Məhkəmə qərarları › İş №2(103)-1894/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1894/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1894/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(004)-534/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh "xxxx" ASC “kredit müqaviləsi üzrə borc” tələbi ilə iddiaçıya qarşı iddia qaldıraraq, məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 624/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Müvafiq qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-185/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "Yelo Bank” ASC-nın apellyasiya şikayəti təmin edilməmiş; cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş; Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsi ləğv edilərək; iddiaçı "Yelo Bank” ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. "Yelo Bank” ASC həmin qətnamədən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1208/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 saylı nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı iddia edir ki, cavabdehin əsassız iddiası əsasında ona maddi ziyan dəymiş, vaxt itkisi yaşamış, vəkillə müqavilə bağlayıb, artıq xərc çəkmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Yelo Bank" ASC-dən 10000 manat məbləğində maddi ziyan pulunun və 100.40 manat dövlət rüsumunun, cəmi 10100.40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC vicdansızcasına və əsassız yerə ona qarşı məhkəmədə iddia qaldıraraq, vaxt itkisinə gətirib, çıxartmışdır. Buna görə o həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak etmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətinə etiraz göndərmişdir. Etiraz ərizəsinin tərtib edilməsi üçün də vəkilə pul ödəmişdir. Belə ki, bütün bunlara görə həmin vaxt itkisi olub və həm də vəkillə müqavilə bağlayıb, ödəniş etmişdir. Bununla da, o, maddi ziyan çəkmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddia ərizəsində qeyd etdiyi hallar iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(004)- 534/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı iddia edir ki, cavabdehin əsassız iddiası əsasında ona maddi ziyan dəymiş, vaxt itkisi yaşamış, vəkillə müqavilə bağlayıb, artıq xərc çəkmişdir. Buna baxmayaraq, İddiaçı bunu təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmə tərəfindən ətraflı araşdırılaraq qətnamə qəbul edilsə idi məhkəmə iddianı tamamilə rədd etmək yerinə qismən də olsa təmin edəcəkdi. Çünki tərəfindən işin bütün gedişatı zamanı məhkəmələrə gediş-gəliş olmuş, bu uzaq yolun qət edilməsi ilə əlaqədar yol xərcləri çəkilmişdir. Bundan əlavə hər dəfə iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi zamanı dövlət rüsumlarının tərəfindən ödənilməsi açıq aşkar məlum bir haldır. Lakin məhkəmə işə baxan zaman bunları belə nəzərə almamış, ona dəymiş maddi ziyanın ödənilməsindən ötrü tədbirlərin görülməsini məqsədəuyğun hesab etməyərək iddianı rədd etmişdir. Məlumdur ki, ona külli miqdarda maddi ziyan vurulmuşdur və sözügedən ziyanı vurmuş banka "xxxx" ASC-yə qarşı apellyasiya məhkəməsində pul tələbi ilə bağlı işi də mövcuddur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)- 624/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla, ümumilikdə cəmi 223.515,9 manat borc və 522.51 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manat cavabdehlər İddiaçı və X2 müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-185/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməsi; cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi; Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsinin ləğv edilməsi; iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməməsi; iş üzrə ekspertiza xərcini təşkil edən 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməməsi; Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi - 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti "Yelo Bank” ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1208/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 saylı nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda isə iddiaçı tərəf cavabdeh tərəfindən ona maddi zərər vurulmasını bankın iddiası üzrə işə baxılarkən işin bütün gedişatı zamanı məhkəmələrə gediş-gəlişi zamanı bu uzaq yolun qət edilməsi ilə əlaqədar yol xərcləri çəkilməsində, hər dəfə iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi zamanı dövlət rüsumlarının tərəfindən ödənilməsində ifadə edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız sayaraq bununla bağlı qeyd etməyi zəruri sayır ki, əvvəla iddianı qaldırmış hüquqi şəxsin bununla əlaqədar ödədiyi dövlət rüsumunun iddiaçıya heç bir aidiyyatı yoxdur. İkincisi də, yuxarıda qeyd edildiyi kimi apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi - 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaitinin qətnamə ilə "Yelo Bank” ASC-dən tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, cavabdeh "xxxx" ASC “kredit müqaviləsi üzrə borc” tələbi ilə iddiaçıya qarşı iddia qaldırması onun məhkəmə müdafiə hüququ olmuşdur ki, bu da konstitusion hüquqdur. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Cavabdehin məhkəməyə müraciət etməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-624/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, daha sonra isə aidyyatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edərək; iddiaçı "Yelo Bank” ASC-nin iddia tələbinin təmin edilməməsini qət edilməsi və bu qətnamənin də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına əsasən dəyişdirilmədən saxlanılmasının qərara alınmasına dair işin faktiki halları cavabdehin iddiaçıya maddi ziyan vurulması kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, istinad olunan maddələrin tələbləri baxımından cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Həmçinin iddiaçı cavabdehin qanunsuz həkətləri nəticəsində ona qarşı olan məhkəmə mübahisəsi üzrə müəyyən xərclər çəkməsi hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin də, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı vəkil bürosu ilə bağlanmış müqaviləni təqdim etmiş və həmin müqavilədə vəkil xidmətlərinə görə 200 manat ödənilməsi qeyd edilmişdir. Lakin kollegiya bu sənədi sübut növü kimi qəbul etməmişdir. Belə ki, iddiaçı həmin sənədi birinci instansiyası məhkəməsində təqdim etməməsinin səbəblərini açıqlamamışdır. Halbuki, qanunvericiliyə görə sübutlar birinci instansiya məhkəməsində təqdim edilir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(004)- 534/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar