Məhkəmə qərarları › İş №2(103)-1892/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1892/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1892/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4704/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakışəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, sığorta ödənişi qismində 1060 manat, qətnamənin elan edildiyi günə qədər hər gün üçün 1% olmaqla cərimənin, ekspertizaya ödənilmiş 50 manat, mənəvi zərər görə 10000 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə “xxxx” Şirkətinin Azərbaycandakı rəsmi dilleri olan “xxxx" MMC-dən “xxxx Sunny" markalı yeni avtomobil almış və avtomobil “xxxx" şirkəti tərəfindən Kasko sığortalanmışdır. Sığorta haqqı olaraq iddiaçı tərəfindən 2000 ABŞ dolları civarında ödəniş edilmiş və avtomobil tam sığorta olunmuşdur.xx xxxx 2019-cu il tarixdə avtomobilinin qabaq alın şüşəsində qırıq əmələ gəlmiş, yəni sığorta hadisəsi baş vermişdir. Bu barədə iddiaçı dərhal sığortaçı Şirkətə məlumat vermiş, lakin sığorta şirkəti iddiaçının avtomobilinə dəyən zərərin əvəzi olaraq zədələnmiş hissənin dəyişdirilməsini təklif etmiş, dəyişdirilən detalın orijinal hissə ilə deyil, Çin və ya Tayvan istehsalı olan alın şüşəsinin quraşdırılmasını istəmişlər. Halbuki onun avtomobilinin Yaponiya istehsalıdır və üstünə quraşdırılmış ehtiyat hissələridə Yapon istehsalıdır. Eyni zamanda “xxxx" MMC-dən rəsmi olaraq almış olduğu arayışa əsasən həqiqətən də 2014-cü il istehsalı olan “xxxx Sunny” markalı avtomobilin alın şüşəsinin dəyəri 900 manat məbləğindədir. Sığorta şirkəti isə Çin istehsalı olan alın şüşəsini və ya onun dəyərini ödəməklə faktiki olaraq üzərinə götürmüş olduğu öhdəlikləri icra etməkdən boyun qaçırır. “xxxx” tərəfindən iddiaçıya müstəqil ekspert qismində “xxxx” şirkəti təklif edilmiş və həmin şirkətin vermiş olduğu rəyə əsasən avtomobilə dəyən zərərin qiyməti 1060 manat kimi müəyyən edilmişdir. Buna baxmayaraq “xxxx”şirkəti yenə də həmin rəyi qəbul etməmiş,ödəniş etməkdən əsassız imtina etmişdir. Uzun müddətdir ki, əsassız imtina nəticəsində iddiaçı işdən icazə alaraq aidiyyatı qurumlara getməli olur ki, bu da onun işgüzar nüfuzuna və mənəviyyatına zərər vurur. Bu halda “xxxx” ASC-dən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat və sığorta ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla vəsait tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4704/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC-dən 1060 manat məbləğində pul İddiaçı xeyrinə tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4704/2019 saylı qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsinin mövcud olması heç bir tərəfdən mübahisələndirilmir və bu fakt kimi qəbul edilir. Tərəflər arasında mübahisə yalnız sığorta hadisəsi nəticəsində ödənilməli olan məbləğlə bağlıdır. Bu zaman məhkəmə iclasında iş materialları ilə tam olaraq sübuta yetirilmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərər 1060 manatdır və həmin məbləğ ödənilməlidir. Lakin məhkəmə iddianın həmin hissəsini təmin etməsinə baxmayaraq, Sığorta qanunvericiliyinin tələbləri üzrə əsassız imtina nəticəsində məbləğin ödəniləməsi halında Sığorta Şirkətinin hər gecikdirilmiş gün üçün ödəməli olduğu faizləri nəzərə almamışdır. Baxmayaraq ki bu barədə iddia tələbləri mövcud olmuşdur. Məhkəmə həmin hissədə iddia tələblərini təmin etməməldə ədalətsiz davranmışdır. Bundan başqa iddia tələbləri qismində mənəvi zərərin ödənilməsi də tələb edilmişdir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı mənəvi zərərin yetirilməsini sübut etməmişdir. İddiaçı həkim kardioloqdur. Cavabdeh iddiaçıya sığorta xidmətləri göstərən qurum olmaqla ondan müəyyən məbləğdə haqq müqabilində iddiaçının avtomobilini tam olaraq sığortalamışdır. Bununla da iddiaçıda inam hissi yaratmışdır. Daha sonra sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsindən sığorta şirkəti tərəfindən əsassız imtina edilmişdir. Dəfələrlə iddiaçı aidiyyatı qurumlara, eyni zamanda nəzarət orqanı olan X4 Palatasına müraciət etmiş və cavabdeh onların belə göstərişlərinə məhəl qoymamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etməli olmuş və hətta məhkəmə iclaslarında da cavabdehin nümayəndəsi ödəniş etməkdən imtina etmişdir. Bütün bunların hamısı iddiaçıda mənəvi sarsıntı yaratmış və inandığı bir Sığortaçı tərəfindən aldadılması hissinə dəlalət etmişdir. Qeyd edildiyi kimi iddiaçı özü həkim olduğundan heç bir tibb müəssisəsinə müraciət etməmiş, özü-özünü müalicə etmişdir. Belə olan halda məhkəmənin mənəvi iztirabla bağlı hansı sübutun tələb edilməsi ilə bağlı yanaşması qeyri-müəyyəndir. Həmçinin cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4704/2019 saylı qətnaməsinin ləğv edilməsini və cavabdehdən iddiaçının xeyrinə 350 manat pul tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə İddiaçı arasında xx xxxx 2014-cü il tarixdə sığorta müqaviləsi bağlanaraq, 10UO610 dövlət qeydiyyat nişanlı, “xxxx Sunny“ markalı avtomobil PMİ-010235 nömrəli şəhadətnamə üzrə 5 il müddətinə 14400 manat məbləğində sığortalanmışdır. Sığortalı tərəfindən idarə edilən sığortalanmış avtomobil, xx xxxx 2019-cu il tarixdə Xaçmaz rayonu ərazisində hərəkətdə olarkən naməlum istiqamətdən çıxan daş, avtomobilin ön alın şüşəsinə dəymiş və nəticədə ön alın şüşəsi zədələnmişdir. Hadisə sığorta şirkəti tərəfindən qeydiyyata alınmış və qiymətləndirilmişdir. Sığortalı qeyd olunan qiymətləndirmədən narazı qalaraq MBNP-na şikayət etmişdir. xx xxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya avtomobili müstəqil ekspert “xxxx” MMC-də yenidən qiymətləndirmək təklif olunmuşdur. Sığortalı avtomobil müstəqil ekspert “xxxx” MMC-də yenidən qiymətləndirilmiş və avtomobilə dəymiş zərər orijinal ön alın şüşəsi ilə 1060 manat, Tayvan istehsalı ön alın şüşəsi ilə 350 manat məbləğində müəyyən olunmuşdur. Sığorta müqaviləsinin şərtlərində, sığorta hadisəsi zamanı avtomobilin zədələnmiş ehtiyyat hissələrinin, orjinal ehtiyyat hissələri ilə dəyişdirilməsi nəzərdə tutulmamışdır. Həmçinin fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlərin 7-ci bəndinə əsasən, hər hansı bir sığorta hadisəsi nəticəsində aparılacaq təmir və ya bərpa işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisəsində həyata keçirilir. xx xxxx 2019-cu il tarixli hadisə üzrə 10UO610 dövlət qeydiyyat nişanlı, “xxxx Sunny“ markalı avtomobilə dəymiş zərər 350 manat məbləğində müəyyən olunmuş və xx xxxx 2019-cu il tarixdə iddiaçıya sözügedən hadisə ilə bağlı sığorta ödənişinin verilməsinə razılıq verilməsinə dair məktub göndərilmişdir. Məhkəmə iclasında İddiaçı, habelə etibarnamə əsasında nümayəndəsi, vəkil X8 iddia tərəfin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək, rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən cərimə tutulmasının rədd edilməsi hissəsində lləğv edilməli və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməli, həmçinin qətnamə cavabdehdən sığorta ödənişi kimi tutulan pul vəsaiti hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, “xxxx” ASC və İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli sığorta müqaviləsinə (“xxxx” ASC tərəfindən verilmiş həmin tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsinə) əsasən iddiaçıya məxsus “xxxx Sunny” markalı, 10UO610 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanuna zidd hərəkəti və s. sığorta risklərindən 14400 manat sığorta məbləği olaraq xx xxxx 2014-cü il tarixdən xx xxxx 2019cu il tarixədək sığortalanmışdır. Həmçinin mübahisəsiz hal kimi müəyyən olunmuşdur ki, sığorta müqaviləsi qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, yəni sığortalanmış avtomobilin alın şüşəsinə daş dəyməklə, həmin şüşədə qırıq əmələ gəlmiş və bununla iddiaçıya zərər vurulmuşdur. Cavabdeh şirkət sığorta hadisəsinin baş verməsini qəbul etmiş və avtomobilə vurulmuş ziyanın dəyərinin müəyyən olunması üçün “xxxx” MMC-yə müraciət olunmuş, həmin şirkətin xx xxxxxxxx 2019-cu il tarixli hesabatı ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus “xxxx Sunny” markalı, 10UO610 dövlət qeydiyyat nişanlı avtomobilinin ön alın şüşəsinin bərpa dəyəri orginal olaraq (quraşdırma ilə birgə) 1060 manat, Tayvan istehsalı (quraşdırma ilə birgə) 350 manat təşkil edir. Cavabdeh şirkət sığorta müqaviləsi ilə avtomobilə vurulan ziyanın original ehtiyyat hissələri ilə əvəz olunmasının nəzərdə tutulmadığını əsas gətirərək, sığorta ödənişini alın şüşəsinin Tayvan istehsalı olan dəyərinə uyğun həyata keçiriləsini təklif etmiş, iddiaçı isə bununla razılaşmayaraq avtomobilin alın şüşəsinin dəyərinin original ehtiyyat hissəsinin dəyərinə uyğun ödənilməsini sığorta şirkətindən tələb etmişdir. Beləliklə, müəyyən olunur ki, hazırki mübahisənin mahiyyəti faktiki olaraq sığorta ödənişinin məbləğinin hansı əsasla müəyyən edilməli olmasından ibarətdir. Həmin mübahisəni həll edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə İddiaçı avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün 1060 manat məbləğində vəsaitin gərəkli olması müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən sığortalandığından, onun əvəzi iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.1 və 889.2-ci maddələrinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğuqanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Mülki Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi ilə iddiaçının sahibliyində olan avtomobilin tam sığortası həyata keçirildiyindən cavabdeh şirkət orijinal olmayan ehtiyat hissələrinin dəyərinə uyğun olaraq ziyanın əvəzinin ödənilməsinə dair mövqeyi əsassızdır və birinci instansiya məhkəməsi əsaslı olaraq məhz orijinal ön alın şüşəsinin dəyərini əsas götürməklə sığorta ödənişinin məbləğini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan məbləği müəyyən edərkən əsassız olaraq süğorta müqaviləsində göstərilmiş şərtsiz azadolma məbləğini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.1 və 898.2-ci maddələrinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Məcəllənin 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 1-ci hissəsinə əsasən minik avtomobilin KASKO sığortası üzrə azadolma 100 manat təşkil edir. Həmin Şəhadətnaməyə əlavə şərtlərin 5-ci bəndinə əsasən sığorta hadisəsi zamanı yalnız damın şüşəsi (lyuk), ön və arxa şüşələrə və ya pəncərələrə, avtomobilin təkərlərinə (disk və şin) və ya disklərinə hər hansı bir ziyan dəydiyi təqdirdə hər bir halda şəhadətnamədə qeyd olunan azadolma məbləğindən az olmamaqla, dəymiş ziyan məbləğinin 50%-i həcmində şərtsiz azadolma tətbiq ediləcək. Lakin tərəflər arasında bağlanmış Sığorta şəhadətnaməsinin əlavə şərtlərinə dair xx xxxx 2014-cü il tarixli razılaşmaya əsasən Sığortalıya məxsus fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə PMİ010235 saylı sığorta şəhadətnaməsinin 5-ci bəndində qeyd edilmiş şərtsiz azadolma məbləği tətbiq olunmur. Sığorta hadisəsi zamanı yalnız PMİ010235 saylı sığorta şəhadətnaməsində qeyd edilmiş azadolma məbləği tətbiq edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişindən 100 manat şərtsiz azadolma çıxılmalı və qalan 960 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Sığorta ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla vəsaitin tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlili ilə məhkəmə kollegiyası qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya sığorta ödənişini vermədiyindən və onun imtinasının əsassız olması məhkəmə tərəfindən təsdiq olunduğundan, iddiaçının Azərbaycan Respublikası MM-in 934.2-ci maddəsinə uyğun dəbbə pulu tələb etmək hüququ olmuş və birinci instansiya məhkəməsi həmin tələbi tam rədd etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya imtina məktubunu xx xxxx 2019-cu il tarixdə verdiyini nəzərə alaraq, dəbbə pulunun məhz həmin tarixdən hazırki qətnamə qəbul edildiyi tarixədək olan 216 gün üçün ödənilməli olduğu qənaətinə gəlir və 960 manatın hər günə 0,1 faiz olmaqla, göstərilən müddət üçün ümumilikdə 207,36 manat (960 manat x 0,1% = 0,96 manat x 216 gün = 207,36 manat) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və ədalətli hesab edir. Mənəvi ziyanla bağlı iddiaçının apellyasiya şikayətinin dəlili ilə isə məhkəmə kollegiyası razılaşmır və birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanınanadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi ziyanla bağlı iddianın təmin olunması üçün əsaslar iş materiallarında müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə, həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi,385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 384.0.3, 385.1.1, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4704/2019 qətnaməsi sığorta ödənişinin tutulması hissəsində dəyişdirilsin. “xxxx” ASC-dən sığorta ödənişi qismində 960 (doqquz yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4704/2019 saylı qətnaməsi cərimə tələbinin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. “xxxx” ASC-dən sığorta ödənişini qanunla müəyyən olunmuş müddətdə icra etmədiyi üçün cərimə olaraq 207,36 manat (iki yüz yeddi manat otuz altı qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 4704/2019 saylı qətnaməsi iddianın təmin olunmamış qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən olunsun ki, “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulan məbləğ 960 (doqquz yüz altmış) manat sığorta ödənişi, 207,36 manat (iki yüz yeddi manat otuz altı qəpik) cərimə, 31 manat iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla, cəmi 1198,36 manat (bir min bir yüz doxsan səkkiz manat otuz altı qəpik) təşkil edir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar