Məhkəmə qərarları › İş №2(103)-1894/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1894/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1894/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MTK və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-110/2024 saylı qərardadından verdiyi şikayətə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK və X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı "xxxx" MTK və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-110/2024 saylı qərardadından şikayət verilərək qərardadın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddianın obyekti Yasamal rayonu ərazisində yerləşmiş əmlakın təmirinə iddiaçı tərəfindən çəkilən xərclər təşkil edir. Həmçinin gələcəkdə müvafiq əmtəəşünas ekspertizasının keçirilməsi (dəymiş ziyanın ödənilməsi ilə bağlı) və məhkəmə tərəfindən yerli baxışın təyin edilməsi zərurəti mövcud ola bilər. Belə olduğu halda müstəsna aidiyyatla bağlı müddəaları nəzərdə tutan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edilməsi qanunauyğundur. Hazırda sözügedən iddia predmetini təşkil edən əmlak Yasamal rayon ərazisində yerləşir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tam yanlışdır. Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyatla bağlı normasında nəzərdə tutulan hallar hazırki işin hallarına uyğun deyil. Mübahisəli və xərclərin çəkildiyi mənzil iddiaçının mülkiyyətində və istifadəsində deyil və hazırda iddiaçı mübahisəli mənzilin faktiki, nə də qanuni sahibi deyil. Onun həmçinin mənzillə bağlı əvvəllər mövcud olmuş hüquqlarını müəyyən edən müqavilə də Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilmişdir. Lakin hələ ki, bununla bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdır. Hazırda iddiaçı müstəsna aidiyyat olaraq daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia deyil, çəkilmiş xərclərlə bağlı ziyanın qarşılanmağını tələb edir. Hazırki işə müstəsna aidiyyat qaydalarına əsasən daşınmaz əmlakın olduğu yerin məhkəməsində deyil, cavabdehin qeydiyyatda olduğu yerin, yəni Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini iddianın obyektinin Yasamal Rayon ərazisində yerləşmiş əmlakın təmirinə iddiaçı tərəfindən çəkilən xərclərin təşkil etdiyini, həmçinin gələcəkdə müvafiq əmtəəşünas ekspertizasının keçirilməsi (dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı) və məhkəmə tərəfindən yerli baxışın təyin edilməsi zərurəti mövcud ola biləcəyi, ona görə də müstəsna aidiyyətlə bağlı müddəaları nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edilməsi ilə əsaslandırması düzgün olmamışdır. Belə ki,qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia deyil, mənzilə çəkilmiş xərc qismində pul tələbindən ibarətdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi düzgün olaraq ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Həmçinin də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən görünür ki, iddia Cavabdeh qarşı qaldırılmışdır. İş materiallarında olan elektron arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MTK və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar