Məhkəmə qərarları › İş №2(103)-1900/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1900/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1900/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(011)-2894/2016 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(011)-2894/2016 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 4034 ABŞ dolları əsas, 740 ABŞ dolları faiz, 305 ABŞ dolları cərimə olmaqla, cəmi 5079 ABŞ dolları tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. Cavabdeh X2 (bundan sonra cavabdeh) 08 yanvar 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Baxılan işdən görünür ki, Xətai Rayon Məhkəməsinin 18.05.2016-cı il tarixli qətnaməsinin surəti 23.05.2016-cı il tarixli məktubla tərəflərə, o cümlədən cavabdehə qeydiyyatda olduğu ünvan (Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, mənzil 24) üzrə göndərilmişdir. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 18.07.2016-cı il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və icra üzrə icraata başlamaq haqqında 21.07.2016-cı il tarixli qərar daxil olmuşdur. Həmçinin qeyd edilməlidir ki, işə Cavabdeh4 apellyasiya şikayəti üzrə (sonradan buraxılmış prosessual müddət həmin cavabdehə münasibətdə bərpa olunmuşdur) baxılmış, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin apellyasiya icraatı zamanı cavabdeh X1 göndərilmiş məhkəmə bildirişi 05 iyun 2018-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh X2 məhkəmə icraatından əvvəldən də məlumatlı olmuş, yalnız 17.11.2021-ci il tarixdə ərizə işə müraciət edərək qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Apellyasiya şikayəti isə 08.01.2022-ci il tarixdə verilmiş, lakin birinci instansiya məhkəməsi, qətnamənin surətini cavabdehə müvafiq ünvan üzrə göndərməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə və bundan uzun müddət (5 ildən çox) keçməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır (cavabdeh prosessual müddətin bərpasına dair vəsatət verməmişdir). Bundan başqa, MPM-in 73.1-ci və 73.2-ci maddələrinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicəprofilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. MPM-in 74.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Baxılan işdən isə görünür ki, elektron kabinet vasitəsilə göndərilmiş apellyasiya şikayətini cavabdehin nümayəndəsi (vəkili) kimi X3 imzalasa da, onun cavabdehin adından apellyasiya şikayəti vermək səlahiyyətinin olmasını təsdiq edən etibarnamə (həmçinin, order) iş materiallarına əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(011)-2894/2016 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar