Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1905/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd oğlu, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 fevral 2021-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın adından çıxış edən səlahiyyətli nümayəndə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Bank ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 05L000000846 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində xx.xx.2013-cü il tarixdə bağlanmış 05R000010742 saylı “Kredit razılaşması” və ona edilmiş əlavə “Sazişlər” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.775,75 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 8.209,96 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 4.761,05 ABŞ dolları, cəmi isə 19.746,76 ABŞ dolları, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borclu olan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (2(009)-116/2021) ilə iddianın qismən təmin edilməsini, yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.760,20 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 7.812,41 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 677 dolları, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borclu olan Cavabdeh1 tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın və Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-4144/2021) ilə cavabdeh F.Cərovun apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı Bankın verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamənin qismən, yəni “iddianın cavabdeh olan zaminlərə qarşı yönəlmiş hissəsinin təmin edilməməsi barədə” hissəsinin ləğv edilməsini, həmin tələbin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə tutulması qət edilmiş pul məbləğlərinin borcalan olan Cavabdeh1 ilə yanaşı, onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh3 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 2(102)-5714/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh3 aid hissədə ləğv edilməsini və mülki işin həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən hazırki mülki işə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında göstərilən hissədə, yəni iddiaçı Bankın verdiyi apellyasiya şikayətinin Cavabdeh3 aid olan hissədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Apellyasiya baxışının predmeti olan hissədə iddiaçı Bankın iddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3, borcalan olan Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermişdir. Bununla bağlı olaraq Bank ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə 05S000012086 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh3 üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh1 borclu olaraq kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, o, Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Buna baxmayaraq borcalan Cavabdeh1 və zamin Cavabdeh3 öhdəliklərini yerinə yetirməmiş, Banka olan borcu ödəməmişlər. Bu səbəbdən də, Banka olan borc eyni zamanda Cavabdeh3 da tutulmalıdır. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, borcalan Cavabdeh1 zamin duran vaxt söhbət yalnız 20.000 ABŞ dolları məbləğində olan kreditdən gedirdi. Qalan məbləğlərdən, müqavilələrdən və sazişlərdən onun xəbəri olmamışdır. Buna görə də hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh3 üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh1 borclu olaraq kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, o, Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qərara qəbul etdiyi xx.xx.2021-ci il tarixdən sonra işin mübahisəsiz halı kimi qəbul edilir ki, borcalan olan Cavabdeh1 kreditor olan Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan kredit borcunu ödəməmişdir. İşdə olan sənədlərdən görünür ki, Bank, borcun ödənilməsini Cavabdeh1 və Cavabdeh3 tələb etmiş, lakin borc ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərinə baxmayaraq Məhkəmə hesab edir ki, kreditor olan iddiaçı Bankın zamin olan Cavabdeh3 qarşı irəli sürdüyü tələb təmin edilə bilməz. Belə ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli “Kredit xətt müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş”, “Zaminlik müqaviləsi” bağlandıqdan 1 ay sonra, yəni xx.xx.2014-cü il tarixdə Bank ilə Cavabdeh1 arasında “Kredit razılaşması” bağlanmışdır. Qeyd edilən “Saziş” və “Razılaşma” ilə kreditin qaytarılma müddəti və kredit məbləği artırıldığından, kredit məbləğinə hesablanacaq faiz dərəcəsi müəyyən edildiyindən Bank ən azından Cavabdeh3 həmin “Saziş” və “Razılaşma” ilə tanış etməli idi. Çünki “Saziş” və “Razılaşma” ilə kreditin qaytarılma müddəti və kredit məbləği artırıldığından, kredit məbləğinə hesablanacaq faiz dərəcəsi müəyyən edildiyindən Cavabdeh3 Bank tərəfindən həmin “Saziş” və “Razılaşma” ilə tanış edilməli idi. Lakin qeyd edildiyi kimi Bank bu qaydaya əməl etməmiş, tanış etdiyi halda isə bu halı təsdiq edə biləcək sübutu (məsələn: müvafiq aktı və ya “zaminlik müqaviləsinə əlavə barədə razılığı”) məhkəmələrə təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda göstərilən edilən “Zaminlik müqaviləsində” zaminliyin müddəti göstərilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, hazırki apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə, yəni iddiaçı Bankın Cavabdeh3 qarşı yönəltdiyi tələbi təmin etməməkdə haqlı olmuşdur. Müzakirə edilən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. İddiaçı Bankın apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1905/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1905/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver