Məhkəmə qərarları › İş №2(103)-1906/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1906/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1906/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilk iddia üzrə Cavabdeh, qarşılıqlı iddia iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit borcun qaytarılması və qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilk, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə qarşı “qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1046/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

2. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 12-dən gec olmayaraq 16 ay müddətində hər ay 801 manat, sonuncu ay 791.99 manat ödəniş etməlidir.

3. Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2022-ci il tarixli xəbədarlığından görünür ki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka 12362.30 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini 5 iş günü müddətində ödəməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

4. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə, cəmi 12362.30 manat borcu vardır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2023-cü il tarixli, 9/3915 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F nömrəli kredit müqaviləsi üzrə 8360.06 manat əsas, 3260.42 manat faiz, cəmi 11620,48 manat borcu vardır.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

7. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, kolye+qolbaq 74.40 qr., 750 əyar-3800 manat; sırğa 2 cüt, 20.90 qr, 750 əyar-1070 manat; kolye+qolbaq 19.80 qr, 750 əyar-1010 manat; qolbaq 45.80 qr, 750 əyar-2340 manat; sep 35.70 qr, 750 əyar1820 manat olan qızıl-zinət əşyaları 10040 manat dəyərində qiymətləndirilmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir.

9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, qiymətləndirməyə təqdim edilmiş 8 adlı müxtəlif növ qızıl-zinət əşyalarının dəyəri 2019-cu il üçün bazar dəyəri 14.744 AZN, 2024-cü il üçün bazar dəyəri 22.608 AZN müəyyən edilir. Qeyd 1.İddiaçı və cavabdehlə telefon əlaqəsi saxlanılmış və tərəflərin heç birində qızılların olmadığı üçün baxış keçirmək mümkün olmamışdır. Qeyd 2. Qızıl-zinət əşyalarına vizual baxış keçirilmədən yalnız onlara təqdim olunan qramlar, əyyarlar, internet resursları və Mərkəzi Univermaqdan alınmış məlumatlar əsasında qiymətləndirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK0049560-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat, cərimə borcu üzrə 39,78 olmaqla cəmi 12362,30 məbləğində kredit borcunun və ödənilmiş 128 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1621,13 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 894,87 manat olmaqla cəmi 2516,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat, cərimə borcu üzrə 39,78 manat olmaqla cəmi 12362,30 məbləğində kredit borcu vardır.

12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə qarşı “qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək dəyəri 25000 manat olan və cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçındə girov qoyulan qızılların ona qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə borcunu ondan tələb etsə də iddiasını natamam qoymuş, iddia ərizəsində bütün detalları qeyd etməməklə özünə sərf eləyən qətnamənin çıxarılmasına çalışmışdır. Bu səbəbdən də o, hazırkı qarşılıqlı iddia əridəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Belə ki, 2019-cu il tarixdə ona təcili pul lazım olduğu üçün özünə məxsus olan 25000 manat dəyərindəki qızıl-zinət əşyalarını ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh kredit təşkilatına girov qoymaqla 10000 manat borc götürmüşdür. Bundan sonra götürdüyü borc məbləğinin ödənişini hər hansısa problem olmadan vaxtında icra etməyinə baxmayaraq fəaliyyətində baş verən problemlər səbəbindən sonradan kreditin ödənişini həyata keçirə bilmədi. Hətta kredit müqaviləsinin adına və şərtlərinə də nəzər salınsa görülər ki, kredit müqaviləsi təminatlı müqavilə olmuş, lombard krediti formasında girov qızıl qəbul edilməklə ona pul krediti ayrılmışdır. Maraqlıdır ki. ödənişdə çətinlik çəkdiyi üçün o, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə müraciət edərək qızıl təminatının satışa çıxarılması hesabına borcunun bağlanmasını, geri qalan qızılın isə ona geri qaytarılmasını xahiş etsə də kredit təşkilatı bunu etməmiş, əksinə müqavilə üzrə kreditin faizlərinin artmasını gözləmişdir. Burada kredit təşkilatının əsas məqsədi girov qızılı mənimsəmək olmuşdur. Lakin, icraatda olan iş üzrə iddia ərizəsi ilə tanış olduqdan sonra ona məlum oldu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nəinki girov qızıllar hesabına borcu silmək niyyətində deyil, əksinə iddia ərizəsini natamam qeyd etməklə qızılları məhkəmədən gizlətmək və bu yolla onun əmlakını mənimsəmək niyyətindədir. Bu səbəbdən də belə hesab edir ki, girov qoyulan qızılların kredit təşkilatı tərəfindən gizlədilməsi ona zərər vurulması və bu yolla kredit təşkilatının əsassız varlanması niyyəti daşıyır. Məhz bunu nəzərə alaraq, düşünür ki, məhkəmə iddiasını təmin etməli və cavabdeh kredit təşkilatında girov saxlanılan qızılları, bu mümkün olmadıqda isə onun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarmalı və bu yolla ona dəyən zərərin qarşısını almalıdır.

14. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra iddiaçı) müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, "Biznes" məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixii, L-BK-0049560-F-1 saylı Girov müqaviləsi bağlanmaqla Cavabdeh tərəfindən ümumi dəyəri 10400 manat olan qızıl-zinət əşyaları saxlanc girovuna qoyulmuşdur. BOKT "xxxx" MMC-nin zərgəri X3 müxtəlif adamların adına qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. BOKT "xxxx" MMC-nin yazılı məlumatı əsasında Nəsimi rayon Prokurorluğunda cinayət işi açılmış, cinayət işinin ibtidai istintaqı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunmuşdur. X3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaq aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15,11.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 il tarixli, 1(103)-349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdir. X3 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlərdən biri də Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10000 manat məbləğində kreditdir. X1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, Cavabdeh kredit götürməsini təmin etdiyini etiraf etmişdir (hökm, səhifə 8, 16). Cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh şahid kimi işə cəlb olunmuşdur. İstintaqa verdiyi ifadəsində kredit götürülən zaman girov kimi qoyulmuş əşyaların özünə məxsus olmadığını, Cəlil adlı tanışının xahişinə əsasən ona məxsus əşyaları girov qoyduğunu bildirmişdir (hökm, səhifə 36). Daha sonra cinayət işinin məhkəmə istintaqı zamanı Cavabdeh ibtidai istintaqda verdiyi ifadənin əksinə olaraq girov qoyulmuş əşyaların yarısının özünə məxsus olduğunu bildirmişdir (hökm, səhifə 35). Məhkəmə şahid qismində dindirilmiş Cavabdeh məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki hallan ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri-mötəbər, ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab etmişdir (hökm, səhifə 36). Yuxanda qeyd olunanlardan göründüyü kimi Cavabdeh girov qoyduğu əşyaların qızıl olmadığı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Qarşılıqlı iddiadan göründüyü kimi iddiaçının girov qoyulmuş əşyaların növü, çəkisi, qiyməti barədə heç bir təsəvvürü yoxdur. Əks halda girov kimi təqdim olunarkən 10400 manat dəyərində qiymətləndirilmiş əşyalar üçün 25000 manat tələb etməzdi.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1046/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 8360.06 manat əsas, 3260.42 manat faiz, 39.78 manat cərimə, cəmi 11660.26 manat məbləğində pul Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 128 manat dövlət rüsumunun 120.73 manatı dövlət büdcəsinə, 7.27 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10040 manat kimi qeyd olunmuş qızılzinət əşyaları, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində pulun Bank Olmayan Kredit Təşkilatı İddiaçındən alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödəməkdən azad olunduğu 165 manat dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 47.16 manatının Cavabdeh, 2.84 manatının Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim X7).

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı İddiaçı maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə, cəmi 12362.30 manat borcu yarandığı qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borc üzrə 8378,87 manat və faiz borcu üzrə 3943,65 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin əsas borc üzrə 8360.06 manat və faiz borcu 3260.42 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, tutulmalı faiz borcunun məbləği məhkəməmühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyində göstərilmiş əsas borc üzrə 8360.06 manat və faiz borcu 3260.42 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Qeyd olunan girov predmetlərinin saxtalaşdırılması barədə Cavabdeh məlumatı olmamışdır. Məhkəmə iclasında bu halı Cəmiyyətin nümayəndəsi də təsdiq etmişdir. Həmçinin Cavabdeh bununla bağlı cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bank Olmayan Kredit Təşkilatı İddiaçı zərgəri X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mirəhməd Əliyevin təqsirli bilindiyi maddəyə nəzər saldıqda onun yalnız Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilməsi müəyyən olunur. Beləliklə mülki qanunvericiliyin tələbinə əsasən xx.xx.2019-cu il tarixli, L- BK0049560-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə girova qoyulan qızıl-zinət əşyaları MMC də saxlanıldığına görə girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi girov saxlayan Bank Olmayan Kredit Təşkilatı İddiaçı üzərinə düşür. Bundan başqa qarşılıqlı iddia tələbini qəbul etməyən ilk idia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı girovun (qızıl-zinət əşyaların) saxta olduğu müəyyən olunduğu vaxtdan girov müqaviləsinin etibarsızlığı barədə iddia tələbi qaldırmaq hüququ olduğu halda belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmin qızıl-zinət əşyalarının dəyərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir. Odur ki, qızıl-zinət əşyalarının hazırki dəyəri 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində müəyyənləşdirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, qızıl-zinət əşyalarının özü, onlar olmadıqda isə dəyəri 13684.52 manat Bank Olmayan Kredit Təşkilatı İddiaçındən Cavabdeh xeyrinə tutulmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 426-1-ci, 442-ci, 443-cü, 448-ci, 462-ci, 465-ci, 739.1-ci, 269-cu, 280-cı, 283-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88ci, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1046/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı apellyasiya şikayəti ilk iddia ərizəsinin arqumentlərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddianın icraata qəbul olunması tamamilə qanunsuzdur. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaişdə iştirak edən şəxs tərəfindən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bunun yeganə istisnası qarşılıqlı iddianın verilməsi üçün əsasların müddətin keçməsindən sonra əmələ gəlməsi və ya qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamasıdır. Biz məhkəməyə xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə elektron qaydada müraciət etmişlər. Qarşılıqlı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixində keçirilən baxış iclasında verilib, yəni təxminən 246 gün sonra. Məsələnin mahiyyətindən tam olaraq aydın olur ki, qarşılıqlı iddia verilməsi üçün əsas qanunla nəzərdə tutulmuş 20 günlük müddətdən sonra və ya məhkəmənin gedişində yaranmamışdır və müddət cavabdehdən asılı olmayan hallara görə ötürülməmişdir. Odur ki, məhkəmənin qarşılıqlı iddianın icraata qəbul etməsi prosessual hüquq normalarının pozulması halıdır. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə əqdlərin etibarsızlığına dair gəldiyi səhv nəticədir. Belə ki, məhkəmə prosesində Cavabdehla BOKT "xxxx"MMC arasında bağlanmış L-BK-0049560-F-1 saylı girov müqaviləsinin mübahisələndirilən əqd kimi etibarsız olduğunu irəli sürmüşdük. Belə ki, əşyaların həqiqi qızıl olmadığını bildikdən sonra bu barədə cavabdehə məlumat vermiş və girov müqaviləsinin etibarsız olduğunu onu diqqətinə çatdırmışlar. Məhkəmə qətnamədə bu məsələyə münasibət bildirərək, sanki əqdlərin yalnız məhkəmə qaydasında mübahisələndirilməklə etibarsız hesab edilməsi kimi səhv mövqe formalaşdırılmışdır. Məhkəmənin mövqeyi qarşılıqlı iddiaya münasibətdə tamamilə qanunsuz və əsassızdır. Yəni, maddi və prossual hüquq normaları düzgün tətbiq olunmamışdır, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır, bu hallar sübut olunmamışdır və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun deyildir.

20. Qətnamədən ilk iddia üzrə Cavabdeh da apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1046/2023 nömrəli qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində qismən ləğv edərək, qarşılıqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tam olaraq sübuta yetirilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh olan kredit təşkilatı girov götürdüyü əmlaka görə məsuliyyət daşısa da bu öhdəliklərini yerinə yetirməmiş, girov əmlak sonradan hansısa yollarla saxtalaşdırılmışdır. Həmçinin mülki qanunvericiliyin tələblərinə görə girov saxlayan vurduğu zərəri ödəməli, bununla da mövcud vəziyyəti bərpa etməlidir. Lakin, məhkəmənin hazırki qətnaməsi ilə nəinki mövcud vəziyyət bərpa edilmir, əksinə bu qətnamə onların daha çox zərərə məruz qalmağına səbəb olur. Belə ki, əgər qarşılıqlı iddia üzrə cavabdeh ona girova qoyulmuş, qızıl əşyalarını saxlamış olsaydı bu gün həmin qızılların dəyəri 24.000 manata yaxın olacaqdı. Bu isə kredit təşkilatına olan borcun ödənilməsindən sonra yerdə 13.000 manat vəsaiti qalması deməkdir. Hazırki qətnamədə isə qarşılıqlı iddiaçı kimi onlara 13.000 manatın deyil, yalnız 3.000 manatın ödənilməsi nəzərdə tutula bilər ki, bu onun hər hansısa əsas olmadan 10.000 manat itirməklərinə səbəb olur. İddiasının qismən təmin olunması barədə məhkəmə qətnaməsinin istinad etdiyi hal məhz Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli arayışıdır ki, həmin arayışa əsasən,750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136,3 faiz təşkil etmişdir. Məhz bu hala istinad edən məhkəmə nə səbəbdənsə girov predmetinin qiymətləndirilməsi barədə aktda qeyd edilən məbləği əsas götürüb sadə riyazi hesablama aparmış və bunu qətnaməsində qeyd etmişdir. Lakin, maraqlı nüans ondan ibarətdir ki, qeyd edilən arayışda qızılın qiymət indeksinin 136,3 % olduğu qeyd edilsə də hakim hesablamasında bu nisbəti deyil 36,3% nisbətini götürmüş və bu nisbət üzərindən düzgün olmayan hesablama aparmışdır. Hesablamanın bu cür aparılması ilə razı deyil. Məhkəmə qeyd edilən hissədə düzgün hesablama aparmaqla 10040 manatın 136,3% artığını nəzərə almış olsaydı, bu məbləğ 3644,52 manat deyil, 13684,52 manat təşkil edərdi. Qeyd edilən indeksasiya məbləğini, girovun dəyəri ilə topladıqda (10040+13684,52=23.724,52) isə alınan rəqəm əslində iddiasında nə qədər haqlı olduğu açıq-aşkar göstərir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdikləri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 283.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa: girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir, girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər görməlidir. 283.1.3-cü maddəsinə əsasən girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür. 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətlərində qətnamənin qarşılıqlı iddiaya dair hissəsində ləğv edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini qismən təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən həmin hissədə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün girov qoyulmaqla aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə dəyəri 10040 manat olan qızıl-zinət əşyaları (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. MMC-nin zərgəri olan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində hökm çıxarılaraq azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, girov qoyulmuş qızıl-zinət əşyaları qızıl deyil dəmir əsaslı ərintidir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 16 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəlikləri qismən yerinə yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edib, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü hazırki iş üzrə hadisənin olub olmaması hissəsində preyudisial xarakter daşıyır.

34. Belə ki, qeyd edilən hökmlə BOKT "xxxx" MMC-nin zərgəri X3 müxtəlif adamların adına qızıl olmayan biyuteriya əşyalarını qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. X3 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlərdən biri də Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10000 (on min) manat məbləğində kreditdir. X1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, Cavabdeh kredit götürməsini təmin etdiyini etiraf etmişdi. Həmin hökmdən göründüyü kimi X1 istintaqda verdiyi ifadəyə əsasən “....Bundan başqa, Cavabdeh adına 8 noyabr 2019-cu il tarixdə 10.000 manat kredit götürülməsi ilə bağlı qızıl olmayan bijuteriya əşyalarını özünün təqdim etməyinə və kreditin götürülməsində köməklik göstərdiyinə görə Validə Dəmirova vasitəsilə 2.250 manat pul almışdır. Bundan başqa, X4 adına 20 noyabr 2019-cu il tarixdə 9.700 manat kredit götürülməsi ilə bağlı qızıl olmayan bijuteriya əşyalarını özünün təqdim etməyinə və kreditin götürülməsində köməklik göstərdiyinə görə Nəzakət Uluxanova vasitəsilə 2.250 manat pul almışdır. Bundan başqa, X2 adına 4 dekabr 2019-cu il tarixdə 8.750 manat kredit götürülməsi ilə bağlı qızıl olmayan bijuteriya əşyalarını özünün təqdim etməyinə və kreditin götürülməsində köməklik göstərdiyinə görə Əsli adlı qadın vasitəsilə 2.250 manat pul almışdır.” Bundan əlavə Cavabdeh məhkəmədə şahid qismində dindirilərkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək məhkəmə onun məhkəmə istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab etməmişdir. Lakin cavabdehin şahid qismində ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən “....Girov qismində banka təqdim etdiyi qızıl əşyaların saxta olması barədə qətiyyən məlumatı olmamışdır. Əgər qızılların saxta olduğunu bilsəydi bu işə razılaşmazdı. Adına kredit götürülməsinə razılıq verdiyi üçün Cəlil adlı tanışı ona hər hansı məbləğdə pul ödəməmiş, nə də Cəlildən pul istəməmiş, aralarında bu mövzuda heç bir danışıq olmamışdır.”

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, X3 təqsirləndirilməsinə dair cinayət iş üzrə ittiham aktından, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Bakı Apellyasiya Məhkəməsinin qərarından açıq-aydın görünür ki, Cavabdeh kredit götürərkən təminat kimi saxlanc girovuna qoyduğu əşyalar qızıl olmamışdır. Qızıl olmayan biyuteriya əşyalarını girov qismində qızıl kimi qiymətləndirərək kredit götürülməsini təmin etdiyi üçün təşkilatın zərgəri X6 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Onun əməlləri ibtidai istintaqda sübuta yetirilmişdir və təqsirliliyi müvafiq məhkəmələr tərəfindən təsdiq edilmişdir. Belə olan halda sözügedən qanuni qüvvəyə minmiş hökm hazlırki mülki iş üzrə hadisənin olması ilə bağlı hissədə preyudisial xarakter daşıyır. Bu halda kollegiya hesab edir ki, hər hansı qızıl məmulatlarının mövcud olmağı sübuta yetirilmədiyi, əksinə həmin əşyaların ümumiyyətlə qızıl əşyalar olmamaqla dəyərsiz metal əşyalar olduğu halda qarşılıqlı iddianın təmin edilməsi və qızıl olmayan əşyaların qızıl əşyalar qismində qəbul edilməklə onların özlərinin və ya olmadığı halda dəyərinin ilkin iddia üzrə iddiaçıdan qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması əsassız olmaqla təmin edilə bilməz.

36. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1046/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın qismən təmin edilməsi, “tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10040 manat kimi qeyd olunmuş qızıl-zinət əşyaları, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində pulun Bank Olmayan Kredit Təşkilatı İddiaçındən alınıb Cavabdeh verilməsi” hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməli, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1046/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın qismən təmin edilməsi, “tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10040 manat kimi qeyd olunmuş qızıl-zinət əşyaları, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində pulun Bank Olmayan Kredit Təşkilatı İddiaçındən alınıb Cavabdeh verilməsi” hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar