Məhkəmə qərarları › İş №2(103)-1902/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1902/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1902/2020 07.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətin nümayəndəsi X1, vəkili X2, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9742/2017 saylı, 17 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Kreditor "xxxx" MMC borclular Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6908 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6908 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 2173 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 faizi həcmində 326 ABŞ dolları cərimə, cəmi 2499 ABŞ dolları və 20 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-2316/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh2 məhkəmə əmrinə etiraz vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-2316/2016 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 2(011)-9742/2017 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli SUM6908 saylı nisyə alqı-satqı müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 2173 ABŞ dolları, cəriməyə görə 30 ABŞ dolları olmaqla, cəmi 2203 ABŞ dolları borc ödənişinin icra edildiyi gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 20 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 9742/2017 saylı 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi bu işlə bağlı hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(1030-7110/2019 saylı 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9742/2019 saylı 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2280,78 manat əsas borc, 50 manat cərimə borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən "xxxx" MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7450/2019-cu il tarixli 28 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7450/2019-cu il tarixli 28 noyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib cavabdehlərdən tələb olunan borcu manatla tutarkən öhdəliyin xarici valyuta ilə müəyyən olunmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməli olmasını, nisyə alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyələnləşdirilmiş şərtlərin pozulmaqla bağlandığı üçün qismən etibarsız əqd olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə qanunun normasını düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Göstərilən vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən qismən etibarsız əqd olması barədə məhkəmə kollegiyasının nəticəsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında şərh edilmiş hüquqi mövqeyi baxımından Mülki Məcəllənin 439-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Müəyyən olunduğu kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və satılan əşyaların dəyəri ABŞ dolları ilə müəyyən olunmuşdur. Həmin müqavilənin 3.3-cü maddəsinə görə ödəniş ABŞ dollarının günlük kursu ilə manatla ödənilir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödəniş vasitəsi ABŞ dolları ilə ifadə edilmiş olsa belə, bu Mülki Məcəllənin 439-cu maddəsinin tələblərinə zidd olmamışdır. Halbuki, müqavilədə ödənişin ABŞ dollarının məzənnəsinə uyğun olaraq manatla ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X5 bildirdi ki, iddiaçı şirkət xaricdən mal alır. Bankdan xarici valyuta ilə kredit alır və həmin pullara xaricdən xarici valyuta ilə mal alır. Həmin krediti də xarici valyuta ilə ödəməli olur. Üstündən 5 il keçsə də cavabdehlərdən heç biri pulu ödəməyib. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 bildirdi ki, onlar iddiaçı şirkətdən mal götürməmişlər. Malı heç digər cavabdeh də götürməyib. Malı Elvin adlı şəxs götürdü və o, da tanış olduğu üçün zamin durdu. Dedi ki, özü vaxtında ödəyəcək. Digər Cavabdeh2 tanımır. Orda tanış oldular. Elvini onunla kursant yoldaşı tanış etmişdi. Həmin dostunun xatirinə də ona zamin durmuşdu. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlar ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli SUM6908 nömrəli “Nisyə alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 ümumi dəyəri 2342 ABŞ dolları olan mal almışdır. Müqavilədə nəzərdə tutulmuş qaydada 169 ABŞ dolları ilkin ödəniş etmişdir. Həmçinin digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə SUM6908 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilməmiş, iddiaçı tərəfindən hər iki cavabdehə pretenziya məktubları göndərilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə yalnız xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə vurula biləcək zərərin qarşısını ala bilərdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn cavabdehin öhdəliyi yaranmışdır. Belə ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ödəməli olduğu ödənişləri tam və vaxtında ödəmədiyindən iddiaçıya borcu yaranmışdır. Ona görə də, iddiaçı ona qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı, iddiaçı xx.xx.2015-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə istinad edərək cavabdehin "xxxx" MMCilə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən mobil telefon aldığını, müqavilənin şərtlərini pozduğunu və nəticədə alqı-satqı qiyməti 2342 ABŞ dolları olan mal üçün ödənilməmiş 2173 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 faizi həcmində 326 ABŞ dolları cərimə, cəmi 2499 ABŞ dollarının xeyrinə tutulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının bu mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Apellyasiya instansiya məhkəməsi, şərh olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün gətirdiyi dəlillər əsaslı və qanuni hesab edilə bilməz. Müqavilənin 3.1, 3.2 və 3.3-cü bəndlərindəki “Malın satış qiyməti 2342 ABŞ dollarıdır. Alıcı malın satış qiymətinin 169 ABŞ dolları qədər hissəsini ilkin ödəniş qismində satıcının xeyrinə ödəyir. Ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır” şərtləri Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Birincisi ona görə ki, “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi, hazırki müqavilələr üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyənləşdirə bilməzlər. Ücüncüsü, müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, mobil telefon təşkil etdiyindən və müqavilənin qiyməti(dəyəri) manatla göstərilməli olduğundan iddiaçı həmin əşyanın ödənişini manatın ABŞ dollarının günlük kursu üzrə tələb edə bilməz. Beşincisi, müqavilənin bağlandığı, yəni xx.xx.2015-ci il tarixə Mərkəzi Bankın məzənnəsinə əsasən 1 ABŞ dolları 1.0496 manat təşkil etmişdir. Həmin məzənnəyə əsasən qalıq borc məbləği 2280,78 (2173 ABŞ dolları x 1.0496 manat) manat təşkil etmişdir ona görə də əsas borc kimi həmin məbləğ cavabdehlərdən alınmalıdır.. Altıncısı, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır(MM.m. 467) . Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldıla bilər və bu azalma bankın həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Ona görə də dəbbə pulu 50 manatadək azaldılması işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsihesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9742/2017 saylı, 17 oktyabr 2017-ci il qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9742/2017 saylı 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2280,78(iki min iki yüz səksən manat, yetmiş səkkiz qəpik) manat və 50(əlli) manat cərimə, cəmi 2330,78(iki min üç yüz otuz manat, yetmiş səkkiz qəpik) alınaraq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza Xəyal Sarıyev Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar