Məhkəmə qərarları › İş №2(103)-1908/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1908/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1908/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1432/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarı altırılaraq xx.xx.2016-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1432/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tərəfindən təhvil alınsa da, apellyasiya şikayəti hazırlandıqdan sonra onun verilməsi ilə bağlı yanlışlığa yol verilmiş, şikayətin elektron verilməsi ilə bağlı tələblə bağlı olan yanılmaya görə, hazır olan şikayət məhkəməyə verilə bilməmişdir. Yalnız bundan sonra asan imza əldə etmək üçün müvafiq müraciət edilmiş və asan imza əldə edildikdən sonra apellyasiya şikayətinin verilməsi mümkün olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulan müddətdə hazırlanmış və məhkəməyə verilmək üçün hazır olsa da, üzrlü səbəbdən bu mümkün olmamış, səbəbin aradan qaldırılması üçün mümkün olan ən qısa müddətdə müvafiq hərəkətlər edilərək apellyasiya şikayəti məhkəməyə ünvanlanmışdır. Yuxarıda qeyd edildiyi kimi, üzrlü səbəblərdən apellyasiya instansiya məhkəməsinə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmışdır. Hal-hazırda Nizami Rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün zərurət yaranmışdır.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1432/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında cavabdehin tələbi rədd edilən zaman prosessual qanunvericiliyin müddəaları nəzər alınmamışdır. Buna görə də əsassız olaraq cavabdehin prosessual hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizədə üzrlü səbəblər ətraflı və geniş formada şərh edilməsinə baxmayaraq, bunun üçün qanunda müəyyən edilmiş “üzrlü səbəb”lər anlayışının konteksti nəzərə alınmamışdır.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1432/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1432/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli məktubuna “Qəbul etdim. Məmmədov Rəhman” qeyd edilməklə və imzalanmaqla onun tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən qəbul edildiyi göstərilmişdir.

14. Lakin apellyasiya şikayəti cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə verilməmiş, xx.xx.2023-cü il tarixdə, yəni 2 ay 22 gün sonra apellyasiya şikayəti elektron kabinetinə yerləşdirilmişdir.

15. Kollegiya qeyd edir ki, qanunvericilikdə qətnamədən şikayət verilməsi üçün işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddət nəzərdə tutulmuşdur ki, bu müddət də cavabdehin bildirdiyi kimi asan imzanın alınması və şikayətin elektron qaydada verilməsi üçün yetərli müddət hesab edilir.

16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

18. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1432/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar