Məhkəmə qərarları › İş №2(103)-1894/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1894/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1894/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-443/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 İsimxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC «Bank Standart» Kommersiya Bankı cavabdehlər “Cavabdeh2" MMCyə və Cavabdeh1 İsimxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 İsimxan oğlundan müştərək qaydada 21156,94 manat əsas borcun, 392,74 manat faiz borcunun, 2197,55 manat cərimənin, cəmi 23747,23 manat borcun və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(008)- 443/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 MMC-dən və Cavabdeh1 İsimxan oğlundan müştərək qaydada 21156,94 manat əsas borc, 392,74 manat faiz borcu, 300 manat cərimə, cəmi 21849,68 manat borc və dövlət rüsumu kimi ödənilmiş 31 manatın «Bank Standart» Kommersiya Bankının xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1 İsimxan oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit borcunun gecikdirilməsi, habelə məhkəmə iclasları və qətnamə barəsində məlumatsız olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh1 İsimxan oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.2-ci maddələrində isə təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında xx xxxxxx 2013-cü il tarixli 1xx/xx/3029/13 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə 12 ay müddətinə, illik 17% ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 MMC arasında həmin kredit müqaviləsinə xx xxxxxx 2015-ci il tarixli 01 saylı əlavə saziş bağlanılmış və həmin sazişə əsasən kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2015-ci il müəyyən edilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh1 İsimxan oğlu arasında xx xxxxxx 2015-ci il tarixli 1xx/xx/3029/13 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 İsimxan oğlu borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, Cavabdeh2 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun kredit müqaviləsi üzrə əsas kredit borcu 21156,94 manat, faiz borcu 392,74 manat, cərimə 2197,55 manat, cəmi borc isə 23747,23 manat təşkil edir. Cavabdeh1 İsimxan oğlunun mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı və kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739.1, 741-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 2197,55 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 300 manat məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrində qeyd olunanlardan fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 İsimxan oğlu borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 İsimxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-443/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 21156,94 manat əsas borc, 392,74 manat faiz borcu, 300 manat cərimə, cəmi 21849,68 manat məbləğində borc və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq iddiaçı QSC «Bank Standart» Kommersiya Bankına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar