nömrəli əlavə saziş bağlanıb, kredit öhdəliyinin qalığı 49.638 manat müəyyən edilib və kreditin müddəti 36 ay uzadılıb. 2-ci müqaviləyə, yəni 07.09.2015-ci il tarixli, 2449/15-USD nömrəli kredit müqaviləsinə əsasən bank kredit alana 90.000 ABŞ dolları məbləğində kredit verib. 16.03.2016-cı il tarixdə bu kredit müqaviləsi üzrə 1 nömrəli əlavə saziş bağlanıb, kredit öhdəliyinin qalığı 84.633 ABŞ dolları müəyyən edilib və kreditin müddəti 07.09.2020-ci il tarixədək uzadılıb. 20.04.2017-ci il tarixdə hər 2 kredit müqaviləsi üzrə 2 nömrəli əlavə saziş bağlanıb. Hər 2 kredit müqaviləsi üzrə borc məbləğlərinin qalıqları bu saziş əsasında birləşdirilib. 1-ci müqavilə üzrə borcun məbləği 55.198,57 manat, 2-ci müqavilə üzrə borcun məbləği konvertasiya edilməklə 124.646,94 manat, hər iki müqavilə üzrə cəmi borcun məbləği 179.845,51 manat müəyyən edilib, kreditin müddəti 20.04.2022-ci il tarixədək uzadılıb. Kredit öhdəliyinin icrasının təmini üsulu kimi zaminlikdən və ipotekadan istifadə olunub. Zaminlik müqaviləsi 07.09.2015-ci il tarixdə bank ilə zaminlər Hülya İskəndərzadə və Tərlan İsgəndərzadənin arasında bağlanıb. 26.04.2017-ci il tarixdə zaminlik müqaviləsi üzrə 1 nömrəli əlavə saziş bağlanıb və zaminliyin müddəti 20.04.2022ci il tarixədək uzadılıb. İpoteka müqaviləsi 07.09.2015-ci il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanıb və Xətai rayonu, 1130-cu məhəllə, Babək prospekti, ev № 10 “A”-da yerləşən 86 №-li mənzil ipoteka ilə yüklü edilib. 20.04.2017-ci il tarixdə ipoteka müqaviləsi üzrə 1 nömrəli əlavə saziş bağlanıb, restrukrurizasiya edilmiş kreditin müddətinin 20.04.2022-ci il tarixədək uzadılması təsbit edilməklə ipotekanın bu dəyişikliyə şamil olunduğu razılaşdırılıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 165.567,12 manat, faiz borcu kimi 55.164,79 manat, cərimə kimi 9.404,37 manat, cəmi 230.226 manat pul tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 165.567,12 manat, faiz borcu kimi 49.206,98 manat, cərimə kimi 2.000 manat, cəmi 216.864,1 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edisin və iddia tam təmin edilsin. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Hülya İskəndərzadənin vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsində icraat zamanı 3 dəfə məhkəmə-mühasibat ekspertizası keçirilib, 05.03.2021, 14.06.2021 və 03.09.2021-ci tarixli ekspert rəyləri verilib. Həmin ekspert rəylərindən müəyyən olunur ki, kredit alanın bankın qarşısında birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğində icra edilməmiş borcu var. Cərimənin məbləği müəyyən edilərkən tənasüb nəzərə alınıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 472 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borcunun kredit alan və zaminlərdən tutulması barədə tələb üzrə düzgün nəticəyə gəlib. Birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, əsas öhdəliyin icra müddəti dəyişdirilərək 20.04.2022-ci il tarixi müəyyən edilib. Bu, ipoteka müqaviləsi üzrə 20.04.2017-ci il tarixli, 1 nömrəli əlavə sazişdə təsbit olunub. Lakin ipotekanın əlavə dövlət qeydiyyatı aparılmayıb. “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılır. Əlavə dövlət qeydiyyatı aparılmadığına görə dəyişikliyə münasibətdə ipoteka müqaviləsi qüvvəyə minməyib. Çünki “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bu qayda əlavə dövlət qeydiyyatına aiddir. Dəyişikliyə münasibətdə ipoteka müqaviləsi qüvvəyə minmədiyinə görə ipoteka predmetinə tutma yönəldilə bilməz. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 22.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar