Məhkəmə qərarları › İş №2(103)-1902/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1902/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1902/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X2 iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçınin xeyrinə 23.783,55 ABŞ dolları məbləğində kredit borcu, 3.128,40 ABŞ dolları məbləğində faiz borcu və 4.198,16 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 31.110,11 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Cavabdeh7) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 23.783,55 ABŞ dolları məbləğində əsas kredit borcu, 3.128,40 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27.911,95 ABŞ dolları məbləğdə pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmişdir. 17.10.2016-cı il tarixdə qətnamənin surəti işdə iştirak edən şəxslərə göndərilmişdir. 05.12.2016-cı il tarixdə Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1060/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov, V.Baxışova və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 pulun tutulması, digər cavabdehlərdən əsas və cərimə borcunun tutulması” hissəsində ləğv edilmiş, əsas borcun məbləği 23.675,74 ABŞ dolları, cərimə borcunun məbləği 789,73 ABŞ dolları müəyyən olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 münasibətdə iddia təmin olunmamış, Cavabdeh3 münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın cavabdeh zaminlərə Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8 aid hissədə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1246/2019 saylı, 07.03.2019-cu il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən, məruzəçi), Ə.Mirzəliyev və G.Quliyev) cavabdehin kassasiya şikayəti təmin olunmamış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh1, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 qarşı rədd edilmiş hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/19 saylı, 12 iyun 2019-cu il qətnaməsi ilə (hakimlər X.Cəmilova, İ.Xəlilov və İ.Kərimli) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, 23675,74 ABŞ dolları əsas, 789,73 ABŞ dolları cərimə borcunun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) İddiaçı-nin xeyrinə cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev, İ.Xələfov və Ə.Rüstəmov, 2(102)-7214/19) cavabdeh Həsənova Şərəbanı Bayram qızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iş üzrə digər cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Rəsulova X1 Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehlərin apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, hazırda qətnamədən şikayət verən şəxslər kredit müqaviləsi üzrə zaminlərdir. Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə digər Cavabdeh3 tərəfindən mübahisələndirilmiş, onun və iddiaçı tərəfin şikayətləri əsasında hər üç instansiyada iki apellyasiya, iki kassasiya baxışı olmaqla uzun müddətli məhkəmə çəkişmələri olmuşdur (2016-2019-cu illər). Hətta sonuncu kassasiya şikayəti iş üzrə digər Cavabdeh3 tərəfindən verilərək təmin edilməmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, həmin məhkəmə çəkişmələri zamanı bütün cavabdehlərə məhkəmə bildirişləri və məhkəmə aktları göndərilmişdir. İş materiallarında olan xəbərnamələrdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsində iş birinci apellyasiya baxışında olarkən məhkəmə bildirişləri və məhkəmə qətnaməsi Cavabdeh7, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh5 poçt vasitəsilə çatdırılmış və bu barədə müvafiq xəbərnamələr imzalanaraq iş materiallarına əlavə edilmişdir (i.v. 1-ci cild, 100-101, 123-126, 168-170,180-184). Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qətnaməsi və müvafiq bildirişləri rəsmi qaydada poçt vasitəsilə təqdim edilmiş və müvafiq xəbərnamələr imzalanaraq iş materiallarına əlavə edilmişdir (i.v. 2-ci cild, 03-05, 08-09, 19-23) Belə olan halda, adıçəkilən cavabdehlərin Suraxanı Rayn Məhkəməsinin 14.10.2016cı il tarixli qətnaməsindən xəbərsiz olmaları qeyri-mümkündür. Əksinə, ən azından birinci apellyasiya icraatı zamanı müvafiq məhkəmə bildirişləri onalara təqdim edilərkən mübahisələndirilən qətnamədən məlumatlı olmuşlar. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin adıçəkilən cavabdehlər tərəfindən prosessual müddətin ötürülməsi ilə verilməsi məsələsini araşdırmadan apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti vermə müddəti buraxıldığından apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya prosessual müddət buraxıldığından qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar